İstanbul Yeniqapı mitinqi

Türkiyə siyasətində yeni era başladı

991
(Yenilənib 12:45 08.08.2016)
Yılmaz Altınsoy: Xalqın gözündə müxalifətin imici müsbət mənada dəyişib.

BAKI, 8 avq — Sputnik. "Türkiyə siyasəti son 10 ildə sanki boğunuq bir hala düşmüşdü. Partiya rəhbərləri bir-biriləri əleyhinə o qədər sərt ifadələr işlədirdi ki, onların nə vaxtsa bir araya gəlib, birləşəcəyinə heç kim inanmırdı".

Bunu Sputnik-ə açıqlamasında Türkiyəli jurnalist-yazar Yılmaz Altınsoy deyib. Fərqli siyasi görüşlərə sahib yüz minlərlə insanın iştirakı ilə dünən İstanbulda keçirilən mitinqi şərh edən

Y.Altınsoy, 15 iyulda baş verən çevriliş cəhdinin iqtidar və müxalifəti birləşdirdiyini qeyd edib:

"Bizdə bir atalar sözü var: "Bir müsibət, min nəsihətdən yaxşıdır". Təəssüf ki, belə də oldu. 15 iyul gecəsi yaşanan qətliam, dövlətin suverenliyinin təhlükəyə altına düşməsi siyasətçilərimizi yuxudan ayıltdı. Bu müsibət iqtidar və müxalifəti birləşdirdi".

Jurnalistin sözlərinə görə, mövcud durum ölkənin siyasi gündəminə mütləq öz təsirini göstərəcək.

"Artıq geriyə yol yoxdur. Bu millət mənfəət güdən populist çıxışlardan bezib. Siyasətçilər özləri də dünən etiraf etdilər ki, onlarda da günah çoxdur. Artıq hər kəs əlini yükün altına qoymalı, danışıqlarına diqqət etməlidir. Mənə elə gəlir ki, dünən verilən birlik və bərabərlik mesajları 2019-cu ildə keçiriləcək parlament seçkilərinə də təsir edəcək. Xalqın gözündə müxalifətin imici müsbət mənada dəyişib. Düşünürəm ki, gələn seçkilərdə onların da səs faizi yüksələcək. Hətta bir koalisiya hökuməti də qurula bilər", — deyə Yılmaz Altınsoy əlavə edib. 

Mövzuya Vətəndaş Həmrəyliyi Partiyasının lideri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı da münasibət bildirib:

"Türkiyədə milli ruhun yüksəlməsində, türk xalqının gücünü, qüdrətini, öz tarixi missiyasını hiss eləməsində dünənki mitinq əvəzsiz rol oynayacaq. Bu mitinq, siyasi partiyalar arasındakı dialoqun daha səmimi, daha sivil müstəviyə keçməsinə təsir edəcək. Çünki indiyə kimi, siyasi dialoq adı altında təhqiramiz ifadələr, qarşılıqlı ittihamlar səslənirdi. Zənnimcə, bu bir az azalacaq".

Siyasi lider daha sonra qeyd edib ki, Türkiyəni içəridən çökdürmək, bu ölkənin siyasi xəritəsini, dünyəvi dövlət quruluşunu dəyişdirmək istəyən qüvvələr anladılar ki, türk xalqı oyaqdır və onların bu arzusuna imkan verməyəcək: "Samsundan Hataya, Diyarbəkirdən Ədirnəyə qədər bütün şəhərlərdə eyni anda keçirilən mitinqlər bunu bir daha nümayiş etdirdi."
Xatırladaq ki, dünən İstanbulun "Yenikapı" meydanında "Demokratiya və şəhidlər" şüarı ilə yüz minlərlə insanın iştirak etdiyi ümumxalq mitinqi keçirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, CHP lideri Kemal Kılıçdaroğlu, MHP sədri Dövlət Baxçalı, baş qərargah rəisi Hulusi Akar başda olmaqla ordu komandanlığı, eləcə də ölkənin əsas vəzifəli şəxsləri, sənət dünyasının məşhurları mitinqə qatılıblar.

İqtidar və müxalifətdən olan siyasi liderlər, baş qərargah rəisi, ölkənin baş naziri və prezidenti kütlə qarşısında çıxış edərək birlik, bərabərlik, demokratiya və Atatürk ənənələrinə sadiqlik mesajları veriblər.

991
Teqlər:
MHP sədri Dövlət Baxçalı, CHP lideri Kamal Kılıçdaroğlu, "Demokratiya və şəhidlər" şüarı, Yenikapı, Baş Qərargah rəisi Hulusi Akar, Türkiyənin baş naziri Binali Yıldırım, İstanbul, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
İstanbulda keçirilən "Demokratiya və şəhidlər" mitinqi sona çatıb
İstanbulda nəhəng mitinq keçirilir
Bu gün İstanbul mitinqinə 5 milyon adamın qatılacağı gözlənilir
Qarabağda zərərsizləşdirilmiş minalar, arxiv şəkli

Dağlıq Qarabağın minalardan təmizlənməsinin perspektivləri

72
(Yenilənib 08:23 26.11.2020)
Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gələcək.

BAKI, 25 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Son döyüş əməliyyatları zonasının və Dağlıq Qarabağın digər torpaqlarının minalardan təmizlənməsi yüzlərlə kvadrat kilometrlik ərazidən partlayıcı maddələrin tədricən kənarlaşdırılması deməkdir ki, bu da böyük maddı vəsait (milyonlarla dollar) və onilliklər boyu ağır zəhmət tələb edir. Yalnız bundan sonra həmin torpaqlardan təsərrüfat məqsədilə istifadə etmək mümkündür.

Minalanmış sahələr, partlamamış hərbi sursatlar və əldəqayırma partlayıcı qurğular münaqişədən sonrakı istənilən ərazidə əsas problem hesab olunur. Buna ən son nümunə kimi noyabr ayının 23-də Azərbaycanın Tərtər rayonu ərazisindəki Suqovuşan kəndində baş vermiş hadisəni göstərmək olar. Keçmiş münaqişə zonasında hər gün mülki şəxsləri, hərbçiləri, sülhməramlıları, könüllüləri və xilasediciləri bu cür təhlükələr gözləyir.

Noyabrın 23-də RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin 100-dən çox hərbçisi, habelə 13 hərbi və xüsusi texnika vahidi Yerevana göndərilib. Mühəndislik bölmələri noyabrın 24-də İrəvan - Gorus – Xankəndi marşrutu üzrə hərəkət ediblər. Qabaqcıl könüllülər bölməsi isə artıq noyabrın 23-dən Dağlıq Qarabağda ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsinə başlayıb.

Prioritet vəzifə - sülhməramlıların yerləşdirmə nöqtələrinin, postlar arası hərəkət marşrutlarının və ayrı-ayrı infrastruktur obyektlərinin minalardan təmizlənmənin dərhal həyata keçirilməsidir.

Rusiyalı könüllülər yalnız bir sahədə 30-a yaxın tank əleyhinə mina zərərsizləşdiriblər. Bir qayda olaraq, aşkar edilmiş hərbi sursat xüsusi poliqonda və ya ərazidə partladılaraq məhv edilir.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri bu çətin və gərgin işə Birləşmiş Millətlər Təşkilatının (BMT) mina əleyhinə standartlarına uyğun olaraq hazırlanıblar. Onların sərəncamında bu sahə üzrə ən son texnika – IMP-S2 mina dedektorları və "Uran-6" robot sistemləri var.

Müasir axtarış cihazları və qoruyucu vasitələr Dağlıq Qarabağdakı rus hərbi qulluqçularının, həmçinin digər hərbçilərin və mülki əhalinin sağlamlığı və həyatı üçün riskləri azaltsa da, istisna etmir.

Missiyanın çətinliyi

Müasir yerli və regional münaqişələr döyüş əməliyyatlarının daimi xarakteri, eyni zamanda, birbaşa əməliyyat zonasında və ona bitişik ərazilərdə minalanmış sahələrin, yol kənarlarına basdırılmış bombaların, mina tələlərinin və digər "sürprizlərin" geniş yayılması ilə fərqlənir. Taktiki cəhətdən təsdiqlənmiş, eşelon yerləşdirilməklə möhkəmləndirilmiş (məsələn, yüz kilometrlik cəbhə xətti boyunca) müdafiənin təşkili üçün çox sayda qoşun və resursa sahib olmayan münaqişə tərəfləri alt birlikləri və hərbi texnikanı ayrı-ayrı sahələrə cəmləşdirir və aradakı "boşluqları" da minalarla doldururlar.

Qarabağda, əsasən, keçmiş sovet istehsalı minalardan - tank əleyhinə TM-62 və piyadalar əleyhinə PMN-2-dən istifadə olunub. Bununla yanaşı, həmin partlayıcıların yerləşdirildiyi ərazilərin xəritə-sxemləri çox vaxt, necə deyərlər "diz üstündə" tərtib edilir və sonrdan tez-tez itirilir. İqlim dəyişmələrinin təsiri ilə minalar zamanla sıradan çıxır və minalanmış sahələr "yenilənir".

Çox güman ki, münaqişə tərəfləri yeni minalanmış sahələrdəki partlayıcı hərbi sürsatı heç bir problem olmadan aradan qaldıracaqlar. Lakin bölgədə münaqişə uzun illər boyunca davam etdiyindən, bütün minalanmış sahələrin dəqiq yerini heç kim bilmir. Çoxlu sayda partlamamış və ya döyüş vaxtı tərk edilmiş top mərmiləri isə ayrı bir problemdir. Qarabağ torpağında minlərlə belə partlayıcı obyekt var.

Bir qədər bundan əvvəl Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəhbəri Qəzənfər Əhmədov Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gəldiyini bildirmişdi. Abxaziya və Cənubi Osetiya ərazilərinin minalardan təmizlənməsi təcrübəsi (orada hələ görülməli çox iş var) Qarabağdakı vəziyyətin qlobal miqyasını təsdiqləyir.

Səylərin birləşdirilməsi

BMT-nin Ərazilərinin Minalardan Təmizləmə Xidməti (UNMAS) bu məqsədlə yalnız keçən il 19 ölkəyə (o cümlədən, İraq, Əfqanıstan və Suriyaya) təqribən 495 milyon dollar vəsait ayırıb. Həmin vəsaitlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsinə yönəldilməsi mümkündür.

UNMAS-dan verilən məlumata görə, missiya dekabrın əvvəllərindən etibarən Qarabağda fəaliyyətə başlayacaq. Hər şeydən əvvəl mütəxəssislər dağlıq və meşəlik ərazilərin çətin şəraitində işin həcmini qiymətləndirəcəklər. Yəqin ki, könüllülərin birgə beynəlxalq səyləri qaçqınların münaqişədən sonra bölgəyə qayıtmasını sürətləndirəcək. BMT-nin Baş katibi Antonio Quterreşin bu məsələdə tutuduğu mövqe ümidləri bir az da artırır. O bəyan etmişdi ki, əldə olunan atəşkəs humanitar təşkilatların münaqişə nəticəsində zərər çəkmiş mülki əhali ilə təmasına imkan verəcək. Quterreş, həmçinin Dağlıq Qarabağda Rusiya ilə əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını da bildirmişdi.

72
Teqlər:
münaqişə, Gorus, Xankəndi, RF Müdafiə Nazirliyi, partlamamış hərbi sursatlar, Dağlıq Qarabağ, minalardan təmizlənmə
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovdan kilsələrlə bağlı fransızlara tərs şillə

203
(Yenilənib 14:35 25.11.2020)
Azərbaycanın xarici işlər naziri deyib ki, vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın "Le Point" jurnalına müsahibə verib. Müsahibədə nazir üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qarabağda birgə yaşayışa zəmanət və digər sualları cavablandırıb.

Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:

- Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?

- BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər.

- Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?

- Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu. Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi.

Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.

- Qərb ölkəsi olan iki həmsədr Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk Qrupu faydasız oldu?

- Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaq.

- Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?

- Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda.

- Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?

- Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur.

- Bu müharibədə Türkiyənin Azərbaycana pilotsuz təyyarələr və Suriyalı muzdlular daxil olmaqla köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmir?

- Azərbaycan ordusunu gücləndirən amillər silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq etmişdir. Türkiyə həmişə haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış etmişdir. Suriyalı muzdlular barədə bu hekayəyə gəldikdə isə, biz bir neçə dəfə təkrarladıq və prezidentimiz bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayanlar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qruplaşmalara ehtiyacımız yoxdur.

- Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Dadivank monastırı ilə nə olacaq?

- Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələri dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etmişdir.

- Son bir neçə həftə ərzində aparılmış müharibədə xristianlarla müsəlmanlar arasında dini qarşıdurma epizodu olubmu?

- Ermənistanla Azərbaycan arasındakı dini münaqişə deyil və heç zaman belə olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçılarının əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir.

- Nə üçün Azərbaycanın Silahlı Qüvvələri Şuşadakı kimi kilsələr də daxil olmaqla, mülki binaları və məktəbləri bombaladı?

- Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan Ordusu legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv olduğunu və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik.

- Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində bir Ermənistan suverenliyini tanımağa hazırdırmı?

- Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir. Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

- Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgə yaşayışa necə zəmanət verə bilər?

- Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır.

- Atəşkəs elan edildikdən sonra Prezident Əliyev niyə ermənilərin "itlər kimi" qovulduğunu iddia edərək təhqiredici şərhlər etdi?

- Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şubhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.

203
Teqlər:
Ermənistan, ermənilər, erməni, Bakı, kilsə, Fransa, Azərbaycan xarici işlər nazirliyi, təhsil naziri Ceyhun Bayramov, Ceyhun Bayramov
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi