Supermarket

Supermarketlərlə vergilər naziri arasında çəkişmə: kim haqlıdır?

86
(Yenilənib 12:16 11.05.2016)
ƏDV-dən qurtulmaq istəyən iş adamlarının müraciətinə Fazil Məmmədov sərt təpki göstərib. Ekspertlər ticarət şəbəkələrinin ƏDV-dən azad edilməsinin mümkün sayır, amma problemin digər tərəfinə də diqqət çəkirlər.

BAKI, 11 may — Sputnik. Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib. O deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz.

"Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2%-i marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi", — nazir bildirib.

Qeyd edək ki, böyük supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. İqtisadiyyat Nazirliyi isə bildirib ki, bu məsələyə Vergilər Nazirliyi ilə birlikdə baxılır.

"Həm gömrük rüsumları, həm də ƏDV 34-36 faizə qədər əlavə ödəniş edilməsinə gətirib çıxarır"

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə deyib ki, burada iki məsələyə fikir vermək lazımdır: "Birincisi, elə Bakı şəhərinin özündə bu qədər kənd təsərrüfatı bazarı yoxdur ki, 3 milyondan çox əhalisi olan bir şəhərin 95-98 faizi kənd təsərrüfatı məhsullarını bazarlardan alsın. Yəni, əhalinin böyük əksəriyyəti bu məhsulları ya supermarketlərdən, ya da kiçik mağazalardan alırlar ki, bunlar da vergiyə cəlb olunur".

Küçə ticarətinin də yığışdırıldığını xatırladan mütəxəssisin sözlərinə görə, əvvəllər heç olmazsa, metroların yanında çox kiçik küçə ticarəti ilə məşğul olan, meyvə-tərəvəz satan insanlar var idi: "Onlar da yığışdırılıb. Ən ucuz qiymətə onlar təklif edirdilər. Digər məsələ ondan ibarətdir ki, bir çox hallarda, məsələn, "Təzə bazar"da olan qiymətləri marketlərdə olan qiymətlərlə müqayisə etdikdə görürük ki, bəzən hətta "Təzə bazar"da qiymətlər daha bahadır, nəinki marketlərdə".

"İkincisi, ƏDV məsələsində ticarət şəbəkələrinin müraciəti tək kənd təsərrüfatı məhsullarına aid deyil. Ümumiyyətlə ƏDV-dən azad olunması və ya xaricdən gətirilən məhsullarda həm gömrük rüsumlarının, həm ƏDV-nin birgə hesablanması bəzən 34-36 faizə qədər əlavə ödəniş edilməsinə gətirib çıxarır. Burada söhbət bütün ərzaq məhsullarından gedirdi, təkcə kənd təsərrüfatı məhsullarından deyil", — N. Cəfərli vurğulayıb.

Onun sözlərinə görə, Vergilər Nazirliyi ƏDV-də, vergi toplamalarında çox mühüm rol tutduğuna görə, bu sahədə güzəştlərin olunmasında maraqlı deyil: "Çünki, vergilərin yığılmasında problemlər yaşana bilər. Vergilər Nazirliyinin qarşısında da plan qoyulub ki, bu il təqribən 8 milyard manata yaxın vergi toplamalıdır. ƏDV-də müəyyən güzəştlər olsa, bu planın yerinə yetirilməsi axsaya bilər. Görünən odur ki, Vergilər Nazirliyi bu məsələdə çox sərt mövqeydədir".

"Onu da bilmək lazımdır ki, son nəticə etibarı ilə ölkədə ƏDV ödəyicisi sadə vətəndaşlardır. Alış-veriş edərkən ƏDV-ni qiymətin üzərində ödəmiş olur. Sonuc etibarı ilə bu, vətəndaşın cibindən çıxan vəsaitdir", —deyə ekspert bildirib.

"Ticarət şəbəkələri də ƏDV-dən azad edilsin"

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə vergilər nazirinin mövqeyini qismən başadüşülən hesab edir. "Son vaxtlarda vergi yığmaq çətinləşib. Çünki, sahibkarlar bizneslərini bağlayıblar", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin fikrincə, vergilər nazirinin bu mövqeyi son nəticədə özlərinə də zərər vura bilər: "Çünki, vergi güzəştləri olmasa, sahibkarların daha çox hissəsi bizneslərini bağlaya bilər və vergi yığımı daha da azala bilər. Hesab edirəm ki, vergi siyasəti məsələsinin belə məsələlər ilə bağlı bilavasitə Vergilər Nazirliyinə tapşırılması o qədər də düzgün deyil".

Bu məsələnin, daha çox Maliyyə və İqtisadiyyat nazirliklərinin işi olduğunu deyən Ə. Həsənov sonda deyib: "Əgər vergilər naziri hesab edirsə ki, onsuz da kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır və vergi yığılmır, o zaman ticarət şəbəkələrini də ƏDV-dən azad etsin. Yəni, azad et, qoy marketlər də bu məhsulları vergisiz satsın".

86
Teqlər:
vergilər naziri, supermarket, Fazil Məmmədov, ƏDV, Natiq Cəfərli, Əkrəm Həsənov, vergi
Əlaqədar
Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
Vergilər Nazirliyi "Favorit" marketdə qanun pozuntuları aşkar edib
Paytaxtda xırda marketlər çökür
"Neptun" market: rəfdə bir, kassada isə başqa qiymət
Bu marketlərdən ərzaq almayın
Bu marketlərdən ərzaq almaq məsləhət deyil
Peyvənd

Vaksin qədər təhlükəlidir: ABŞ cavab tələb edir

65
Qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq.

BAKI, 29 sentyabr — Sputnik, İrina Alksnis. "AstraZeneca" farmakologiya şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı eyni adlı peyvəndin problemləri yeni mərhələyə qədəm qoyub.

ABŞ bir neçə həftə əvvəl dondurulmuş sınaqları bərpa edib. Lakin Amerikanın aparıcı KİV-ləri preparatın təhlükəsizliyi ilə bağlı getdikcə daha çox sual səsləndirirlər. CNN telekanalı başqalarından daha yüksək səslə çıxış edib.

Məlum olduğu kimi, "AstraZeneca"nın klinik sınaqları iki dəfə – iyul və sentyabr aylarında dayandırılıb: iki könüllüdə nevroloji mənşəli qeyri-adi simptomlar özünü göstərib. Hər iki halın sonradan vurulmuş vaksinlə əlaqəli olmadığı təsdiqlənib və Böyük Britaniya da daxil olmaqla, əksər ölkələrdə sınaqlar davam edib.

Lakin amerikalı alimlər və ABŞ-ın səhiyyə sisteminin mütəxəssisləri daha çox narahatlıq keçiriblər və yan təsirlərlə bağlı hesabatlarda ciddi fərqlər aşkar ediblər.

"AstraZeneca"nın iyul insidenti əvvəl aşkar edilməmiş skleroz ilə izah edilib. Lakin Oksford Universitetinin saytında bu, "açıqlanmayan nevroloji simptom" kimi təsvir olunub.

Sentyabrda baş vermiş ikinci insident ilə bağlı şirkət könüllü qadında "anlaşılmaz xəstəlik" yarandığını deyib. Yalnız daxili sənədlərdə bu vəziyyət "köndələn mielit" (nadir nevroloji xəstəlik) kimi göstərilir.

Nəticədə, amerikalılar indi belə fikir ayrılığının səbəbləri ilə bağlı tamamilə məntiqli suallar verirlər. "AstraZeneca" onsuz da peyvənd üzərində işinin şəffaflığına dair ciddi iddialarla üzləşib və ortaya çıxmış ziddiyyətlər yalnız əlavə olaraq preparata və onun təhlükəsizliyinə olan inamı pozur.

Sınaq iştirakçılarının sağlamlığında yaranmış problemlərin ümumi xarakteri xüsusi bir mövzu olaraq qalır. Amerikalı professor-immunoloqlardan biri bu məsələ ilə bağlı açıq şəkildə deyib: hər iki xəstəliyin nevroloji təbiətinin olması "şoka salır".

Bəlkə də "AstraZeneca"nın sadəcə bəxti gətirməyib və söhbət həqiqətən də vaksin ilə heç bir əlaqəsi olmayan uğursuz təsadüflərdən gedir. Amma sağlam düşüncə ən azından bu məqamı aydınlaşdırmağı tələb edir. Burada Amerikanın sınaqları dondurmuş məsul xidmətlərini tərifləmək lazımdır.

Onların avropalı həmkarlarının mövqeyi isə daha çox təəccüb doğurur. Onlar bütün bu qəribəlikləri görməməyə üstünlük veriblər və testləri davam etdiriblər.

Hərçənd Avropa İttifaqı (Aİ) hökumətlərinin və şirkətin özünün bu cür sürüşkən mövzu ilə bağlı rahatlığı böyük xoşagəlməz hallara səbəb ola bilər (əgər vaksin həqiqətən də təhlükəlidirsə).

Bu günlərdə "Reuters" agentliyi Aİ-nin rəsmi nümayəndəsinə istinadən xəbər verib ki, "AstraZeneca" Avropa İttifaqı ilə vaksin sövdələşməsi çərçivəsində qismən toxunulmazlıq qazanıb. Razılaşma avqustda bağlanıb, lakin onun bəzi incə detalları yalnız indi elan edilib.

Məsələ ondadır ki, əczaçılıq şirkəti preparatı Aİ-yə aşağı qiymətə tədarük edəcək və əvəzində onun tətbiqinin yan təsirlərinə görə maliyyə məsuliyyəti daşımayacaq. Sazişin dəqiq miqyası açıqlanmır, lakin Avropanın "AstraZeneca"ya hər doza üçün 2,5 avro ödəyəcəyi məlumdur.

"GlaxoSmithKline" konserni ilə birlikdə öz preparatını hazırlayan Fransanın "Sanofi" şirkəti isə preparatın hər dozasını Avropaya 10 avroya satır.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Yeri gəlmişkən, hər iki şirkət artıq Aİ-dən avans ödənişləri alıb. "AstraZeneca"nın 400 milyon dozanı təmin etməsi üçün ödəniş 336 milyon avro təşkil edib. "Sanofi"də bu rəqəm 324 milyon avro olub (300 milyon doza üçün).

Beləliklə, əgər qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq. Zərərçəkənlərə kompensasiyaları milli hökumətlər, daha dəqiqi, müvafiq ölkələrin vergi ödəyiciləri verəcəklər.

Həmçinin, Avropa isteblişmentinin bu qədər fərqli yanaşmaları olan iki vaksin ("AstraZeneca" və "Sanofi") üzərində dayanması maraq oyatmaya bilməz. Aİ-nin hansı dövlətlərinin hansı preparatı alacağını, həmçinin onların öz daxilində rayonların rifahı və orada yaşayan insanların ictimai vəziyyətinə görə preparatları necə bölüşdürəcəyini görmək maraqlı olacaq.

65
Teqlər:
ABŞ, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Belə insanlar koronavirusa az yoluxurlar
Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

19
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

19
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Artilleriya atəşi, arxiv şəkli

Azərbaycan Ordusu Ermənistanın mövqelərinə artilleriya zərbələri endirir

70
(Yenilənib 12:06 30.09.2020)
Müdafiə Nazirliyi Azərbaycan Ordu bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyini açıqlayıb.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

70
Əlaqədar
Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
Tərtər şəhəri artilleriya atəşinə tutulub
Mülki vətəndaşlar vurulub, yeddi nəfər xəstəxanadadır
Ermənistan SQ Goranboy rayonunu artilleriya atəşinə tutur