Əlində sınmış ürək formasında kağız parçası tutmuş qadın. Arxiv şəkli

Həyəcan təbili: Azərbaycanda dağılan ailələr qurulan ailələri üstələyib

113
Sosioloq: Son dövrlər Azərbaycan əhalisinin ailə barədə təsəvvürü dəyişməyə başlayıb.

BAKI, 8 iyul — Sputnik. Azərbaycanda nikaha daxil olanların sayı əhəmiyyətli dərəcədə azalıb. Ötən il ölkəmizdə 68 min 773 nikah qeydə alınıb ki, bu da son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir. Bunun müqabilində isə, ölkədə dağılan ailələrin sayı sürətlə artır. Qeydə alınan boşanmalar əvvəlki illərlə müqayisədə üstünlük təşkil edir.

Görəsən nikaha daxil olmaq istəyənlərin sayı hər gün niyə bir az daha azalır və boşanmalar niyə getdikcə artır?

Sputnik-in məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu ATV-yə bu problemin cəmiyyətdə gedən proseslərlə bağlı olduğunu bildirib:

"Ailələrin dağılmasında mənəvi amillər çox mühüm rol oynayır. Son dövrlər Azərbaycanda əhalinin ailə barədə təsəvvürü dəyişməyə başlayıb. 30-40 il bundan əvvəl ailə Azərbaycan vətəndaşı üçün zəruri idisə, indiki vaxtda bu dəyərlər dəyişib. Müasir gənclərin ailə barədə təsəvvürlərini 30-40 il bundan əvvəlki fikirlər ilə müqayisə etmək çətindir. Əvvəllər qurulan ailələr çox nadir hallarda dağılardı. Boşanmaq cəmiyyətdə qeyri-adi hal kimi qarşılanardı. İndi isə insanlar buna adi hal kimi yanaşır. Ona görə də, indi qurulan ailələr tez dağılır.

Digər bir tərəfdən, ailə qurarkən fiziki sağlamlığı nəzərə almaq lazımdır. Çox təəssüf ki, son dövrlər xüsusilə gənclərimiz arasında fiziki cəhətdən ailə qurmaq üçün vacib olan mühüm amillərlə bağlı problemlər çoxalmağa başlayıb. Bu da ailə qurmağa təsir edən əsas problemlərdən biridir".
Sosioloq bütün bunları xoşagəlməz hallar kimi dəyərləndirib:

"Ailə cəmiyyətin bir özəyidir. Ailələrin möhkəm olduğu cəmiyyət daha möhkəm olur. Bu baxımdan, məsələyə diqqət artmalıdır."

113
Teqlər:
boşanma, Əhməd Qəşəmoğlu, ailə, Azərbaycan, nikah
Əlaqədar
Yaxın qohumların bir-biri ilə ailə qurması qadağan edildi
Ailə Məcəlləsinə dəyişiklik edilə bilər
Azərbaycanda beynəlmiləl ailə: özü rus, əri lak, gəlini avar, kürəkəni azərbaycanlı...
Bir ailə - bir uşaq qanunu ləğv edilir
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

21
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

21
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi

178
(Yenilənib 11:09 29.11.2020)
Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 28 noyabr — Sputnik. Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

21-ci əsrdə hərbi əməliyyatlar "ucuz" və "qəzəbli başla alınan qərarlar" əsasında təşkil oluna bilməz. Qarabağda baş verən son hadisələr bunu bir daha təsdiqlədi. Hər nə qədər müharibənin gedişatına Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA-lar) mühüm töhfə versə də, Azərbaycanın qələbə qazanmasında bu dövlətin bütövlükdə hərbi təşkilat sistemi, o cümlədən, müdafiə sənayesi potensialı, silah ehtiyatları və logistik imkanları həlledici rol oynadı. Beləliklə, Qarabağ münaqişəsi Türkiyənin "Bayraktar TB2" dronlarının havada qazandığıı uğrurla yanaşı, erməni tərəfinin yerdəki müdafiəsinin zəif təşkilini də ortaya qoydu.

Dağlıq Qarabağda atəşkəsin əldə olunmasından sonra media məkanında müharibənin yekunları ilə bağlə bir sıra məqalələr yer aldı. Bu məqalələrdə əksini tapan fikirləri iki cümlə ilə ümumiləşdirmək mümkündür:

- Azərbaycan ona görə qalib gəldi ki, onun Türkiyə istehsalı olan PUA-ları var idi, Ermənistan isə belə texnikaya sahib deyildi.
- Rusiyanın ağır hava hücumundan müdafiə sistemləri müasir "dron döyüşlərində" qətiyyən işə yaramır.

Bu cür sadələşdirilmiş yanaşma mütəxəssislərin nisbətən mücərrəd hərbi-texniki bilikləri ilə yanaşı, erməni hərbi texnikasının və döyüş heyətinin məhv edildiyini göstərən kadrların çoxluğu ilə də izah olunur. Üstəlik, həm "Bayraktar", həm də Azərbaycan Ordusunun Qarabağdakı istifadə etdiyi digər PUA-lar tərəfindən lentə alınmış videolar düyüşlərin lap əvvəlindən etibarən düşmənə sarsıdıcı mənəvi zərbə vurmağı bacardı.

Ancaq hər bir halda, döyüş sahəsindəki canlı qüvvə və texnikanın məhv edilməsində reaktiv yaylım atəşi sislemləri (RYAS) və artilleriya hissələri daha mühüm rol oynayır və artilleriyanın döyüş gücü PUA-larla müqayisədə dəfələrlə çoxdur. Məsələn, Pentaqon uzun illərdən bəri Əfqanıstan səmalarına hakim olsa da, hələ də yerdəki Talibana qalib gələ bilmir.

Ermənistanın 60-ci illərdən qalma texnikası

Düzgün təşkil edilmiş hava hücumundan müdafiə sistemi qarşı tərəfin pilotsuz təyyarələrini zərərsizləşdirməyə qadirdir və radielektron kəşfiyyat vasitələri bir neçə saniyə ərzində hərbi sursatların döyüş nəzarət nöqtələrinin koordinatlarını əldə etməyə (atəşi susdurmaq üçün) imkan verir. Bununla belə, Qarabağda adda-budda yerləşdirilən erməni qoşunlarının vahid hava hücumundan müdafiə sistemlərinin etibarlı müdafiəni təşkil edə bilməməsi yalnız həmin sistemin "köhnəlmiş" xüsusiyyətləri ilə deyil, həm də təşkilati səviyyədə yol verilən nöqsanlarla izah olunmalıdır. Qeyd edək ki, Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdə "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi. Daha müasir komplekslər olan "Tor-M2KM" (qısa mənzilli) və "Buk-M2E" (orta mənzilli) isə yalnız İrəvanı və Metsamor atom elektrik stansiyasının müdafiəsinə cəlb olunmuşdu.

Ermənistan tərəfinin daha bir problemi – kamuflyaj vasitələrinə etinasızlıqla bağlı idi, ayrı-ayrı obyektlər, sanki "Gəl məni vur" deyə bağırırdılar. Qeyd edək ki, qərargah çadırının birbaşa vurulması bir neçə döyüş vahidini idarəolunmaz vəziyyətə düşməsinə gətirib çıxara bilər ki, bu da döyüş meydanında yüzlərlə, hətta minlərlə əsgərin itirilməsinə bərabərdir.

Digər tərəfdən, 1990-cı illərdə qazanılan qələbə Qarabağda erməni ordusunun məğlubedilməzliyi barədə mif yaratmışdı. Araz çayından Murovdağ silsiləsinə qədər 100 kilometrlik cəbhə xəttində ermənilərin ciddi mühəndis qurğularının olmamasını yalnız bununla izah etmək mümkündür. Açıq səngərlər, atəş nöqtələri, ayrı-ayrı blindajlar – keçən əsrin əvvələrindən qalma istehkam nümunələridir.

Erməni tərəfi uzunmüddətli atəş nöqtələrinə (dəmir betondan hazırlanmış) və yeraltı rabitə şəbəkəsinə də qətiyyən əhəmiyyət verməyib, halbuki bunun üçün kifayət qədər – təxminən 30 il vaxtı var idi. Özü də bu iş çox böyük vəsait tələb etmir. Bu məqamda Suriyada minimum texniki imkanlarla uzun tunellər tikildiyini yada salmaq olar. Elə isə sual olunur: baş nazir Nikol Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi? Yaxud müdafiə naziri David Tonayanın "Yeni müharibə vəziyyətində yeni ərazilər" konsepsiyası hansı hərbi gücə əsaslanırdı?

Dağlıq Qarabağda döyüşlərin yenidən qızışdığı 27 sentyabrda Ermənistanın hərbi potensialı Azərbaycan tərəfinin hərbi gücündən bir neçə dəfə aşağı idi.

Suriya və Liviya təcrübəsi

Rusya Hava Hücumundan Müdafiə sistemlərinin türk PUA-ları ilə müqayisə mövzusuna qayıtsaq, Suriya və Liviyanın hava məkanında "Tor-M2KM", "Buk-M2E" və "Sosna" Zenit Raket Komplekslərindən (ZRK) yüksək peşəkarlıqla istifadəsini yada salmaq lazımdır.

"Tor-M2KM" kompleksi atəş məsafəsi 15 km-ə qədər və tutub-saxlama hündürlüyü 10 km-ə qədər olan gizli hədəfləri (Elektron paramaqnit rezonansı 0,02 kvadrat metrə qədər olan) aşkar edib vurmaq qabiliyyətinə malik səkkiz raketlə təchiz edilib. Bu sistem eyni anda 48 hədəfi müəyyənləşdirə, 10 hədəfi izləyə və 4 hədəfi sıradan çıxara bilir.

"Buk-M2E" kompleksinin maksimum atəş məsafəsi 45 kilometrdir. Sistem 15 metrdən 25 kilometrə qədər hünüdürlükdəki hədəfi tutub-saxlaya bilir. 2,5 Maxa qədər sürətlə aerodinamik hədəfləri və 4 Maxa qədər sürətlə ballistik hədəfləri vurmağa qadirdir. Eyni anda 24 hədəfə (o cümlədən, Elektron Paramaqnit Rezonansı 0,05 kvadrat metrə qədər olan və çətinliklə seçilən obyektlərə) atəş aça bilir.

"Sosna" zenit-raket kompleksi qanadlı raketləri və pilotsuz təyyarələri 12 km-ə qədər məsafədə görür. Ttəminatlı məğlubiyyət zonası: mənzili – 1,3-10 km, hündürlüyü – 2 metrdən 5 km-ə qədərdir. Atəşin idarə olunması sistemi optik-elektronikdir və kompleks özünü hər hansı bir radiasiya ilə büruzə vermir. ZRK günün istənilən vaxtında, istənilən havada, heyət üzvlərinin iştirakı olmadan avtomatik rejimdə işləyə bilir.

Sülhməramlı əməliyyat çərçivəsində Rusiya radielektron müharibəsində ən yeni kompleks hesab olunan "Leer-3" sistemini Dağlıq Qarabağa göndərib. Bu sistemin əsas vəzifəsi 3G və 4G şəbəkələrinin GSM mobil siqnallarını kəsməkdir. Kompleks bir KaMaz avtomobili və 120 kilometr radiusa malik iki-üç "Orlan"-10 PUA-sından ibarətdir. Pilotsuz uçuş aparatı telefonları, planşetləri aşkarlaya, kəşfiyyat apara, məlumatı rəqəmsal xəritəyə qeyd edərək atəş açılması üçün artilleriya qruplarına ötürə bilir.

Qarabağ münaqişəsi həll edilmədi, yenidən donduruldu, bu isə o deməkdir ki, müasir kəşfiyyat və hava hücumundan müdafiə sistemləri əhəmiyyətini qətiyyən itirməyib.

178
Bakıda uşaqlar, arxiv şəkli

"Beşik kəsdi", "qoy qazancımız özümüzünkünə qismət olsun" anlayışları sağlam nəsilə qarşı

3
Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. "Qohumlar arasında bağlanan nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, qeyd edib ki, bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

Azərbaycanda qohum evlilikləri tarix boyu olub. Ailə bağlarını möhkəmləndirmək, hər iki ailəyə aid var-dövlətin itirilməməsi və ya gücləndirilməsi, böyüklərin təzyiqi və ya sevgi halları qohum evliliklərinə səbəb olur.

Sosioloq Tərlan Tağlyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə nikahların bağlanılması çox vaxt fəsadlarla nəticələnir. 1-ci və 2-ci dərəcəli qohumlar daha risklidir: "Bacı-qardaş, bacı-bacı, qardaş-qardaş uşaqları 1-ci dərəcəli, bacı-qardaş nəvələri isə 2-ci dərəcəli qohum sayılırlar. Məsləhət görülürki 4-cü nəsilə kimi qohum evlilikləri olmasın. Artıq 7-ci nəsil yad insanlar sayılır. Çünki 7-ci nəsilə kimi qohumlar arasında nikah halları olmayıbsa artıq gen dəyişmiş olur".

Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir. Gen ağacı qurub xəstəliklərə nəzər salsaq və genetik xəstəliklərin olduğunu və yaxud belə xəstəliklərin daşıyıcısı olan qohumları və tərəfləri aşkarlasaq, bu zaman ehtimal daha da çoxalır.

"Xromosom çatışmamazlığı, əzələ boşluğu, əqli çatışmamazlıq, talassemiya, hemofiliya, şəkər, ürək-damar və s kimi xəstəliklərlə uşaqlar dünyaya gələ bilir. Adətən belə durumlarda uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın az çəki ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Uşaq sağlam da dünyaya gələ bilər, lakin sonradan fəsadlar ortaya çıxa bilir. Təbii ki, bu hallar bütün qohum evliliklərinə aid deyil. Bunun üçün nəsildə genetik xəsdəliklərin olmadığından əmin olmaq lazımdır. Mütləq şəkildə evlənməyə qərar vermiş şəxslər tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələri müsbət deyilsə onların evlənmələri məsləhət görülmür. Belə evliliklərin qarşısını almağa çalışsaq da qeyri rəsmi, nikahsız yaşayanların sayı artacaq", - deyə o bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin 12%-ni qüsurlular təşkil edir. Belə əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Xarici ölkələrə nəzər salsaq görürük ki, qohum evliliyini dəstəkləyən və dəstəkləməyən ölkələr var.

Məsələn, Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvədədir.

Katoliklər 4-cü nəslədək qohumların nikahlarına imkan vermirlər. Onlara görə 4-cü nəslə qədər evlilik insest (yəni ailədaxili yaxınlıq) sayılır.

Türkiyə şərq ölkələri arasında daha çox qohum evlilikləri olan ölkələrdə ön sıradadır. Bu ölkədə hər 100 evlilikdən 15-i qohumlar arasında olur.

Danimarka isə əngəlli uşaqların doğulmasının qarşısını almaq üçün qanunların sərtləşdirilməsini təklif edib. ABŞ-ın 24 ştatında qohum evliliyi qadağan olunub. Hindistanda isə bu hal daha geniş yayılıb. Almaniyada belə hallara az rast gəlinir.

T. Tağıyeva bildirib ki, araşdırmalar göstərir ki, yaxın qohum evliliyindən doğulan hər 10 uşaqdan 8-i fiziki və yaxud zehni əngəlli anadan olur: "Hal belə olan zaman belə bir sual ortaya çıxır. Bəs dini baxışlara görə qohum evliliklərinə yanaşma necədir? Quranda qohum evlilikləri qadağan edilməyib. Lakin məsləhət görülür ki, sağlam övladlar dünyaya gətirmək üçün bu cür evliliklərə üstünlük verilməsin. Qohum evliliklərinin müsbət tərəfləri də vardır. Məsələn, ailədə olan istedadların belə nikahlardan dünyaya gələn uşaqlarda daha güclu olmasıdır. Bunlara güclü yaddaş, savad, incəsənətə dair isdedadlar, əl qabiliyyətinin olması və digərlərini aid etmək olar".

Sosioloqun fikrincə, qohum evlilikləri mövzusunda məqalələr daha çox tibbi cəhətdən araşdırılıb və onun mənfi tərəfləri vurğulanıb.

"Düzdür, öncə biz tibbi tərəfləri araşdırmalıyıq. Lakin unutmayaq ki, evlilikdə tibbi məsələlər ilə yanaşı sosial məsələlərə də diqqət etməliyik. Belə ki, çox vaxt qohum evliliklərində problemlər yaşanmağa başlayır. Tərəflər bir-birlərini iki bacı, iki qardaş kimi yox artıq iki quda kimi görməyə başlayır. Ailədə hər hansısa bir problem yaşandığında və ya boşanma halları olduğunda artıq o iki ailə düşmənə çevrilir. Bu hal öz növbəsində digər ailə üzvlərinə də təsir edir. Beləcə bir nəsil arasında soyuqluq və daim münaqişə yaşanır. Düşünürəm ki, məcbur qalmadıqca qohum evliliklərinə üstünlük verməməliyik. Düzdür, gənclər arasında sevgi münasibətləri halları da olur. Lakin gənclərin öz razılıqlarından əlavə valideyinlərin təkidləri nəticəsində də belə nikahların sayı çoxdur", - deyə ekspert bildirib.

Qeyd edək ki, müasir dövrdə yaşasaq da beşik kəsdi (kərtməsi) kimi adət-ənənələr hələ də bəzi bölgələrdə qalmaqdadır. Azərbaycanda da qohum evliliklərinə çox rast gəlinir. Lakin illər keçdikcə bu tip stereotiplər qırılmağa başlayacaq və gənclər böyüklərin beşik kərtməsi, siyasi-iqtisadi maraqlarına görə deyil, öz istəklərinə görə ailə həyatı quracaqlar və qurmaqdadırlar.

3
Teqlər:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bahar Muradova, talassemiya, uşaqlar, irsi xəstəlik, ailə, Boşanma, Evlilik