Mahmud Hacıyev, keçmiş polis rəisi

"Ot qismində qəbul olunan narkotik maddələrə görə "miqdar limitini" götürmək lazımdır"

214
Mahmud Hacıyev: "Mərkəzi Avropa ölkələrində ot qismində qəbul olunan narkotik maddələrə görə cinayət işi qaldırmırlar. Bizdə isə miqdar məsələsi var. Miqdar məsələsi də ancaq ot qismində qəbul olunan narkotik maddələrə şamil olunur"

BAKI, 9 may-Sputnik. "Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixitrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Kimsə narkomandır və biz də qəbul etmişik ki, narkomanlıq cinayət sayılmır. Yəni, bu, bir xəstəlikdir. Belə olan halda o, kimdənsə özünün şəxsi istehlakı üçün narkotik alır və aldığı maddə 0,1 qram artıq olur. İndi biz onu tutub göndərməliyik həbsxanaya ki, niyə sənin aldığın narkotik 0,1 qram artıq gəlib?".

Bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin mayın 6-da keçirilən plenar iclasında deyib. O, bildirib ki, dünyanın hər yerində artıq narkomanlara qarşı, marixuanadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılıb.

"Xüsusilə inkişaf etmiş ölkələrdə. Onlar başa düşürlər ki, qadağalar yolu ilə buna qarşı mübarizə aparmaq heç bir effekt vermir. Bunu leqallaşdırmaq lazımdır", — deputat vurğulayıb.

Həsənquliyevin fikrincə, narkomanları həbsxanaya doldurmağın heç bir xeyri yoxdur: "Dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir".

Məsələ ilə əlaqədar sabiq polis rəisi Mahmud Hacıyev Sputnik-ə açıqlamasında deyib ki, Mərkəzi Avropa ölkələri, həmçinin Şimal və Şərqi Amerika ölkələrinin bəzilərində ot qismində (anaşa, nəşə və s. deyirlər) qəbul olunan narkotik maddələrə görə artıq cinayət işi qaldırılmır: "Hətta bununla bağlı onlar üçün yerlər də ayrılıb. Onlar bunu cinayət qanunvericiliyindən çıxarıb inzibati qanunvericiliyə salıblar. Bunu inzibati xəta kimi qəbul edirlər. Burada müəyyən şərtlər qoyulur. Əgər mütəmadi olaraq qadağan olunmuş yerdə qəbul etsən və yaxud mütəmadi qəbul edib ətrafdakıların istirahət və digər hüquqlarını pozsan, cinayət qanunvericiliyinə istinad edirlər".

Onun sözlərinə görə, Azərbaycanda isə bu sahədə vəziyyət fərqlidir: "Bizdə müəyyən miqdar məsələsi var. Bu, Sovet dönəmində də olub, indi də var. Əgər o miqdara çatmayıbsa, ona cinayət düşmür və tutaq ki, kiməsə onu vermək istəyir və ya özü çəkmək istəyir, yenə cinayət işi düşmür. Yəni, o miqdarı ötəndə ona cinayət düşür".

"Ümumiyyətlə, Mərkəzi Avropa ölkələrində ot qismində qəbul olunan narkotik maddələrə görə cinayət işi qaldırmırlar. Bizdə isə miqdar məsələsi var. Miqdar məsələsi də ancaq ot qismində qəbul olunan narkotik maddələrə şamil olunur. Heroində, tiryəkdə, kokaində o miqdar məsələsi yoxdur. Bizdə inanmıram ki, bunu tətbiq etmək mümkün olsun", — keçmiş rəis deyib.

M. Hacıyevin fikrincə, özü üçün ot qismində çəkirsə, bunu inzibati xəta kimi qəbul etmək olar, amma burada təhrikçiliyə yol vermək olmaz: "Bu miqdar məsələsi gedir, axırda qanun pozuntusuna çıxardır. Hesab edirəm ki, qanunvericilikdə boşluqları doldurmaq lazımdır, ot qismində qəbul olunan narkotik maddələrə görə o miqdarı da götürmək lazımdır. Bunun üçün dərin, dəqiq təhlillər aparılmalıdır və təhrikçilik, ətrafdakılara ziyan və digər bütün məsələlər nəzərə alınmalıdır".

214
Teqlər:
cəmiyyət, Mahmud Hacıyev, Qüdrət Həsənquliyev, narkotik, narkoman
Əlaqədar
"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
Dabandan narkotik çıxdı
Sərhəddə külli miqdarda narkotik ələ keçirildi
Narkotiki leqallaşdırmaq təklif olunur
2 ton narkotik maddə aşkarlanıb
Qarabağda zərərsizləşdirilmiş minalar, arxiv şəkli

Dağlıq Qarabağın minalardan təmizlənməsinin perspektivləri

24
(Yenilənib 08:23 26.11.2020)
Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gələcək.

BAKI, 25 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Son döyüş əməliyyatları zonasının və Dağlıq Qarabağın digər torpaqlarının minalardan təmizlənməsi yüzlərlə kvadrat kilometrlik ərazidən partlayıcı maddələrin tədricən kənarlaşdırılması deməkdir ki, bu da böyük maddı vəsait (milyonlarla dollar) və onilliklər boyu ağır zəhmət tələb edir. Yalnız bundan sonra həmin torpaqlardan təsərrüfat məqsədilə istifadə etmək mümkündür.

Minalanmış sahələr, partlamamış hərbi sursatlar və əldəqayırma partlayıcı qurğular münaqişədən sonrakı istənilən ərazidə əsas problem hesab olunur. Buna ən son nümunə kimi noyabr ayının 23-də Azərbaycanın Tərtər rayonu ərazisindəki Suqovuşan kəndində baş vermiş hadisəni göstərmək olar. Keçmiş münaqişə zonasında hər gün mülki şəxsləri, hərbçiləri, sülhməramlıları, könüllüləri və xilasediciləri bu cür təhlükələr gözləyir.

Noyabrın 23-də RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin 100-dən çox hərbçisi, habelə 13 hərbi və xüsusi texnika vahidi Yerevana göndərilib. Mühəndislik bölmələri noyabrın 24-də İrəvan - Gorus – Xankəndi marşrutu üzrə hərəkət ediblər. Qabaqcıl könüllülər bölməsi isə artıq noyabrın 23-dən Dağlıq Qarabağda ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsinə başlayıb.

Prioritet vəzifə - sülhməramlıların yerləşdirmə nöqtələrinin, postlar arası hərəkət marşrutlarının və ayrı-ayrı infrastruktur obyektlərinin minalardan təmizlənmənin dərhal həyata keçirilməsidir.

Rusiyalı könüllülər yalnız bir sahədə 30-a yaxın tank əleyhinə mina zərərsizləşdiriblər. Bir qayda olaraq, aşkar edilmiş hərbi sursat xüsusi poliqonda və ya ərazidə partladılaraq məhv edilir.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri bu çətin və gərgin işə Birləşmiş Millətlər Təşkilatının (BMT) mina əleyhinə standartlarına uyğun olaraq hazırlanıblar. Onların sərəncamında bu sahə üzrə ən son texnika – IMP-S2 mina dedektorları və "Uran-6" robot sistemləri var.

Müasir axtarış cihazları və qoruyucu vasitələr Dağlıq Qarabağdakı rus hərbi qulluqçularının, həmçinin digər hərbçilərin və mülki əhalinin sağlamlığı və həyatı üçün riskləri azaltsa da, istisna etmir.

Missiyanın çətinliyi

Müasir yerli və regional münaqişələr döyüş əməliyyatlarının daimi xarakteri, eyni zamanda, birbaşa əməliyyat zonasında və ona bitişik ərazilərdə minalanmış sahələrin, yol kənarlarına basdırılmış bombaların, mina tələlərinin və digər "sürprizlərin" geniş yayılması ilə fərqlənir. Taktiki cəhətdən təsdiqlənmiş, eşelon yerləşdirilməklə möhkəmləndirilmiş (məsələn, yüz kilometrlik cəbhə xətti boyunca) müdafiənin təşkili üçün çox sayda qoşun və resursa sahib olmayan münaqişə tərəfləri alt birlikləri və hərbi texnikanı ayrı-ayrı sahələrə cəmləşdirir və aradakı "boşluqları" da minalarla doldururlar.

Qarabağda, əsasən, keçmiş sovet istehsalı minalardan - tank əleyhinə TM-62 və piyadalar əleyhinə PMN-2-dən istifadə olunub. Bununla yanaşı, həmin partlayıcıların yerləşdirildiyi ərazilərin xəritə-sxemləri çox vaxt, necə deyərlər "diz üstündə" tərtib edilir və sonrdan tez-tez itirilir. İqlim dəyişmələrinin təsiri ilə minalar zamanla sıradan çıxır və minalanmış sahələr "yenilənir".

Çox güman ki, münaqişə tərəfləri yeni minalanmış sahələrdəki partlayıcı hərbi sürsatı heç bir problem olmadan aradan qaldıracaqlar. Lakin bölgədə münaqişə uzun illər boyunca davam etdiyindən, bütün minalanmış sahələrin dəqiq yerini heç kim bilmir. Çoxlu sayda partlamamış və ya döyüş vaxtı tərk edilmiş top mərmiləri isə ayrı bir problemdir. Qarabağ torpağında minlərlə belə partlayıcı obyekt var.

Bir qədər bundan əvvəl Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəhbəri Qəzənfər Əhmədov Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gəldiyini bildirmişdi. Abxaziya və Cənubi Osetiya ərazilərinin minalardan təmizlənməsi təcrübəsi (orada hələ görülməli çox iş var) Qarabağdakı vəziyyətin qlobal miqyasını təsdiqləyir.

Səylərin birləşdirilməsi

BMT-nin Ərazilərinin Minalardan Təmizləmə Xidməti (UNMAS) bu məqsədlə yalnız keçən il 19 ölkəyə (o cümlədən, İraq, Əfqanıstan və Suriyaya) təqribən 495 milyon dollar vəsait ayırıb. Həmin vəsaitlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsinə yönəldilməsi mümkündür.

UNMAS-dan verilən məlumata görə, missiya dekabrın əvvəllərindən etibarən Qarabağda fəaliyyətə başlayacaq. Hər şeydən əvvəl mütəxəssislər dağlıq və meşəlik ərazilərin çətin şəraitində işin həcmini qiymətləndirəcəklər. Yəqin ki, könüllülərin birgə beynəlxalq səyləri qaçqınların münaqişədən sonra bölgəyə qayıtmasını sürətləndirəcək. BMT-nin Baş katibi Antonio Quterreşin bu məsələdə tutuduğu mövqe ümidləri bir az da artırır. O bəyan etmişdi ki, əldə olunan atəşkəs humanitar təşkilatların münaqişə nəticəsində zərər çəkmiş mülki əhali ilə təmasına imkan verəcək. Quterreş, həmçinin Dağlıq Qarabağda Rusiya ilə əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını da bildirmişdi.

24
Teqlər:
münaqişə, Gorus, Xankəndi, RF Müdafiə Nazirliyi, partlamamış hərbi sursatlar, Dağlıq Qarabağ, minalardan təmizlənmə
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovdan kilsələrlə bağlı fransızlara tərs şillə

187
(Yenilənib 14:35 25.11.2020)
Azərbaycanın xarici işlər naziri deyib ki, vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın "Le Point" jurnalına müsahibə verib. Müsahibədə nazir üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qarabağda birgə yaşayışa zəmanət və digər sualları cavablandırıb.

Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:

- Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?

- BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər.

- Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?

- Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu. Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi.

Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.

- Qərb ölkəsi olan iki həmsədr Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk Qrupu faydasız oldu?

- Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaq.

- Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?

- Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda.

- Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?

- Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur.

- Bu müharibədə Türkiyənin Azərbaycana pilotsuz təyyarələr və Suriyalı muzdlular daxil olmaqla köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmir?

- Azərbaycan ordusunu gücləndirən amillər silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq etmişdir. Türkiyə həmişə haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış etmişdir. Suriyalı muzdlular barədə bu hekayəyə gəldikdə isə, biz bir neçə dəfə təkrarladıq və prezidentimiz bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayanlar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qruplaşmalara ehtiyacımız yoxdur.

- Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Dadivank monastırı ilə nə olacaq?

- Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələri dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etmişdir.

- Son bir neçə həftə ərzində aparılmış müharibədə xristianlarla müsəlmanlar arasında dini qarşıdurma epizodu olubmu?

- Ermənistanla Azərbaycan arasındakı dini münaqişə deyil və heç zaman belə olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçılarının əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir.

- Nə üçün Azərbaycanın Silahlı Qüvvələri Şuşadakı kimi kilsələr də daxil olmaqla, mülki binaları və məktəbləri bombaladı?

- Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan Ordusu legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv olduğunu və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik.

- Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində bir Ermənistan suverenliyini tanımağa hazırdırmı?

- Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir. Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

- Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgə yaşayışa necə zəmanət verə bilər?

- Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır.

- Atəşkəs elan edildikdən sonra Prezident Əliyev niyə ermənilərin "itlər kimi" qovulduğunu iddia edərək təhqiredici şərhlər etdi?

- Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şubhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.

187
Teqlər:
Ermənistan, ermənilər, erməni, Bakı, kilsə, Fransa, Azərbaycan xarici işlər nazirliyi, təhsil naziri Ceyhun Bayramov, Ceyhun Bayramov

Dünya futbolunun əfsanəsi FOTOlarda

0
(Yenilənib 09:02 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi göz önünə gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azarkeşlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

 

0
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Dieqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Məşqçi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona