Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Arxiv

Dağlıq Qarabağ münaqişəsində yolayırımı: tərəflər nədə razılığa gələ bilmir?

2567
(Yenilənib 14:39 27.04.2016)
Azərbaycan və Ermənistan Madridlə Kazan arasında qalıb. Madrid prinsipləri açıqlandığı üçün orada söhbətin nədən getdiyi məlumdur, amma Kazan prinsipləri açıqlanmayıb.

BAKI, 27 apr — Sputnik. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin 2-nə keçən gecə başlayan gərginlik atəşkəsin bərpası ilə bir qədər azalsa da, son iki gündə baş verənlər münaqişəni növbəti təlatümlərə doğru yuvarlayır. Cəbhədə gərginliyin yaşandığı bir dövrdə Ermənistan prezidenti Serj Sarkisyanın "Bloomberg"ə verdiyi müsahibədə danışıqlardan imtina etdiklərini və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmadıqlarını bildirməsi yanan ocağa yağ tökmüş oldu.

Sarkisyan elə həmin müsahibəsində deyib ki, o, 2011-ci ildə Kazan şəhərində Azərbaycan Prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır idi: "Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü".

Эльдар Намазов
© Photo : E.Namazovun şəxsi arxivindən
Эльдар Намазов

Sarkisyanın açıqlaması Azərbaycanda növbəti dəfə bu sualları meydana çıxardı: Axı Kazan prinsipləri nədən ibarət idi? Niyə Ermənistanın razılıq verməyə hazır olduğu bir şeyi Azərbaycan qeyd-şərtsiz qəbul etməkdən imtina etdi?

Xatırlatsaq ki, daha əvvəl Ermənistan da yenilənmiş Madrid prinsiplərindən imtina etmişdi, onda Madrid və Kazan prinsiplərinin nədən ibarət olduğunu, tərəflərin məhz hansı məsələdə prinsipial razılıq əldə etmədiyini aydınlaşdırmaq zərurəti yaranır. Sputnik bu məsələlərlə bağlı politoloq Eldar Namazovun fikirlərini öyrənib.

Namazov qeyd edib ki, Madrid prinsipləri açıqlandığı üçün orada söhbətin nədən getdiyi məlumdur, amma Kazan prinsipləri açıqlanmayıb: "Madrid prinsiplərini Ceyms Uorlik Karnegi fondunda ətraflı izah etdi. Orada 3 prinsip və 6 element açıqlandı. Amma Kazan sənədi dərc olunmadığından, heç kəs dəqiq bilmir ki, o sənədin əsas prinsip və elementləri nədən ibarətdir".

Politoloqun sözlərinə görə, Rusiya Kazan sənədini təqdim edəndə düşünürdü ki, tərəflər bu sənədə razılıq verə bilərlər: "Ancaq Kazan sənədləri imzalanmadı. Azərbaycanın bu sənədi imzalamamasının səbəbi o idi ki, orada cəmi beş rayonun qaytarılmasından söhbət gedirdi. Qalan iki rayonun isə Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı referendumun keçirilməsindən sonra həll olunması məsələsi qoyulurdu. Bu isə bizdən çox ermənilərin tələbinə uyğun gəlir".

"Ona görə də, Azərbaycan tərəfinin bu tələblə razılaşmaq ehtimalı sıfıra bərabər idi. Çünki Azərbaycanın tələbi qəti şəkildə belə qoyulub ki, Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxmalıdır. Ondan sonra Dağlıq Qarabağa yüksək status vermək məsələsinə baxılmalıdır", —deyə E. Namazov vurğulayıb.

O həmçinin deyib ki, Kazan prinsiplərini rəsmi səviyyədə, yalnız Sarkisyan ümumi şəkildə açıqlayıb: "Orada söhbət 5 rayonun qaytarılmasından və Dağlıq Qarabağda referendumun keçirilməsindən gedir. Azərbaycan və Rusiya tərəfi isə rəsmən Kazan prinsiplərini açıqlamayıb. Bu prinsiplər barədə müəyyən açıqlamalar verən Sergey Markov isə Rusiya rəsmisi hesab oluna bilməz və odur ki, onun fikirlərinə də rəsmi mənbə kimi istinad etmək düz olmazdı. Amma Sarkisyan münaqişə tərəflərindən birinin prezidentidir. Ola bilsin, o, sənədi təhrif edir, amma fakt bundan ibarətdir ki, Azərbaycan bu prinsiplərlə razılaşa bilməzdi. Həm də nəzərə almaq lazımdır ki, Kazan prinsipləri Minsk qrupu həmsədrlərindən yalnız bir tərəfin — Rusiyanın təklif etdiyi prinsipdir. Hər üç tərəfin mövqeyini əks etdirmir".

Namazov Kazan prinsipləri ilə bağlı maraqlı bir məqama da toxunub. Qeyd edib ki, RF-in Cinayət Məcəlləsində Rusiyanın ərazi bütövlüyünün dəyişdirilməsinə çağırışa görə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur: "İndi necə ola bilər ki, Rusiya özü Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə bir dövlətin ərazi bütövlüyünün dəyişdirilməsi ilə bağlı çağırış etsin və bunu nizamlama prinsiplərindən biri kimi Kazan sənədinə əlavə etsin?! Azərbaycanın danışıqların istənilən mərhələsində birmənalı mövqeyi ondan ibarət olub ki, münaqişə dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapa bilər. Bu prinsip beynəlxalq hüquqla təsbit olunub. Ermənistan isə, xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edir".

Qeyd edək ki, Ceyms Uorlik Karnegi Fondunda Qarabağ münaqişəsinin həllinə dair çıxışında yenilənmiş Madrid prinsiplərinə əsasən sülhün 6 elementindən söz açıb. Həmin elementlərdə Dağlıq Qarabağa müvəqqəti aralıq statusun verilməsi, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin olması, ancaq onun Laçın rayonunu bütünlüklə əhatə etməməsi vurğulanırdı. Elementlərə görə, qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüquqları tanınmalı və nizamlanmanın sülhyaratma əməliyyatı da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı olmalıdır. Uorlik onu da demişdi ki, tərəflər hər bir bəndin detalları ilə bağlı razılığa gələ bilmədiyi üçün, bu elementlər BMT Xartiyası və Helsinki Aktının baza prinsipləri ilə birlikdə, münaqişənin davamlı həllinin əsasını təşkil edəcək.

Qeyd edək ki, Uorlikin nəzərdə tutduğu BMT Xartiyasında xalqların öz müqəddəratını təyinetmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və işğal altında olan və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə müəyyən olunub. 1975-ci il Helsinki Yekun aktında isə deyilir: "BMT Nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşacaqlar".

Madrid prinsipləri — Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən real sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Burada göstərilir ki, ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar belə sıralanıb: Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonunun 13 kəndi.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

Kazan prinsiplərinin detalları isə, E.Namazovun da qeyd etdiyi kimi ictimaiyyətə tam açıqlanmayıb. Beynəlxalq Əməkdaşlıq üzrə İctimai Palata Komissiyasının sədri Serqey Markov bildirib ki, bu prinsiplərə əsasən, Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır. Ermənistan isə bunun əvəzində həmin rayonların hərbisizləşdirilməsini, sərhədə sülhməramlı qüvvələrin yeridilməsini əldə edir ki, bu, sülhə daha möhkəm təminat verir. Bundan savayı, Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır. Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etməsidir. Sülhməramlı qüvvələr məsələsində isə mübahisələr mövcuddur.

Kazan prinsipləri 2011-ci ilin 24 iyun tarixində Rusiyanın həmin dövrdəki prezidenti Dmitri Medvedyevin Kazanda təşkil etdiyi prezidentlərin görüşündə müəyyənləşdirilmişdi.

2567
Teqlər:
Eldar Namazov, Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti, Minsk Qrupu, həmsədrlər, danışıqlar, Qarabağ
Əlaqədar
Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ problemini müzakirə ediblər
Yaxın zamanlarda Qarabağda növbəti genişmiqyaslı hərbi əməliyyatların şahidi ola bilərik
Fransalı nazirdən Bakıda qalmaqallı Qarabağ bəyanatı
Artıq Qarabağ danışıqlarının "donu" açılıb
"Dağlıq Qarabağla bağlı müəyyən təkliflər masa üzərindədir"
Rusiyadan Qarabağ mesajı: "Məsələnin həllinə çox yaxınıq"
S-400 zenit-raket sistemi, arxiv şəkli

Rusiyanın S-400 sistemləri dörd ölkəni "ələ keçirdi": bəs sonra?

23
(Yenilənib 16:50 16.01.2021)
Əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək

BAKI, 16 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin dinc yolla ekspansiyası Avrasiyanın yeni ölkələrini əhatə edir. Çin, Türkiyə, Hindistandan sonra Belarus Respublikası da hərbi hava və hava hücumundan müdafiə qüvvələrini "Triumf"larla yenidən silahlandırmağa hazırlaşır.

İraq, Qətər və Mərakeş (Afrika qitəsinin şimal-qərb hissəsi) də S-400 sistemlərini əldə etmək mərhələsindədir. S-400 zenit raket kompleksinin (ZRK) dünyada uğurlu inkişafının əsasında yaxın analoqlarının olmaması, misilsiz döyüş xüsusiyyətləri dayanır.

Yanvarın 14-də Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-mayor İqor Qolub ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "beşinci nəsil" F-22 və F35 döyüş təyyarələrinin döyüş qabiliyyətləri nəzərə alınmaqla xüsusi olaraq hazırlanmış hava hücumundan müdafiə bölmələrini ən son S-400 "Triumf" sistemləri ilə yenidən silahlandıracaqlarını elan etdi. NATO Avropaya yüzlərlə F-35 yerləşdirməyi planlaşdırır.

Bundan başqa, qoşunlar "Pantsir-S" ZRK-nın təkmilləşdirilməsi məqsədilə müqavilə öncəsi iş aparır. MI-35 çoxməqsədli hücum helikopterləri və Rusiya istehsalı olan SU-30SM qırıcılarının ikinci partiyası üçün müqavilələr imzalanıb.

Belarus qoşunları 2021-ci ildə yeni "Protivnik-Q" və "Vostok" radarlarını da qəbul edəcək. Bundan əvvəl Rusiya Federasiyasında istehsal olunan yeni "Sopka-2" üç koordinatlı marşrut əsaslı S zolaqlı radiolokasiya sistemi ölkənin hava məkanını qorumaq üçün (Baranoviçi rayonu ərazisində) döyüş tapşırığı alıb. Qərbin sanksiyaları və iqtisadi çətinliklər Rusiyanı Belarus ordusu üçün yeganə silah tədarükçüsünə çevirir.

Beləliklə, Belarus respublikasının səması istənilən təcavüzkar üçün aşılmaz qalaya dönür.

Nikbin dinamika

Rusiya ilə aktiv hərbi-texniki əməkdaşlıq yeddi MDB ölkəsi də daxil olmaqla, dünyanın əlli dövlətinin təhlükəsizliyini və suverenliyini gücləndirir. Xarici mütəxəssislər Rusiya Federasiyasında istehsal olunan döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini ən təsirli müdafiə vasitəsi hesab edirlər.

Çin S-400 "Triumf" ZRK-nın ilk xarici müştərisi olub. S-400 hava hücumundan müdafiə sistemlərinin iki alay dəstinin tədarükü üzrə Rusiya-Çin müqaviləsi 2014-cü ilin noyabrında imzalanmışdı.

Bir dəstin tərkibinə - mobil komanda məntəqəsi, iki diviziya buraxılış qurğusu, radiolokasiya stansiyaları və iki növ 120-dən çox yeni zenit idarəolunan raketi daxildir.

"Triumf"dan ilk uğurlu atəş Çin mütəxəssisləri tərəfindən 2018-ci ilin dekabrında həyata keçirildi və təxminən 250 km məsafədə 3000 m/s sürətlə uçan ballistik hədəfi məhv etdi.

Çin S-400 sistemlərinin ikinci alay dəstini 2019-cu ilin dekabrında aldı. Rusiya "Triumf"larının Çində əsas üstünlükləri - 400 km-ə qədər hərəkət məsafəsinə sahib olması (dünyada heç bir "yer-hava" raket sistemi buna qadir deyil), düşmənin Radio Müşahidə və Nişan Alma təyyarələrini məhv etmək xüsusiyyəti (döyüş əməliyyatları zamanı hədəf təyinatlarını aradan qaldırmaq üçün) və uzaq məsafədən kəşfiyyat apara bilməsidir. S-400 sistemləri Çin Xalq Respublikası ətrafındakı periferik və mübahisəli sahələri etibarlı şəkildə idarə etməyə imkan verir.

Türkiyə isə Rusiya ilə 2017-ci ildə S-400 "Triumf" hava müdafiə sisteminin alınması barədə razılığa gəlib, müqavilənin dəyəri 2,5 milyard dollardır. Bu, ABŞ-Türkiyə münasibətlərində ciddi böhrana səbəb olub. Türkiyəni sanksiyalarla, eləcə də F-35 qırıcılarının istehsalı proqramından xaric etməklə hədələyən Vaşinqton Ankaradan tələb etdi ki, Rusiya ilə müqavilədən geri çəkilsin və Amerikanın "Patriot" komplekslərini alsın. Ankara ABŞ-ın ultimatum tələblərini yerinə yetirmədi və 2019-cu ilin yayında S-400 zenit-raket komplekslərinin dörd diviziyasını (birinci dəst) aldı.

Türkiyə ikinci dəsti də əldə etmək və beləliklə, ölkədəki mühüm obyektlərin qorunması üçün ən etibarlı və müasir hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindədir. Sınaqlar zamanı Ankara yaxınlığında yerləşdirilən S-400 sistemi 600 kilometr uzaqlıqdakı RLS-in əhatə dairəsinin sərhədində F-16 Fighting Falcon qırıcısını aşkarladı. Yəni, döyüş xəbərdarlığı rejimində hava hədəflərinin aşkarlanması və məhv edilməsi avtomatik rejimdə həyata keçirildikdə F-16 Fighting Falcon qırıcıları Ankaradan 400 kilometr məsafədə "Triumf" tərəfindən məhv edilə bilər.

Türkiyə ilə S-400 zenit raket sistemlərinin ikinci dəstinin (alayının) tədarükü ilə bağlı prinsipial razılıq 2020-ci ilin iyun ayında əldə edilib.

Hindistan isə 2018-ci ilin oktyabr ayında Rusiya ilə beş S-400 alay dəstinin çatdırılması üzrə 5,43 milyard dollarlıq bir müqavilə imzalayıb. Dehli ABŞ-ın çoxsaylı təzyiqlərinə baxmayaraq bu məsələdə qərarlıdır. "The Times of India" qəzetinin yazdığına görə, Rusiya "Triumf"ları Hindistanın qərb, şimal və şərq bölgələrində (Çin və Pakistanın təhdid spektri nəzərə alınaraq) yerləşdiriləcək və ölkənin hava hücumundan müdafiə sistemində inqilab edəcək. S-400 zenit-raket kompleksinin istismarı və döyüş istifadəsini öyrənmək məqsədi ilə 100 hindistanlı mütəxəssisdən ibarət ilk qrup 2021-ci il yanvar ayının sonunadək Rusiyaya gələcək. Hindistanda "Triumf"ların ilk alay dəstinin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin beş alay dəstinin hamısını 2025-ci ilə qədər bu ölkəyə çatdırmaq niyyətindədir.

"Triumf" perspektivləri

Hazırda Mərakeş, Qətər və İraqla "Triumf"ların alınması ilə bağlı danışıqlar aparılır. Bundan əvvəl isə Əlcəzair, Vyetnam, Misir, Səudiyyə Ərəbistanı və ümumilikdə 12-dən çox ölkə Rusiyanın S-400 zenit-raket kompleksini almaqda maraqlı olduğunu bildirmişdi.

Xarici tələbat ixracat təklifini üstələyir (Rusiya Aerokosmik Qüvvələri yenidən silahlanmanın prioriteti olaraq qalır). Halbuki ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə Qanununa (Prezident Donald Tramp tərəfindən 2017-ci ilin avqust ayında imzalanan) uyğun olaraq, bu dövlətlərə qarşı sanksiyalar tətbiq oluna bilər. Lakin dünyanın ən yaxşı uzaq mənzilli hava müdafiə sistemi olan S-400-ə gedən yolun qarşısını sanskiyalarla almaq mümkün deyil.

"Triumf" sistemləri dünyanı dəyişir. Məsələn, əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək. Odur ki, Vaşinqtonun öz dünyagörüşü konsepsiyasını düzəltməsi və İranla "danışıq üslubu"nu bir daha gözdən keçirməsi qaçılmazdır. Çünki bu artıq İraqda baş verir.

ABŞ-ın İraqdakı səfirliyi və hərbi bazaları sistematik olaraq raket hücumlarına məruz qalır. Amerika zenit raket kompleksləri raket hücumlarının dəf edilməsinin öhdəsindən gələ bilmir. Bağdadın "yaşıl bölgəsində" partlayan mərmiləri ABŞ-ı diplomatik heyətin böyük hissəsini təxliyə etməyə və iraqlılardan Rusiyadan aldıqları "Pantsir-S" hava hücumundan müdafiə raket kompleksini kirayəyə götürməyə məcbur edib.

Gəlin yenidən S-400 zenit raket komplekslərinə qayıdaq. "Triumf"ların vacib üstünlükləri RLS-in hərtərəfli görmə qabiliyyəti və dörd növ raketdən istifadənin çevikliyidir (çoxsəviyyəli hava hücumundan müdafiənin formalaşması).

Müxtəlif tip raketlərin istifadəsi hipersəsli hədəfləri, döyüş təyyarələrini, pilotsuz təyyarələri, qanadlı, taktiki və ballistik raketləri mövcud olan bütün yüksəkliklərdə (5 m-dən 30 km-ə qədər) və məsafələrdə (2km-dən - 400 km-ya qədər) effektiv şəkildə məhv etməyə imkan verir.

"Triumf"un bir batareyası 72-yə qədər idarə olunan raketə sahib ola bilər və onlardan eyni vaxtda 4800 m/s-yə qədər sürətlə uçan 36 hədəfə atəş açmağa qadirdir. S-400 kompleksi müxtəlif növ hava hücum sistemlərini (S-300, "Pantsir"-S1, "Tor"-M1) özündə birləşdirə və hər cür radielektron müqavimət şəraitində fərqli mənzillərdəki hava müdafiə sistemlərini idarə edə bilər.

Yeri gəlmişkən, 2021-ci ildə rus qoşunları 200 km yüksəkliklərdə müharibəyə hazır olan inqilabi S-500 kompleksini əldə edəcək. Deməli, Rusiyanın hərbi-texniki sahədəki tərəfdaşlarının bu yeni  sistemi əldə etmək üçün növbəyə düzülmə vaxtı da gəlib çatıb.

23
Teqlər:
Rusiya, S-400 zenit-raket kompleksi
Rüşvət

Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə, əlavə problemlər yarana bilər - Ekspert rəyi

28
(Yenilənib 09:43 16.01.2021)
Əliməmməd Nuriyev: "Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovdan sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs edilib. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində ölkədə korrupsiyaya qarşı mübarizənin hazırkı vəziyyətini şərh edib.

- Əliməmməd müəllim, il təzə başlayıb və artıq iki vəzifəli şəxs korrupsiya ittihamları ilə həbs olunublar. Dövlət şirkətlərində və onun nəzarətində olan digər strukturlarda korrupsiyaya şərait yaradan hansı amillərdir?

- Artıq korrupsiya ittihamları ilə həbslərin sayını itirmişəm. Bu məsələnin bir neçə tərəfi var ki, əvvəlcə onlara aydınlıq gətirilməlidir. Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır. Dövlət şirkətlərində aşkar edilən korrupsiya hallarının müxtəlif səbəbləri var. Korrupsiyaya şərait yaradan hallardan biri neopotizmin mövcudluğudur. Eyni zamanda, dövlət satınalmaları ilə bağlı proseslərin ciddi təftişinə ehtiyac duyulur. Belə satınalma prosesləri bir çox hallarda qanunpozuntuları ilə həyata keçirilir. Açıq tenderlərin keçirilməsinə imkan verilmir. Çox vaxt satınalmalarda həmin şəxslərin yaxın qohumlarına məxsus şirkətlər qalib olurlar.

- Həbs edilən şəxslər haqqında səsləndirilən ittihamlarda göstərilir ki, onlar bir neçə il ərzində rəhbərlik etdikləri strukturları korrupsiya mexanizmi ilə idarə ediblər. Korrupsiya hallarının baş verə bilməməsi üçün hansı tədbirlər görülməlidir?

- Əlbəttə, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər görülür. Amma ümumilikdə bu proses ictimai nəzarət tələb edir. Dövlət şirkətlərinin idarəetmə sisteminə ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri cəlb olunurlar ki, bu da şəffaflığa mane olan səbəblərdən biridir. Mən hesab edirəm ki, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri həmin idarə heyətlərinin müşahidə şuralarına cəlb edilməlidirlər. Hesabatlılığın və müstəqil monitorinq nəzarət sisteminin olmaması korrupsiyaya şərait yaradır. Bununla belə, korrupsiya ilə mübarizədə mühüm siyasi iradənin ortada olmasını görürük.

- Ümumiyyətlə, korrupsiya ilə mübarizə necə təşkil edilməldir?

- Vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyası təqdim edilmir. Bununla bağlı məsələlər tamam sükunət halındadır. Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq. Maliyyə və əmlak amnistiyaları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Bu qərarın verilməsi maliyyə sektoruna əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Dövlətimiz Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işlərinə başlayıb. Həmin işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də korrupsiya ilə mübarizəni ardıcıl davam etdirməsək, bu əlavə problemlərə gətirib çıxara bilər.

28
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

0
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

0