Azərbaycan Mərkəzi Bankı

"Mərkəzi Bank çevik addım atmasa, manatın durumu pis olacaq"

167
Samir Əliyev: "Bazarda panika yarana bilər. Mərkəzi Bank çıxıb müraciət etməlidir. Növbəti günlər şənbə və bazardır. Belə vəziyyətdə sakit qalıb həftəsonuna getmək düzgün addım deyil"

BAKI, 24 iyun — Sputnik. Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırıb. Buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Nağd dollar satışını dayandıranlar arasında "Bank of Baku", "Kapital Bank", "Zaminbank", "Kredobank" və s. bankların filialları var. Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir.

Məsələni Sputnik-ə şərh edən iqtisadçı ekspert Samir Əliyev, onsuz da son həftələrdə dolların Azərbaycanda bahalaşdığını deyib: "Bunun əsas səbəbi odur ki, dollara tələbat artıb, valyuta hərraclarında iştirak edən bankların sayı çoxalıb. Bunun əsas səbəbi bankların xaricə olan borclarının ödəmə vaxtı ilə bağlıdır. Ona görə dollara tələbat artıb".

Ekspert deyib ki, indi Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarı ilə bu, üst-üstə düşüb: "Ona görə də manata təzyiq artıb. Belə bir vəziyyətdə Mərkəzi Bank çevik addımlar atmalıdır. Növbəti günlər şənbə və bazardır. Mərkəzi Bank işləmir. Belə vəziyyətdə sakit qalıb həftəsonuna getmək düzgün addım deyil".

"Bazarda panika yarana bilər. Mərkəzi Bank çıxıb müraciət etməlidir. Necə ki, biz bunu Rusiyada görürük. Ayrı-ayrı rəhbərlər çıxıb, Böyük Britaniyanın Avropa İttifaqından ayrılma qərarının rubla olan təsiri ilə bağlı fikirlər səsləndirirlər", — S. Əliyev bildirib.

Onun sözlərinə görə, manatın qarşıdakı məzənnəsi Mərkəzi Bankın davranışından çox asılıdır: "Əgər Mərkəzi Bank reaksiya verməzsə, şənbə və bazar günü panika yarana, manat ucuzlaşa bilər. Əgər Mərkəzi Bank işi düzgün qursa, manatın kəskin ucuzlaşması gözlənilmir".

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 milyon dollar vəsait itirib.

167
Teqlər:
Samir Əliyev, Mərkəzi Bank, manat, dollar, bank, kommersiya bankı
Əlaqədar
Azərbaycanda dollar 1.60-a çatdı
Dövlət Neft Fondu bir anda 90 milyon dollar itirdi
Banklar dövlətdən dollar tələb edir
Dollar sürətlə irəliləyir
Dollar 1.53 manata çatır
Cors Soros proqnozunu açıqladı: "Dollar 20 faiz bahalaşacaq"