İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 29 iyun — Sputnik. "Türkiyənin hüquq mühafizə orqanları bacardığı qədər terror hadisələrinin qarşısını almağa çalışır. Amma adından da göründüyü kimi, terror elə bir hadisədir ki, nə qədər təhlükəsizlik qorunsa da, baş verir".
Bunu Sputnik-ə açıqlamasında, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib. "İstanbul 18 milyonluq bir şəhərdir və hər kəsi bir-bir yoxlamaq mümkün deyil", — deyə Qaraqoyunlu bildirib.
Onun sözlərinə görə, terror xarici qüvvələrin dəstəyi ilə həyata keçirilən planlı bir aktdır: "Türkiyə nə zaman sağlam, dəyərli bir qərar versə, güclü bir addım atsa, bu, kimlərisə narahat etməyə başlayır və belə hadiələr baş verir. Biz Türk xalqı olaraq bu hadisələri qınayırıq. Və demək istəyirik ki, belə hadisələr bizi yolumuzdan döndərməyəcək".
S. Qaraqoyunlu hesab edir ki, bu hadisələri Türkiyənin inkişafını istəməyən qüvvələr həyata keçirir: "Xüsusilə Avropa bu mövzuda daha fəaldır. Terrorun milləti, irqi yoxdur. Yəni bu, hamının başına gələ bilər. Artıq burada sakitlikdir, uçuşlar bərpa edilməyə başlayıb. Bir az internetdə problem var. Bu da ondan irəli gəlir ki, hamı məlumat almaq üçün internetdən istifadə edir, yüklənmə var".
"Biz mətanətli olmağa çalışmalıyıq. Türk dövlətinin bu günündən və gələcəyindən narahat olan güclər bu addımı atır. Bilirsiniz, İsrail Tükiyədən üzr istədi, biz Rusiya ilə bağlarımızı yenidən bərpa etməyə çalışırıq", — deyə İSTAD rəhbəri bildirib.
Qaraqoyunlu baş verən terror hadisəsində ölən və yaralananlar içərisində Azərbaycan vətəndaşı olmadığını da qeyd edib: "Çünki həmin saatlarda enməli olan Azərbaycan təyyarəsi yarım saat gec enib və azərbaycanlılar heç bir sıxıntı yaşamayıblar".
Türkiyəli hüquqşünas Rəcəb Akyürək isə, Sputnik-ə açıqlamasında, sözügedən terror aktlarını İŞİD və digər radikal terror təşkilatlarının törətdiyini bildirib: "Amma maraqlı bir məqam var ki, nə zaman bu dövlətin sıxıntısı olarsa, terror hadisələri baş verir. Mən düşünürəm ki, bu terror hadisələri gündəmi dəyişdirməyə xidmət edir".
"Türkiyədə o qədər terror hadisələri baş verir ki, artıq biz terrora alışmışıq. Bu hadisələr heç kimin vecinə deyil. Sadəcə qalxıb, terroru qınayırlar, vəssalam. Buna görə də terrorçular Türkiyədə istədikləri kimi "at oynada" bilirlər", — hüquqşünas bildirib.
Türkiyənin Suriya və cənub istiqamətində 1500 km-dən çox sərhədinin olduğunu xatırladan Akyürək qeyd edib ki, bu sərhədlər terrorçuların nəzarəti altındadır: "İndi Türkiyədə vəziyyət elədir ki, hansı dövlət istəsə, Türkiyədə bomba partlada bilər. Təhlükəsizlik qurumlarımız dağılmış vəziyyətdədir".
Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı ölənlərin sayı 41 nəfərə çatıb. 147 nəfər də yaralanıb.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 yanvar — Sputnik. Bu günlərdə Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika teleradio yayımçıları ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. MTRŞ-nın yaydığı hesabata görə, ötən il ərzində ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına yol verilib.
Hesabatda bildirilir ki, yayımçılar "Televiziya və radio yayımı haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", eləcə də "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qəbul edilmiş qanunların bir sıra müddəlarını pozublar.
Qeyd edək ki, MTRŞ hər il öz hesabatında telekanalların yol verdiyi qanun pozuntularını açıqlayır. Buna baxmayaraq, bu hallar telekanallar tərəfindən təkrarlanır.
Sputnik Azərbaycan telekanalların qanunlara etinasızlığının səbəbini və bunun qarşısını almağın yollarını araşdırıb.
MTRŞ-dan Sputnik Azərbaycan-a bildiriblər ki, qurum öz üzərinə düşən vəzifəni icra edərək monitorinqləri davam etdirir:
"Qanunvericiliyin tələblərini pozan telekanallara müxtəlif məbləğdə cərimələr edilir. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə 5000 manat cərimə cəzası tətbiq edilib. Ötən ildən başlayaraq telekanallara efirin bir neçə saatlıq dayandırılması sanksiyası tətbiq edilir. Efirin bir neçə saatlıq dayandırılması cəza metodu olaraq effekt verir. Ümumilikdə, aparılmış monitorinqlər göstərib ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci ilin ikinci yarısında televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib".
Azad Azərbaycan Telekanalının (ATV) icraçı direktoru İsmayıl Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, telekanallar qanunun tələblərini bilərəkdən pozmurlar. Onun sözlərinə görə, bu sırf texniki məsələlərdir:
"Telekanallarda qanunvericiliyin pozulması təkcə reklamlarla bağlı deyil. Bəzən filmlərdə gözdən qaçan kadrlar efirə gedir. Reklamla bağlı məsələlər isə bilərəkdən edilmir. Bu, işin texnologiyası ilə bağlıdır. Bəzən aparıcılar sponsordan danışdıqda limiti keçirlər. Heç bir telekanal efirin dayandırılmasını istəmir. Sadəcə olaraq bundan əvvəl telekanallara bu qanun pozuntularına görə güzəştlər edildiyindən sistem buna öyrəşmişdi. İndi qanunun tələbləri sərt şəkildə qarşımıza qoyulduqda bu problem aradan qalxacaq".
Teletənqidçi Qulu Məhərrəmli isə bildirib ki, MTRŞ-nın bu hesabatı telekanalları qanuna əməl etməyə sövq edir. Onun sözlərinə görə, bu, həm də sözügedən qurumun öz işini yenidən qurduğunu göstərir:
"Mən televiziyaların çox cəzalandırılmasının tərəfində deyiləm. Amma televiziyalar da xəbərdarlıqlara, tövsiyələrə əməl etməlidir ki, yayım keyfiyyəti yüksəlsin. Biz qanunlar əsasında işləməyi öyrənməliyik. Bunların hamısı ona xidmət edir ki, ölkədə yayım standartları formalaşsın. MTRŞ-nın yayımı bir neçə saat dayandırmasından televiziyalar ciddi nəticə çıxartmalıdır. Efirin dayandırılması arzuolunan hal deyil. Ona görə də monitorinqlərin nəticələrinə telekanallar ciddi baxmalıdırlar. Telekanalların işini yaxşılaşdırmaq məqsədilə daha sərt addım atılmaması üçün telekanallar elə davranmalıdır ki, bu cür cəzaya məruz qalmasınlar".
Q.Məhərrəmli deyir ki, pandemiya və müharibə şəraitinə, reklamın azalmasına baxmayaraq televiziyalar bu dövrdə auditoriyanı özlərinə qaytara biliblər: "Telekanallar 2021-ci ildə də bu uğuru davam etdirməyə, yeni layihələrlə auditoriyanı əldə saxlamağa çalışmalıdırlar".
“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:
“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 22 yanvar — Sputnik. Rusiyada qeyri-qanuni yenidənqurma işlərini aşkarlamaq üçün mənzillər kütləvi şəkildə yoxlanılacaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, mənzil müfəttişləri tərtibatdakı razılaşdırılmamış dəyişikliklərlə maraqlanırlar. Təkcə otaqları və ya əlavə olaraq boruları genişləndirmək üçün yıxılan divarlara diqqət yetirilmir. Müfəttişlik həmçinin mətbəxin qaz sobası ilə təchiz olunmasına görə, qapının çıxarılması üçün də cərimə kəsə bilər.
Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.
Buna fikir verməsəniz, nəzarətçilər məhkəməyə müraciət edəcək və məhkəmə icraçıları ilə birlikdə mənzilə gələcəklər.
Texniki tələblərə cavab verən yaşayış dəyişiklikləri reyestrə daxil edilir. Məhkəmənin qərarı ilə mənzildə olan qeyri-qanuni dəyişikliklər aradan qaldırılmalıdır.
Ekspertlərin fikrincə, genişmiqyaslı yoxlamalar fırıldaqçıların da artmasına səbəb olacaq.