İngiltərə Avropa Birliyi

Böyük Britaniya Avropa Birliyindən ayrılarsa...

508
(Yenilənib 13:16 28.04.2016)
İngilislər qurumdan çıxmaqla bağlı qərara "hə" deyərlərsə, ən zəngin qitə yeni siyasi-iqtisadi münasibətlər sisteminə qədəm qoya bilər. Ayrılma qərarından hər iki tərəfin zərər görəcəyi proqnozlaşdırılır.

BAKI, 27 apr — Sputnik. Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması ("Brexit" vəziyyəti —red.), AB-yə üzv ölkələr arasında ən böyük iqtisadiyyatı olan Almaniyaya mənfi təsir göstərəcək. Sputnik xəbər verir ki, Dünya İqtisadi Forumunun bununla bağlı analizində belə qərara gəlinib.

Bildirilir ki, Böyük Britaniyanın ixracatının 50 faizdən çoxu AB ölkələrinə edilir. Böyük Britaniya ümumi idxalatının 6,6 faizini isə AB ölkələrindən reallaşdırır.

Analizdə, "Brexit" vəziyyətində Böyük Britaniyanın xarici sərmayəçiləri ölkəyə cəlb etmək üçün qanunvericiliyində dəyişiklik edə biləcəyi və bunun da Almaniyaya istiqamətli sərmayələri azaldacağı qeyd edilib. Bildirilib ki, Böyük Britaniya Almaniyanın ən çox ixracat etdiyi ölkələr arasında ABŞ və Fransadan sonra üçüncü sıradadır.

Böyük Britaniya xalqı ölkənin AB-dən çıxıb-çıxmaması ilə bağlı bu il iyunun 23-də keçiriləcək referendumda qərar verəcək. Əgər AB-dən ayrılma nəticəsinə gəlinərsə, AB-nin təməl razılaşmasının 50-ci maddəsi tətbiq olunacaq. Həmin maddəyə görə, Böyük Britaniyanın AB-dən çıxış şərtlərinin müzakirə ediləcəyi 2 illik bir müddət başlayacaq.

Bu prosesin nəticəsində əgər bir razılaşma əldə olunmazsa, ayrılma avtomatik olaraq reallaşacaq. Beləcə, ortaq bazara giriş ortadan qalxarkən, Böyük Britaniyanın 53 ölkə ilə davam edən ticarət razılaşmaları da başa çatacaq.

"Britaniyanın strateji planları var"

Zahid Oruc
© Sputnik / Talib Barkhudayev
Zahid Oruc

"Böyük Britaniya Avropa Birliyində onsuz da son illər ərzində xüsusi şərtlər, iddialar ilə çıxış edirdi. Bəlli səbəblərə görə, bu ölkənin Avropa arealında xüsusi iqtisadi və siyasi çəkisi var. Bütün üzv olan 27 dövlət onların bu tələblərinə boyun əyirdi və razılaşırdı".

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Zahid Oruc deyib. Digər tərəfdən, o bildirib ki, Böyük Britaniyanın daha uzaq gedən strategiyası var: "Onlar fərqindədirlər ki, Avropa Birliyində Almaniya və Fransa aparıcı yer tutur və birliyin iqtisadi-siyasi lokomativi rolunda çıxış edir".

"Bundan başqa, Böyük Britaniya AB ilə münasibətlərdə özünün ziyanına olan tendensiyaları gördü. Yəni, onlar hesab edirlər ki, vahid iqtisadi şərtlər bir sıra məqamlara görə bunlara xeyli maddi ziyan vurur. Halbuki, bu hesablamalar dəfələrlə beynəlxalq mediada təsdiq olunub ki, Avropa Birliyində, vahid iqtisadi şərtlərlə Böyük Britaniya özü bundan nə qədər faydalanır", —deyə Z. Oruc vurğulayıb.

Onun fikrincə, görünür, Böyük Britaniyanın başqa strateji planları var: "Onlar imperiya keçmişinə malik olan bir dövlət kimi daha mühüm planlarını həyata keçirmək istəyirlər. Həm də AB-nin son dövrlər məruz qaldığı miqrant axınından özünü qorumaq, bəlkə də elə Avropanı bu miqrant axınında boğmaq üçün müəyyən planları var".

Deputat Böyük Britaniya əhalisində referendumla bağlı vahid fikir olmadığını da qeyd edib: "Siyasi qüvvələrin iddiaları var. Onlar da müəyyən əsaslara söykənir. Ancaq bütövlükdə, Böyük Britaniya əhalisinin vahid bir qüvvə kimi gəlib referendumda Avropa Birliyindən çıxma qərarı verəcəyini gözləmirəm".

"İttifaq daha az zərər görəcək, nəinki London"

Nicat Hacızadə, iqtisadçı ekspert
© Photo : APA
Nicat Hacızadə, iqtisadçı ekspert

İqtisadçı ekspert Nicat Hacızadə Sputnik-ə açıqlamasında deyib ki, Böyük Britaniyanın Avropa İttifaqı büdcəsində müəyyən qədər payı var: "Ona görə də AB o ölkəyə mesajlarını verir ki, birlikdən çıxmasın. Böyük Britaniya AB-dən ayrılarsa, onun birlik ölkələri ilə münasibətləri müəyyən qədər dəyişəcək".

"Ayrılma nəticəsində Böyük Britaniyanın gəlirləri müəyyən qədər azalacaq. İttifaq ölkələrində iqtisadi münasibətlərdə güzəşt amilləri var. Böyük Britaniya AB-dən ayrılarsa, bu güzəştlərdən məhrum olacaq", — ekspert deyib.

Onun qənaətincə, ayrılma həm Böyük Britaniya, həm də İttifaq üçün ziyanlıdır: "Ən çox ziyanı da Böyük Britaniya çəkəcək. Bu ölkənin birlik çərçivəsindəki ticarət müqavilələri var və bunun bir hissəsi ləğv olunacaq. Böyük Britaniyada fəaliyyət göstərən şirkətlərin səhmlərində, eləcə də birliyin digər ölkələrinin bir sıra şirkətlərinin səhmlərində enmələr müşahidə oluna bilər. AB-nin bundan çəkəcəyi ziyan azdır, nəinki Böyük Britaniyanın".

"İri korporasiyalar mərkəzi ofislərini Londondan çıxaracaq"

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Böyük Britaniyanın AB-dən ayrılması ilə bağlı referendumdan "hə" cavabının çıxması realdır. "Düşünmürəm ki, ayrılma olarsa, bu, o ölkənin iqtisadiyyatına çox böyük ziyan vura bilər. Artıq Britaniya iqtisadçıları da bunun fəsadlarını hesablayıblar. Funt-sterlinqin kəskin şəkildə dəyərdən düşməsi baş verə bilər", —deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Onun fikrincə, ayrılma olarsa, Britaniyanın AB ilə ticarət qaydaları dəyişdirilə bilər: "Bu da iri korporasiyaların, bankların, şirkətlərin heç də xoşuna gəlmir. İndidən bəyan ediblər ki, əgər ayrılma olacaqsa, onlar öz mərkəzi ofislərini Londondan çıxararaq digər ölkələrə daşımaq haqqında düşünəcəklər. Burada əsasən iqtisadi yox, siyasi məsələlər önə çıxır".

508
Teqlər:
Nicat Hacızadə, Zahid Oruc, Natiq Cəfərli, Avropa Birliyi, Fransa, Böyük Britaniya, Almaniya, referendum
Əlaqədar
Türkiyə ilə Avropa Birliyi arasında viza rejimi aradan qaldırılarsa...
"Avropa Birliyi Türkiyəyə qarşı qeyri-səmimi davranır"
İngiltərə və Avropa Birliyi razılaşdılar
"Avropa Birliyi Türkiyəyə üzvlük təklif edə bilər"
İngiltərədən Avropa Birliyi taktikası
Avropa Birliyi 4 ölkəyə 370 milyon avro yardım edəcək
Avropa Birliyi qaçqın böhranını həll etmək üçün plan hazırlayıb
Co Bayden, arxiv şəkli

Bayden ABŞ-ı Avropanın oyuncağına çevirəcək

16
(Yenilənib 11:22 28.11.2020)
Qərbi Avropanın məhz Co Baydeni ABŞ prezidenti kimi görmək istədiyi dərhal aydın oldu. Almaniyanın lideri isə “Trampla dörd il daha işləmək” həvəsində olmadığını etiraf etdi.

BAKI, 28 noyabr — Sputnik, İrina Alsknis. Avropa Şurasının rəhbəri Şarl Mişel Co Baydenə "güclü transatlantik alyansın" bərpasını təklif edib. Əgər Bayden Ağ Evə daxil ola bilsə (hadisələrin inkişafı bunun qaçılmaz olduğunu göstərir), bu istəyin reallaşması mümkündür. "Vaşinqton bataqlığının" rafinə edilmiş məhsulu və "qlobal alyansların müdafiçisi" Entoni Blinkenin ABŞ-ın Dövlət katibi vəzifəsinə namizəd gösətirilməsi bu ehtimalı bir az da qüvvətləndirir. Qərbi Avropanın məhz Co Baydeni ABŞ prezidenti kimi görmək istədiyi dərhal aydın oldu – bu qitənin liderləri demokratların namizədini seçkidə qazandığı qələbə münasibətilə təbrik etməyə başladılar. Almaniyanın lideri isə "Trampla dörd il daha işləmək" həvəsində olmadığını etiraf etdi.

Avropa-nın ABŞ-ın rəhbərliyində Vaşinqtonun qeyd-şərtsiz hegemonluğu altında birqütblü dünyanı qoruyub saxlamaq fikrinə qapılmış qlobalistləri görmək istəməsinin səbəbi aydın deyil. Axı bu, "Köhnə Dünya"da davamlı şəkildə güclənən suverenlik və Amerikanın yarı vassal asılılığından qurtulma meyllərinə zidddir.

Düşünmək olardı ki, Avropada da öz ölkələrini ABŞ-a qurban verməyə hazır olan Amerika tərəfdarı qüvvələr üstünlük təşkil etməyə başlayıb. Lakin faktlar bunun əksini göstərir. Məsələn, Almaniya hökuməti ABŞ-ın "Şimal Axını 2"-yə qarşı sanksiya tətbiq etməsinin qəbuledilməzliyi ilə bağlı mövqeyini dəfələrlə vurğulayıb.

Beləliklə, Avropa öz maraqlarını qorumaq və geosiyasi nüfuzunu gücləndirmək məqsədilə iki ayağını bir başmağa dirəməyə davam edir, bununla belə, nəzəri cəhətdən onun üçün qəbuledilməz olan qüvvələrin Vaşinqtonda hakimiyyətə qayıtmasını da həvəslə dəstəkləyir. Bu ziddiyətin səbəbini dörd il əvvəl baş vermiş hadisələrdə axtarmaq lazım gəlir.

Donald Tramp hakimiyyətə gələn kimi ABŞ-ın iştirakı ilə hazırlanmış və hətta imzalanmış bir çox beynəlxalq müqavilədən imtina etdi. Həmin vaxta qədər pis imic qazanmış Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı Alyansı da eyni aqibəti yaşadı. Etirazçılar daha əvvəl Amerikanın bu alyans vasitəsilə Avropanın resurslarını istismar edəcəyi barədə xəbərdarlıq etmişdilər.

Bununla belə, prezidentliyi illərində ölkəsinə iqtisadi fayda gətirmək üçün hər fürsətdən yararlanan Tramp uzun illər Amerikaya "qızıl yumurta" verə biləcək "toyuq" dan çəkinmədən imtina etdi. Üstəlik, dəfələrlə bütün bu razılaşmaların əslində ABŞ üçün heç də faydalı olmadığını vurğuladı. Bəlkə də, Amerikanın biznes sahəsində böyük təcrübəyə sahib bu qızğın vətənpərvərinin sözlərinə qulaq vermək lazımdır.

Qlobalistlərlə (o cümlədən amerikalı qlobalistlərlə) bağlı ən yanlış təsəvvür onların milli maraqlara sahib olduğunu düşünməkdir. Onlar üçün ABŞ əsas maliyyə mərkəzi və planetin ən güclü ordusuna sahib ölkə kimi əhəmiyyət kəsb edə bilər, ancaq təxminən 330 milyon əhalisi olan bu nəhəng ölkə özlüyündə böyük bir yükdür.

Bununla belə, qlobalistlərin bir dünya vətəndaşı kimi tamamilə fərqli yerlərlə bağlı həqiqi maraqları və sentimental hissləri də ola bilər. Məsələn, yuxarıda adı çəkilən Entoni Blinken uşaqlığının böyük bir qismini Parisdə keçirib və avropalı ögey atası onun şəxsiyyətinin formalaşmasına güclü təsir göstərib. Deməli, onun dövlət katibi olaraq yalnız ABŞ-ın milli maraqlarını rəhbər tutacağına dair şübhələr tamamilə təbiidir.

Co Bayden, arxiv şəkli
© Drew Angerer / Getty Images / AFP

Avropa Şurası əvvəlki kimi bir çox məsələlərdə ABŞ-a ehtiyac duyur. Odur ki Avropanın öz ordusunu yaratmaq cəhdləri - bu gün mövcud olan təqlidi ordudan deyil, həqiqi hərbi qüvvədən söhbət gedir - qeyri-ciddi təsir bağışlayır. Bu mənada Avropa üçün Amerikaya alternativ yoxdur və yaxın gələcəkdə də gözlənilmir. Tramp "Köhnə Dünyan"ya verdiyi hərbi "çətir"in əvəzini ən yüksək faizlə almaq niyyətində idi. Ancaq indi Brüssel və ya Berlinin "Vaşinqton bataqlığı" ilə daha yaxşı şətrlərlə sövdələşmək şansı böyükdür.

Digər tərəfdən, AŞ-nin hələ də Rusiyaya qarşı bir tarazlıq mərkəzinə ehtiyacı var. Çünki qərb istiqamətində Moskva üçün kifayət qədər müsbət şərait yaranmağa başlayıb ki, bu da Qərbi Avropa dövlətlərini sevindirə bilməz.

Nəticədə paradoksal vəziyyət yaranır: Avropa əksəriyyətin gözündə ABŞ üçün istifadə oluna bilən material rolunu oynasa da, əslində öz elitasının xəyanətinin qurbanına çevriləcək amerikalıların halına daha çox acımalıyıq. Bu məqamda, necə deyərlər, ölünü qoyub, diri üçün ağlamaq lazımdır.

16
Teqlər:
ABŞ, Vaşinqton, Donald Tramp, ABŞ-ın vitse-prezidenti Co Bayden, Co Bayden, Almaniya kansleri, Almaniya
Qarabağda zərərsizləşdirilmiş minalar, arxiv şəkli

Dağlıq Qarabağın minalardan təmizlənməsinin perspektivləri

73
(Yenilənib 08:23 26.11.2020)
Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gələcək.

BAKI, 25 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Son döyüş əməliyyatları zonasının və Dağlıq Qarabağın digər torpaqlarının minalardan təmizlənməsi yüzlərlə kvadrat kilometrlik ərazidən partlayıcı maddələrin tədricən kənarlaşdırılması deməkdir ki, bu da böyük maddı vəsait (milyonlarla dollar) və onilliklər boyu ağır zəhmət tələb edir. Yalnız bundan sonra həmin torpaqlardan təsərrüfat məqsədilə istifadə etmək mümkündür.

Minalanmış sahələr, partlamamış hərbi sursatlar və əldəqayırma partlayıcı qurğular münaqişədən sonrakı istənilən ərazidə əsas problem hesab olunur. Buna ən son nümunə kimi noyabr ayının 23-də Azərbaycanın Tərtər rayonu ərazisindəki Suqovuşan kəndində baş vermiş hadisəni göstərmək olar. Keçmiş münaqişə zonasında hər gün mülki şəxsləri, hərbçiləri, sülhməramlıları, könüllüləri və xilasediciləri bu cür təhlükələr gözləyir.

Noyabrın 23-də RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin 100-dən çox hərbçisi, habelə 13 hərbi və xüsusi texnika vahidi Yerevana göndərilib. Mühəndislik bölmələri noyabrın 24-də İrəvan - Gorus – Xankəndi marşrutu üzrə hərəkət ediblər. Qabaqcıl könüllülər bölməsi isə artıq noyabrın 23-dən Dağlıq Qarabağda ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsinə başlayıb.

Prioritet vəzifə - sülhməramlıların yerləşdirmə nöqtələrinin, postlar arası hərəkət marşrutlarının və ayrı-ayrı infrastruktur obyektlərinin minalardan təmizlənmənin dərhal həyata keçirilməsidir.

Rusiyalı könüllülər yalnız bir sahədə 30-a yaxın tank əleyhinə mina zərərsizləşdiriblər. Bir qayda olaraq, aşkar edilmiş hərbi sursat xüsusi poliqonda və ya ərazidə partladılaraq məhv edilir.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri bu çətin və gərgin işə Birləşmiş Millətlər Təşkilatının (BMT) mina əleyhinə standartlarına uyğun olaraq hazırlanıblar. Onların sərəncamında bu sahə üzrə ən son texnika – IMP-S2 mina dedektorları və "Uran-6" robot sistemləri var.

Müasir axtarış cihazları və qoruyucu vasitələr Dağlıq Qarabağdakı rus hərbi qulluqçularının, həmçinin digər hərbçilərin və mülki əhalinin sağlamlığı və həyatı üçün riskləri azaltsa da, istisna etmir.

Missiyanın çətinliyi

Müasir yerli və regional münaqişələr döyüş əməliyyatlarının daimi xarakteri, eyni zamanda, birbaşa əməliyyat zonasında və ona bitişik ərazilərdə minalanmış sahələrin, yol kənarlarına basdırılmış bombaların, mina tələlərinin və digər "sürprizlərin" geniş yayılması ilə fərqlənir. Taktiki cəhətdən təsdiqlənmiş, eşelon yerləşdirilməklə möhkəmləndirilmiş (məsələn, yüz kilometrlik cəbhə xətti boyunca) müdafiənin təşkili üçün çox sayda qoşun və resursa sahib olmayan münaqişə tərəfləri alt birlikləri və hərbi texnikanı ayrı-ayrı sahələrə cəmləşdirir və aradakı "boşluqları" da minalarla doldururlar.

Qarabağda, əsasən, keçmiş sovet istehsalı minalardan - tank əleyhinə TM-62 və piyadalar əleyhinə PMN-2-dən istifadə olunub. Bununla yanaşı, həmin partlayıcıların yerləşdirildiyi ərazilərin xəritə-sxemləri çox vaxt, necə deyərlər "diz üstündə" tərtib edilir və sonrdan tez-tez itirilir. İqlim dəyişmələrinin təsiri ilə minalar zamanla sıradan çıxır və minalanmış sahələr "yenilənir".

Çox güman ki, münaqişə tərəfləri yeni minalanmış sahələrdəki partlayıcı hərbi sürsatı heç bir problem olmadan aradan qaldıracaqlar. Lakin bölgədə münaqişə uzun illər boyunca davam etdiyindən, bütün minalanmış sahələrin dəqiq yerini heç kim bilmir. Çoxlu sayda partlamamış və ya döyüş vaxtı tərk edilmiş top mərmiləri isə ayrı bir problemdir. Qarabağ torpağında minlərlə belə partlayıcı obyekt var.

Bir qədər bundan əvvəl Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəhbəri Qəzənfər Əhmədov Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gəldiyini bildirmişdi. Abxaziya və Cənubi Osetiya ərazilərinin minalardan təmizlənməsi təcrübəsi (orada hələ görülməli çox iş var) Qarabağdakı vəziyyətin qlobal miqyasını təsdiqləyir.

Səylərin birləşdirilməsi

BMT-nin Ərazilərinin Minalardan Təmizləmə Xidməti (UNMAS) bu məqsədlə yalnız keçən il 19 ölkəyə (o cümlədən, İraq, Əfqanıstan və Suriyaya) təqribən 495 milyon dollar vəsait ayırıb. Həmin vəsaitlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsinə yönəldilməsi mümkündür.

UNMAS-dan verilən məlumata görə, missiya dekabrın əvvəllərindən etibarən Qarabağda fəaliyyətə başlayacaq. Hər şeydən əvvəl mütəxəssislər dağlıq və meşəlik ərazilərin çətin şəraitində işin həcmini qiymətləndirəcəklər. Yəqin ki, könüllülərin birgə beynəlxalq səyləri qaçqınların münaqişədən sonra bölgəyə qayıtmasını sürətləndirəcək. BMT-nin Baş katibi Antonio Quterreşin bu məsələdə tutuduğu mövqe ümidləri bir az da artırır. O bəyan etmişdi ki, əldə olunan atəşkəs humanitar təşkilatların münaqişə nəticəsində zərər çəkmiş mülki əhali ilə təmasına imkan verəcək. Quterreş, həmçinin Dağlıq Qarabağda Rusiya ilə əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını da bildirmişdi.

73
Teqlər:
münaqişə, Gorus, Xankəndi, RF Müdafiə Nazirliyi, partlamamış hərbi sursatlar, Dağlıq Qarabağ, minalardan təmizlənmə
DİN əməkdaşları, arxiv şəkli

Koronavirus xəstələri evdən qaçmağa davam edir

0
(Yenilənib 15:10 28.11.2020)
Hacıqabuldan olan koronavirus xəstəsi Astara rayonuna gedib, yoluxmuş Füzuli sakini isə evdən çıxaraq həmkəndliləri ilə söhbət edib.

BAKI, 28 noyabr — Sputnik. Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə TƏBİB "Hacıqabul rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Hacıqabul şöbəsindən verilən məlumatına görə, reyd zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Həmidov küçəsi ev 76 ünvanında müalicə alan 1980-ci il təvəllüdlü İsmayılzadə Əvəz Ayazxan oğlunun evində olmadığı aşkar edilib.

Koronavirus xəstəsi ilə əlaqə saxlanılıb və onun Astara rayonunda olduğu müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə isə rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu 20.11.2020-ci il tarixdə COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.

0
Teqlər:
Füzuli, Astara, Hacıqabul, Koronavirus, epidemiya, COVID-19