İlham Əliyev və Angela Merkel

Merkeldən Rusiya etirafı: Qərb Cənubi Qafqazdan çəkilir?

96
(Yenilənib 14:23 14.06.2016)
Almaniya kanslerinin Azərbaycan Prezidenti ilə görüşdə səsləndirdiyi bəyanat ciddi müzakirə predmetinə çevirilib

BAKI, 9 iyun — Sputnik. "Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır". Bu fikri Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-ə hazırda sədrlik edən dövlətin belə bir bayanat verməsi etirafdır, yoxsa hadisələrin gələcək inkişafının yeni görüntülərinə işarə?

Politoloq Rauf Mirqədirov xanım Merkelin bu bəyanatının danışıqların gələcəyinə çox cidd təsir göstərəcəyinə inanmadığını deyir. Onun fikrincə, bu cür fikir və bəyanatlar müxtəlif səviyyələrdə və müxtəlif vaxtlarda dəfələrlə səslənməkdədir.

"Bu, sadəcə Rusiyanın regiondakı rolunun etirafıdır. Etiraf etmək lazımdır ki, bu gün Rusiyanın regionda kifayət qədər ciddi mövqeləri var", — deyə politoloq Sputnik-ə açıqlamasında bildirib.

Onun fikrincə, regiondakı problemlərin həlli ya Rusiya ilə ümumi ortaq məxrəcin tapılması ilə mümkündür, ya da Rusiyanı regiondan sıxışdırandan sonra kiminsə vasitəsilə, hansısa digər güc mərkəzlərinin maraqları çərşivəsində mümkündür: "Rusiyanın regiondan sıxışdırılması perspektivləri bu gün o qədər də inandırıcı görünmür və sözsüz ki, bu halda Avropa Birliyi və ABŞ regiondakı problemlərin həllində bu və ya digər dərəcədə Rusiya ilə dil tapmaq xəttini götürür. Çünki eyni zamanda onu nəzərə almaq lazımdır ki, Rusiya regionda hərbi-siyasi təmsilçiliyi olan yeganə gücdür".

R. Mirqədirov Rusiyanın Ermənistanda hərbi bazalarının olduğunu, Türkiyə sərhədinə Rusiya hərbçilərinin nəzarət etdiklərini və Abxaziyada, Osetiyada Rusiya bazalarının mövcudluğunu xatırladıb: "Bu faktoru sözsüz ki, digər beynəlxalq güclər, o cümlədən Avropa Birliyinin aparıcı dövləti olan Almaniya nəzərə alır, aldığı üçün də problemlərin həllində Rusiyanın rolunu qeyd etməyə ehtiyac duyur".

Rauf Mirqədirov, jurnalist
APA
Rauf Mirqədirov, jurnalist

Merkellə görüşündə prezident İlham Əliyev bildirib ki, Rusiya Azərbaycanla qonşu, dost ölkədir: "Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur. Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur".

Politoloq Elxan Şahinoğlunun fikrincə, vacib sual odur ki, ATƏT-in hazırki sədri olaraq Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində nə edə bilər? Onun sözlərinə görə, Merkel mətbuat konfransında Almaniyanın rolu barədə heç bir fikir bildirməyib.

"Halbuki, cəbhə bölgəsində atəşkəs pozulduqda Berlin 7 maddəlik təkliflər paketi hazırladığını açıqlamışdı. Merkel Rusiyanın rolunu qabartmaqla sadəcə hamıya mesaj verir ki, "münaqişənin həllində Avropaya, o cümlədən Almaniyaya bel bağlamayın, bizim problemimiz onsuz da kifayət qədərdir, Dağlıq Qarabağa isə vaxtımız və enerjimiz qalmır"", — deyə Şahinoğlu Sputnik-ə açıqlamasında bildirib.

Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра Атлас
© Sputnik / Murad Orujov
Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра "Атлас"

Qeyd edək ki, Azərbaycan Prezidenti bu ilin aprelində qoşunların təmas xəttində atəşkəsin pozulmasının Ermənistan tərəfinin təxribatı olduğunu vurğulayıb: "Lakin son aprel təxribatında onların nəticələrlə bağlı səhv hesablamaları oldu. Biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu, Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Onlar ABŞ, Fransa və Rusiya liderlərinin "status-kvo"nun qəbul edilməz olması ilə bağlı bəyanatlarını dinləməlidirlər".

Prezident xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyir.

96
Teqlər:
Angela Merkel, Rauf Mirqədirov, Elxan Şahinoğlu, Dağlıq Qarabağ, İlham Əliyev, Rusiya, Almaniya
Əlaqədar
Angela Merkel İlham Əliyevlə görüşmək qərarına gəlib
Merkel: "Ərdoğana açıq şəkildə dedim ki..."
Rusiya-Ukrayna sərhədində ATƏT polisi keşik çəkərsə...
ATƏT sədri Qarabağda baş verənlərdən narahat olub
"Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılacaq"
Berlində Qarabağ danışıqlarına dəstək nümayişi keçiriləcək