Bank müştəriləri

Bağlanan banklardakı əmanətlər bata bilər, amma kreditlər qaytarılmalıdır

310
Ekspertlərin fikrincə, bankların bağlanması əhalidə bank sektoruna inamın azalmasına səbəb olur. İnamın azalması da digər banklarda olan əmanətlərin geri çıxarılmasına gətirib çıxarır.

BAKI, 26 iyul — Sputnik. "Məndə olan məlumata görə, bağlanan 4 bank üzrə qaytarılacaq əmanətlərin ümumi məbləği 130 milyon manatdır. Həmin banklardakı əmanətlər ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb və onlar qaytarılacaq".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bunu Sputnik-ə açıqlamasında bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunda 30 milyon manat var və 1 milyon manat da Mərkəzi Bankdan borc alınacaq: "Yerdə qalan digər əmanətlər isə batacaq".

"O ki qaldı bağlanan banklara kredit borcu olan vətəndaşlara, həmin şəxslər kreditlərini olduğu kimi qaytaracaqlar. Bu şəxslərlə bağlı ya xüsusi ləğvetmə komissiyaları yaradılacaq, ya da kredit borcları digər banklara yönəldiləcək", — Ə. Həsənov vurğulayıb.

İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik-ə açıqlamasında, banklar bağlansa da, vətəndaşların kredit borclarını qaytarmalı olduqlarını deyib: "Banklarda krediti olanlarda belə düşüncə formalaşıb ki, bank müflis olursa, krediti qaytarılmayacaq. Bu, belə deyil. Bank bağlansa da, müştəri banka olan borcunu müqaviləyə uyğun olaraq qaytarmalıdır".

Vüqar Bayramov
Vüqar Bayramov

"Bank müflis olduqdan sonra, kredit müqaviləsinə dəyişiklik etmək və ya faizi artırmaq hüququ yoxdur. Yalnız vətəndaşla razılaşarsa, bu, mümkün ola bilər. Vətəndaşın girovu varsa və vətəndaş kreditini vaxtı-vaxtında ödəyirsə, girov geri qaytarılacaq", — iqtisadçı qeyd edib.

V. Bayramov bildirib ki, bankların bağlanması əhalidə bank sektoruna inamın azalmasına səbəb olur: "İnamın azalması digər banklarda olan əmanətlərin geri çıxarılması, vətəndaşlarda narahatçılığın yaranmasına gətirib çıxarır. Bu da iqtisadiyyata mənfi təsir göstərə bilər".

Xatırladaq ki, bir neçə gün öncə 4 bankın ("Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC) fəaliyyəti dayandırıldı. Lisenziyaları ləğv edilən bu banklarda əmanəti olan vətəndaşlar narahat, onlara kredit borcu olanlar isə tərəddüd içərisindədirlər.

310
Teqlər:
Vüqar Bayramov, Əkrəm Həsənov, vətəndaş, borc, kredit, əmanət, bank
Əlaqədar
Bankların ağır cinayəti ortaya çıxdı - Mərkəzi Bank da işin içindəymiş
Azərbaycanda 4 bank bağlandı
Banklarımızı necə xilas edək?
Azərbaycanda əhalinin ən çox narazılığına səbəb olan bank
"Mərkəzi Bank çevik addım atmasa, manatın durumu pis olacaq"