Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü

Azərbaycan diplomatik hücumlara başlayıb

85
Prezidentin köməkçisinin "Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq" bəyanatı siyasi müşahidəçilərin müzakirə predmetinə çevirilib

BAKI, 31 may — Sputnik. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dünən ANS telekanalında efirə gedən müsahibəsi ölkə gündəminin əsas mövzusuna çevrilib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq.

"Beynəlxalq münasibətlərin ikili standartları orada özünü nümayiş etdirir ki, məsələn, Küveytin işğalından sonra beynəlxalq hüquq normaları və beynəlxalq aləmin iradəsi qısa müddətə reallaşdırıldı, qısa müddətdə — bir həftə ərzində Küveyt işğaldan azad olundu. Və yaxud başqa ərazilərdə də belə hallar baş verib. Amma 20 ildən artıqdır ki, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi həyata keçirilmir. Bu, beynəlxalq münasibətlərin indiki eybəcər, fərqli-fərqli standartlara malik olmasının nümunəsidir", — Prezidentin köməkçisi bildirib.

Mövzunu Sputnik-ə dəyərləndirən politoloq Fikrət Sadıxovun fikrincə, Ə. Həsənov, Azərbaycanın hücum mövqeyinə, həmlələrə keçdiyini diqqətə çatdırmaq üçün "dinamik" kəlməsindən istifadə edib: "2-5 aprel döyüşləri zamanı ordumuzun irəliləyərək bir sıra əraziləri geri qaytarması Azərbaycana əsas verir ki, düşməni masa arxasında da təzyiq altında saxlamağı davam etdirsin. Aparıcı dövlətlər də bunu dərk edir və başa düşür. Son görüş zamanı həmin dövlətlərin xarici işlər nazirləri də bəyan etdilər ki, növbəti görüşdə əsas sazişin kontorları müzakirə olunmalıdır".

"Yəni onlar başa düşürlər ki, Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Bunun da altında rəsmi Bakının hücumedici diplomatik addımları dayanır. Bəlkə də bu iyun görüşündə məsələ tam həll olunmasın, amma hər halda bu istiqamətdə işlər daha ciddi formada özünü göstərəcək", — siyasi şərhçi bildirib.

F. Sadıxov Dağlıq Qarabağ probleminin BMT Baş Assambleyasında ciddi formada müzakirəyə çıxarılmasını da vacib hesab edir: "Bildiyimiz kimi, 1990-cı ildə Küveyt işğal olunanda BMT-nin çıxardığı qətnamələr dərhal yerinə yetirildi və cəmi 4 günə ölkə işğaldan azad edildi. Əli Həsənovun bu misalı çəkməsi çox təbiidir. Qarabağla bağlı da 4 qətnamə var, amma heç biri yerinə yetirilmir. Ona görə də Azərbaycan tərəfi çalışmalıdır ki, məsələni BMT-də daha çox qabartsın".

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Ə. Həsənovun məlum açıqlaması, danışıqlara hazırlığın gərgin mərhələni yaşadığını göstərir: "Və bu həssas mərhələdə tərəflər maksimum ehtiyatlı olmalı, eyni zamanda növbəti danışıqları məhsuldar etmək üçün bütün imkanlardan istifadə etməlidir. Münaqişənin dinamik formada müzakirəsi göstərir ki, əslində danışıqlarda iştirak edən tərəflər prosesin ciddiliyini anlayır və mümkün olan hərbi ssenarilərdən olduqca uzaqlaşmaq niyyətindədirlər".

85
Teqlər:
İlqar Vəlizadə, Fikrət Sadıxov, danışıqlar, Dağlıq Qarabağ, Əli Həsənov
Əlaqədar
"Beynəlxalq ictimaiyyət mövcud status-kvonu etibarsız sayır"
Azərbaycan XİN beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıb
"Ermənistanın bu hərəkəti beynəlxalq ictimaiyyətə qarşı təhqirdir"
"Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi möhkəmlənir"
Xameneyinin nümayəndəsi: "Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır"