Türkiyə və Avropa İttifaqının bayraqları. Arxiv şəkli

"Əmin olun, artıq Avropa Birliyi genişlənməyəcək"

117
Türkiyəni yarım əsr qapıda gözlədən "xristina klubu", Gürcüstan, Ukrayna və Moldovanı öz sıralarında görmək istəyir. Ekspertlər isə hesab edirlər ki, Avropa İttifaqının sərhədləri ancaq öz maraqlarına görə genişlənir.

BAKI, 29 apr — Sputnik. Artıq 2 ilə yaxındır, Avropa İttifaqı ilə Ukrayna, Gürcüstan və Moldova arasında ciddi assosiativ sazişlər imzalanır, iqtisadi əlaqələr qurulur. Son günlər isə belə bir iddia ortaya atılır ki, bu üç dövlət yaxın vaxtlarda İttifaqın sıralarına qatılacaq.

Yusuf Çinar, türkiyəli politoloq
© Photo : Y.Çinarın şəxsi arxivindən
Yusuf Çinar, türkiyəli politoloq

Politoloqlar isə mövzuya fərqli aspektlərdən yanaşırlar. Türkiyənin Strateji Baxış institutunun rəhbəri Yusuf Çınar Sputnik-ə açıqlamasında deyib ki, Avropa Birliyinin sərhədləri ancaq öz maraqlarına görə genişlənir.

Onun sözlərinə görə, Baltikyanı ölkələr, məhz Rusiyanın Şərqi Avropada təsirini azaltmaq üçün birliyə qəbul edilib: "Avropa Birliyinin yaradılmasından bu yana sərhədləri tam olaraq dəqiqləşməyib. Bu, İttifaq üçün çox böyük üstünlük təmin edir. Sərhədlər ancaq AB-nin maraqlarına görə genişlənir. Soyuq müharibədən sonra Şərqi Avropa ölkələrinin birliyə üzv qəbul edilməsi ittifaq üçün birinci siyasət olub. Baltik ölkələrini qəbul edən AB, genişlənərək Rusiyanın Şərqi Avropada təsirli olmasının önünə keçib".

"Qaldı ki, Ukrayna, Gürcüstan və Moldovanın birliyə üzvlük prosesinə, bu üç dövlət Rusiya üçün strateji əhəmiyyətə malikdir. Avropa bu üç dövləti tərkibinə qataraq Rusiyaya boş sahə buraxmaq istəmir", — politoloq vurğulayıb.

Çınar qeyd edib ki, Türkiyənin AB-yə üzv qəbul edilməməsinin səbəbi 76 milyonluq müsəlman əhaliyə sahib olmasıdır: "Avropa İttifaqı müsəlman çoxluğa sahib bir ölkənin qərarverici olmasını istəmir. Bəhs etdiyimiz üç ölkə AB tərəfindən həzm edilə bilər, lakin Türkiyəyə hər istədiklərini qəbul etdirə bilməyəcəklərini özləri də yaxşı bilirlər. Çünki Türkiyə Avropa nəzdində həzm edilib, udulacaq tikə deyil".

"Avropa Birliyi Türkiyəni içəri alıb Yaxın Şərqlə qonşu olmaq istəmir. Təkcə iqtisadi vəziyyətinə baxsaq, Türkiyə Polşa, Bolqarıstan və Yunanıstan kimi ölkələrdən daha güclü iqtisadiyyata malikdir", — deyə təhlilçi əlavə edib.

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, yaxın 25 il ərzində Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyinə daxil olma şansı yoxdur: "Bu üç dövlət assosiativ əməkdaşlıq barədə müqavilə imzalayıb. Eyni müqavilələr İordaniya, Mərakeş, Misir və s. ölkələrlə də imzalanıb. Bu, heç bir əhəmiyyəti olmayan bir şeydir. Əksinə bu, ölkə hüdudlarını Avropa şirkətlərinin üzünə açdırmaq üçündür. Üstəlik onların boynuna öhdəlik qoyurlar ki, xarici siyasətlərində Avropanın təhlükəsizliyini də nəzərə alsınlar".

Zərdüşt Əlizadə, politoloq
© Photo : STR
Zərdüşt Əlizadə, politoloq

"Yəni, deməyim odur ki, Ukraynanı, Gürcüstanı və Moldovanı nə NATO-ya, nə də AB-yə qəbul etməyəcəklər. Bunu ağlı başında olan hər kəs başa düşür. Bəzi siyasi fırıldaqçılar xalqa nağıl danışırlar, deyirlər, "biz Avropaya daxil olacağıq". Birliyə girəndə nə olacaq ki? AB-nin özündə dərin böhran əlamətləri var", — politoloq Sputnik-ə açıqlamasında deyib.

O, Türkiyənin yarım əsr qapıda gözlədilməsini isə belə dəyərləndirib: "Türkiyəni qəbul etmirlər, ona görə ki, həddən artıq böyük dövlətdir. Həm də müsəlman ölkəsidir. Qərbin Türkiyəni Avropadan saymadığını, Obamanın qitəyə səfərində və keçirdiyi görüşlərdə də görmək mümkündür. Obama Avropada kimlərlə görüşdü? Almaniya kansleri Merkellə, İngiltərə baş naziri Kameronla, Fransa prezidenti Ollandla və İtaliya hökumət başçısı Matteo Renzi ilə. Vəssalam. Bu birliyə Türkiyə daxil olsa, o da Avropanın söz sahiblərindən biri olar".

"Əhalisinə, ordusuna və iqtisadiyyatına görə bu ölkəni birliyə almaqda maraqlı deyillər. Onsuz da dinlərarası, sivilizasiyalararası xeyli müşküllər yaranıb. Odur ki, 100 faiz əmin olun, yaxın illərdə Avropa Birliyi genişlənməyəcək", — siyasi şərhçi vurğulayıb.

Zərdüşt Əlizadə sonda deyib: "Vaxtilə genişlənib, birdən-birə 10 ölkə götürdülər. Əsasən də podsovet ölkələrini. İndi özləri görürlər ki, bu qədər ölkəni idarə etmək mümkün deyil".

117
Teqlər:
Zərdüşt Əlizadə, Moldova, Gürcüstan, Ukrayna, Rusiya, Yusuf Çınar, Türkiyə, Avropa Birliyi, Avropa İttifaqı
Əlaqədar
Böyük Britaniya Avropa Birliyindən ayrılarsa...
Obamanın Avropa mesajları, yaxud "pis müəllimə" qarşı üsyan
Azərbaycan Avropanı Rusiyanın əlindən alır
Avropa yeni İslam yaratmağa hazırlaşır
Avropa Parlamentində böyük qalmaqal
"Avropa İttifaqı 3 milyardı Türkiyəyə ödəməyəcəksə, öz bəxtindən küssün"