ABŞ dolları

"FED uçot dərəcəsini artırmasa belə, dollar ucuzlaşmayacaq"

408
(Yenilənib 16:49 07.06.2016)
Vüqar Bayramov: "ABŞ Federal Ehtiyat Sistemi 2016-cı ildə mərhələli şəkildə uçot dərəcəsi artıracaq. Bu, bazara bir mesajdır ki, hətta iyun ayında artım olmazsa belə, bu il ərzində faiz artımı planlaşdırılıb"

BAKI, 7 iyun — Sputnik. "FED-in may ayındakı açıqlamaları ilə iyun ayındakı açıqlamaları arasında xeyli fərq yaranıb. May ayında FED uçot dərəcəsinin 2 faizədək artırıla biləcəyi ilə bağlı açıqlama yaydı, sonra isə FED rəhbəri Harvard Universitetindəki çıxışında uçot dərəcəsinin mərhələli və təmkinli artırılacağı ilə bağlı açıqlama verdi".

Bunu iqtisadçı ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib. "Bu isə o deməkdir ki, FED iyun ayında kəskin artımlara getmək niyyətində deyil. Amma bütün hallarda 2016-cı ildə FED uçot dərəcəsində artımlara gedəcək", — iqtisadçı bildirib.

Onun sözlərinə görə, kəskin artımların mərhələli və təmkinli artımlarla əvəz olunmasının səbəbi ABŞ-da may ayında makroiqtisadi göstəricilərin, xüsusilə məşğulluq göstəricilərinin heç də yaxşı olmaması ilə bağlıdır: "Bu da FED-in qərarlarına təsir göstərəcək. Kəskin artımlara getmək istəməməsi də dolların möhkəmlənməsinin ABŞ iqtisadiyyatına mənfi təsir edə biləcəyi ilə bağlıdır. Dolların möhkəmlənməsi ABŞ-ın ixrac qabiliyyətinin azalmasına gətirib çıxara bilər".

V. Bayramov, bu ay keçiriləcək FED-in iclasında hansı qərarın qəbul ediləcəyini proqnozlaşdırmağı mümkünsüz hesab edir: "Çünki, fərqli açıqlamalar var. Amma bütövlükdə FED-in siyasətini proqnozlaşdırmaq mümkündür. FED 2016-cı ildə uçot dərəcəsində kəskin deyil, mərhələli artımlara gedəcək".

Ekspert qeyd edib ki, FED iyun iclasında uçot dərəcəsini dəyişməzsə, bu, dolların gözlənilən kəskin möhkəmlənməsinin təxirə salınmasına gətirib çıxara bilər: "Amma, dolların ucuzlaşmasına gətirib çıxarmayacaq. Çünki, FED artımlara getməsə belə, bəyan edir ki, 2016-cı ildə mərhələli şəkildə uçot dərəcəsi artırılacaq. Bu, bazara bir mesajdır. Mesaj verir ki, hətta iyun ayında artım olmazsa belə, bu il faiz artımı hədəflənir".

"Güman etmirəm ki, bu, dolların dünya bazarında mövqeyinin kəskin zəifləməsinə gətirib çıxarda bilər. Hazırda dolların kəskin ucuzlaşması proqnozlaşdırılmır", —deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin Filadelfiyadakı çıxışından sonra, bu ilin yazında faiz artımı gözləntiləri olduqca azalıb və diqqətlər sentyabrda keçiriləcək iclasa yönəlib. Yellen qiymətin sabitliyini və davamlı məşğulluğu təmin edə bilmək üçün faizlərin tədricən qaldırılmasının lazım olacağını deyib.

May ayında ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi 38 min artıb. Bu, təxminən altı ilin ən aşağı aylıq artımı olub.

408
Teqlər:
ABŞ Federal Ehtiyat Sistemi, uçot dərəcəsi, FED, Vüqar Bayramov, proqnoz, dollar
Əlaqədar
Bakıda banklar dollar almaq üçün növbəyə durub
Dollar 1.50 manatı keçdi
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artıracaq
FES uçot dərəcəsini dəyişməyib
Növbəti devalvasiya təhlükəsi: Mərkəzi Bank uçot dərəcəsini artırdı
ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırıb