Müsəlmanlar

Alman istehsalı din, yaxud "Müsəlman - made in Germany"

619
(Yenilənib 18:29 15.04.2016)
Avropada yeni İslam "yaradılması" çağırışları müsəlman dünyasında birmənalı qarşılanmır. Tanınmış ilahiyyatçı və dinşünaslar arasında yeniliyə müsbət yanaşanlar da var, əks reaksiya doğuracağını düşünənlər də.

BAKI, 15 apr — Sputnik. Avropa, İslam fundamentalistlərinin törətdiyi bir neçə terror aktı ilə qarşılaşandan sonra, bu coğrafi məkanda məskunlaşmış müsəlmanlarla necə rəftar etmək barədə baş sındırmalı olub. Suriya başda olmaqla İŞİD-in tapdağı altında qalan Orta Şərqdə həyata keçirilən hərbi əməliyyatlar Avropanı əməlli-başlı miqrant axını ilə üz-üzə qoyub.

Avropa aylardır, müsəlman miqranlarla bağlı böhranı necə aradan qaldırmaq barədə düşünür. İllər əvvəl Avropanı multikultural bir müstəviyə çevirməyi hədəfləyən ölkələr artıq bir-birinin ardınca bu dəyərlərdən imtina etməyə başlayır.

Qapılarını müsəlman miqrantların üzünə bağlayan Avropada miqrant axınının yükünü ən çox çəkən Almaniyadır. O Almaniya ki, multikulturalizmin beşiyi sayılırdı. Amma Almaniyanın federal kansleri Angela Merkel öz çıxışlarında açıq mətnlə deyir ki, "multikulturalizm Avropaya bədbəxtliklər gətirir və Avropanı bu dəyərdən imtina etməyə vadar edir".

Bəlkə də elə bu günlərdə Angela Merkeli hökumət başına keçirən siyasi qüvvənin — Xristian-Sosialist Birliyi Partiyasının baş katibi Andreas Şoyerin Avropada İslamın ayrıca cərəyanını yaratmağı hədəfləyən qanunçuluq təşəbbüsü ilə çıxış etməsinə məhz bu amil səbəb olub. Şoyer deyib ki, Almaniyada fəaliyyət göstərən məscidlərin xaricdən maliyyələşdirilməsinə qadağanı nəzərdə tutan, Almaniyada İslam haqqında qanun qəbul olunmalıdır.

"Xaricdən, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanından məscidlərin və müsəlman uşaq bağçalarının maliyyələşməsi dayandırılmalıdır. Bütün imamlar Almaniyada təhsil almalıdır, onlar Almaniyanın əsas dəyərlərini paylaşmalıdır", deyən Şoyerin fikrincə, müsəlmanlar ibadətlərini alman dilində etməlidir.

Xristian-Sosialist Birliyinin yaxında Şoyerin bu təklifini Bundestaqın müzakirəsinə çıxaracağı istisna edilmir.

"Rusiya təcrübəsini öyrənsinlər"

Sputnik Almaniyanın daxilində baş verən bu problemlərin doğurduğu "İslam haqqında qanun"a müsəlman aləminin necə yanaşdığını aydınlaşdırmaq istəyib. Agentliyin bununla bağlı müraciət etdiyi Rusiya Müftiləri Şurası sədrinin birinci müavini Ruşən Abbasov sözügedən təklifə müsbət yanaşdığını deyib

"Mənim fikrimcə, bu, doğru addımdır. Avropadakı miqrantlar mütləq cəmiyyətə inteqrasiya olmalıdırlar, məskunlaşdıqları dövlətin dilini öyrənməlidirlər. Amma bu zaman öz milli kimliklərini — dinlərini, dillərini, mədəniyyət və adət-ənənələrini unutmamalıdırlar!", —sədr müavini bildirib.

Abbasov Qərbi Rusiyadan nümunə götürməyə çağırıb: "Mən Qərbi Rusiya təcrübəsini nümunə götürməyə çağırıram. Bizim ölkədə İslam təhsili sistemi dövlət tərəfindən maliyyələşdirilir. Təlimlər rus dilində keçirilir ki, bu da miqrant-tələbələrə Rusiya cəmiyyətinə daha tez adaptasiya olunmaq imkanı verir. Təhsili başa çatdırdıqdan sonra tələbələr teologiya ixtisası üzrə dövlət diplomu alırlar. Və biz nəticədə hazırda Avropanın üzləşdiyi çətinliklərlə üzləşmirik".

"Şərt deyil ki, ibadəti məhz ərəb dilində edəsən"

Azərbaycanlı ilahiyyatçı Elşad Mirinin fikrincə, hər bir dövlət çalışır ki, sabah ona problem yarada, qarşı çıxa, terror anlayışına gətirə biləcək məsələlərdən özünü sığortalasın: "Əgər bu gün Avropa İslam deyəndə Əfqanıstandakı Talibanı, yaxud, İraqdakı, Suriyadakı İŞİD-i nəzərdə tutursa, özünü sığortalamağa çalışacaq. Bütün bunlar hər bir dövlətin təhlükəsizliyi üçün də vacibdir".

"Digər tərəfdən insanlar bilmək istəyirlər ki, görəsən həqiqətən də müsəlmanların əllərində əsas kimi tutduqları bu kitabda nə yazılıb?! Bu gün Avropadakı problemləri yaradan İslam, Allahın endirdiyi din deyil, insanların uydurduğu dindir. Ona görə də avropalılarda İslamla bağlı fərqli təsəvvür formalaşıb", —deyə ilahiyyatçı qeyd edib.

E. Mirinin sözlərinə görə, bu gün Avropada, Almaniyada İrandan, Türkiyədən, Səudiyyə Ərəbistanından gəlmiş din adamlarının dini təbliğ etməsinə qarşı müqavimət çox düzgündür: "Amma ibadətləri alman dilində etmək bir qədər doğru çıxmır. Sən dualarını yenə də alman, ingilis dilində edə bilərsən. Buna heç kəs məhdudiyyət qoya bilməz".

Onun fikrincə, uşaq bağçalarının, məscidlərin xaricdən maliyyələşdirilməsi düzgün deyil: "Yerli bələdiyyələr, dövlət qurumları bu maliyyələşməni öz hesablarına həyata keçirə bilərlər".

İlahiyyatçı hesab edir ki, namazda ərəbcə oxunan bir neçə surədən başqa, duaları istənilən dildə etmək mümkündür: "Allah bu dilləri özü yaradıb və bilir ki, dua edən nə deyir. Sadəcə mahiyyət ondan ibarətdir ki, ərəb dili bütün müsəlmanları "Quran" ətrafında birləşdirən vasitədir. Namazda ərəbcə deyilən sözlər cəmi 15-16 sətirdir. Əgər 15-16 sətirlik sözün mənasını bilməyəcəyiksə, onu öyrənməyəcəyiksə, o namazı niyə qılırıq?".

İlahiyyatçının sözlərinə görə, İslamda belə bir şərt yoxdur ki, namazı, ibadəti məhz ərəb dilində etməlisən: "Əbu Hənifə demişdi ki, əgər sən yaşlısansa, öyrənməkdə çətinlik çəkirsənsə, öz dilində namaz qıla bilərsən. Amma peyğəmbərimizin ətrafında Efiopiyadan, Bizansdan və s. olan insanlar var idi. Onların heç birinin namazı hansı dildə qılmaq problemi olmamışdı. Orada məqsəd namazı qılmaq idi. Sadəcə bir detala fikri vermək lazımdır ki, biz "Quran"ı tərcümədə oxuyuruq. Amma oxuduğumuz sözlər "Quran" — Allahın dediyi sözlər deyil, kimlərinsə sözləridir. Bu gün "Quran"ı tərcümə edən şəxs təzədən onun ikinci tərcüməsini ortaya çıxarır. Amma heç kəs deyə bilməz ki, ""Qurani-Kərim" ikinci nəşrdir, Allah əvvəl elə demişdi, indi belə deyib". Ona görə də müəyyən surələrin orijinalda olması daha məntiqidir".

"İnsan haqlarının fundamental prinsiplərinə ziddir"

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli isə deyib ki, hər bir xalqın dinə yanaşmasında müəyyən fərqlər ola bilər: "Bu, dini dünyagörüşü ilə bağlı məsələdir. Amma hər bir ölkənin özünə uyğun İslam modeli yaratması mümkün görünmür. Bu nəticə verən iş də deyil".

"Əlbəttə, bu, hər bir dövlətin daxili işidir, istəyər, xarici din adamlarının ölkə məscidlərində moizələr oxumasına imkan verər, istəyər verməz. Yaxud məscidlərin, müsəlman uşaq bağçalarının xaricdən maliyyələşib-maliyyələşməməsi məsələsini müəyyənləşdirə bilər. Bu, o ölkənin daxili təhlükəsizlik məsələsidir. Ola bilsin ki, almaniyalı deputat İslam haqqında qanunun yaradılmasını təklif edərkən, Avropadakı dini təhlükəni və terrorla bağlı problemləri göz önünə gətirib", —deyə Hacı Şahin bildirdi.

Almaniya demokratik ölkə olduğuna diqqət çəkən Ş. Həsənli İslamın da demokratik dəyərlərə üstünlük verən din olduğunu qeyd edib: "Amma demokratiyanın başlıca dəyərlərindən biri də insan hüquqlarına, onların dini azadlıqlarına, inanclarına hörmətlə yanaşılmasıdır. Müsəlmandan ibadəti alman dilində etməyi, namazı bu dildə qılmağı tələb etmək, onun fundamental hüququnu pozmaq deməkdir. Əlbəttə, alman dilində dini söhbətlər aparmaq olar, moizələr oxumaq olar, dua da etmək olar. Amma namazda oxunan surələr məhz "Quran"ın nazil olduğu dildə, ərəb dilində olmalıdır".

"Bu, müsəlmanlar arasında əks-reaksiyaya gətirib çıxara bilər"

QMİ sədrinin nümayəndəsi hesab edir ki, indi Avropada bu məsələnin gündəmə gətirilməsi sırf terror təhlükəsi ilə bağlıdır: "Amma bu şəkildə ortaya atmaq da təhlükəlidir. Bu, müsəlmanlar arasında əks-reaksiyaya gətirib çıxara bilər. Avropalı müsəlmanlar bunu özlərinə qarşı diskriminasiya kimi də dəyərləndirə bilərlər".

"Amma bu məsələnin ölkə qanunvericiliyi ilə tənzimlənməsi normaldır. Moizələrin alman dilində oxunması yaxşıdır. Bu, xüsusilə uşaqlara İslamı daha düzgün başa düşməkdə kömək edər. Həm də almanlar İslamı daha yaxşı başa düşərlər və bu dinə hörmətləri artar", —Həsənli əlavə edib.

Vaxtilə Türkiyədə də "Quran"ın türkcə oxunmasına uğursuz cəhdlərin olduğunu xatırladan Hacı Şahin, müqəddəs kitabda namazda oxunan surələrin hansı dildə olması barədə heç nəyin yazılmadığını deyib: ""Quran"da bu barədə heç nə yazılmasa da, peyğəmbərin özünün sünnəsi var. Qeyri millətlərdən olanlar İslamı qəbul edəndən sonra "Quran"ı ərəb dilində oxumağı öyrənmişdilər".

"Yeni problem yaratmaq istəyirlər"

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Tofiq Abbasov isə alman deputatın təklifini multikultural dəyərlər nöqteyi-nəzərindən belə izah edib: "Almaniyada və inkişaf etmiş digər Qərb ölkələrində müsəlman icmalarının problemləri çox kəskin şəkildə durub. Onlar müxtəlif bəhanələrlə, yerli hakimiyyət orqanları, mərkəzi və yerli parlamentlər qarşısında qanun layihələri, müxtəlif sənədlərlə çıxış edirlər. Çalışırlar ki, müsəlman icmalarının inkişafına, onların dini mərasimlərinin keçirilməsinə məhdudiyyətlər qoysunlar, onları hansısa çərçivəyə oturtsunlar".

"Bilirik ki, Almaniya ilə Türkiyə rəhbərliyi arasında problemlər var. Bəzi qüvvələr istəyirlər ki, mətbuatdakı abırsız çıxışları, karikaturları filan bir yerə qatıb özlərindən yeni problem çıxarsınlar. Əmindirlər ki, əgər belə bir şey olarsa, İslam dövlətlərinin tərəfində olan qüvvələr onlara sinə gərə, onları dəf edə biləcəklər. Bu, hələlik ilkin addımdır. Əgər hansısa qanunlar qəbul olunacaqsa, addımlar atılacaqsa, yəqin ki, müsəlman birliklər buna münasibətlərini bildirəcəklər", —deyə T. Abbasov vurğulayıb.

619
Teqlər:
Elşad Miri, Ruşən Abbasov, Andreas Şoyer, Tofiq Abbasov, Angela Merkel, Hacı Şahin, müsəlman, İslam, Almaniya
Əlaqədar
Ərdoğandan müsəlman ölkələrinə tarixi çağırış
Qafqaz Müsəlmanları İdarəsi qanunun qəbuluna mane olub
Rusiyada "Müsəlman mədəniyyəti günləri" keçiriləcək
Müsəlman dünyasında böyük silahlanma: hədəfdə kimdir?
Müsəlman dünyasındakı 110 illik gerçəklik
Müsəlmanların İslama uyğun olmayan şəkildə dəfn edildiyi qəbiristanlıq
Azərbaycanın bu bölgəsində müsəlmanlarla xristianlar birgə ibadət edirlər
Neft platforması, arxiv şəkli

Niyə məhz indi? Bakı Aşqabadın razılaşması nədən xəbər verir

173
(Yenilənib 13:54 22.01.2021)
"Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Mütəxəssislər Azərbaycan və Türkmənistan arasında ötən gün əldə olunan Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu tarixi hadisə adlandırırlar. Belə ki, bu anlaşma Xəzər dənizində uzun illərdir Kəpəz/Sərdar yatağı üzrə mübahisələrə son qoymaqla yanaşı, iki ölkə - Azərbaycan və Türkmənistan arasında olan əlaqələri daha üst mərhələyə çıxarmağa imkan verəcək.

Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb və qeyd edib ki, bu yataq, həmçinin yataqdakı iş ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Sputnik Azərbaycan Anlaşma Memorandumu, onun əhəmiyyəti və bu memorandumun niyə məhz indi imzalanması ilə bağlı "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri, politoloq İlqar Vəlizadə ilə həmsöhbət olub.

Politoloq qeyd edib ki, bu memorandumun indi imzalanması ondan xəbər verir ki, Azərbaycan və Türkmənistan bununla bağlı artıq bir neçə ildir danışıqlar aparıblar. Onun sözlərinə görə, birdən-birə belə bir razılaşma ərsəyə gələ bilməz: "Niyə məhz indi? Yəqin ki, bununla bağlı bir sıra nüanslar var. Ehtimal edirəm ki, onlardan biri də təhlükəsizliklə bağlı məsələlər idi. Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı. Çünki bu, Kəpəz/Sərdar – indiki adı ilə "Dostluq" yatağının işlənməsi və hasil ediləcək resursların ixracı üçün müəyyən risklər yaradırdı.

Aydındır ki, ixrac üçün ən optimal istiqamət Qərb – Avropadır. Həmçinin bu istiqamət üzrə Azərbaycan və digər ölkələr də daxil olmaqla hazır infrastruktur layihələri var. Yəni yeni bir infrastruktur layihəsinin qurulmasına ehtiyac yoxdur. Ona görə də hazır xammalın xarici bazarlara daşınması üçün yaxşı imkan var. Bu memorandumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından qısa müddət sonra imzalanması artıq Türkmənistan rəhbərliyinin təhlükəsizliklə bağlı narahatlığının sona çatması kimi də dəyərləndirilə bilər".

"Cənubi Qafqaz" siyasi klubunun rəhbəri qeyd edib ki, rəsmi Bakı hələ on il əvvəl Aşqabada "Dostluq" yatağının birgə işlənməsini təklif edib: "Bu təklifdə yatağın bərabərhüquqlu şəkildə istismarı, hasilatın bərabər bölünməsi yer alır. Üç il bundan əvvəl – 2018-ci ilin martında İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu memoranduma bənzər razılaşma - həmsərhəd zonada yerləşən yataqların birgə istismarına dair razılaşma İran tərəfi ilə də imzalanmışdı. Lakin İranla bağlı beynəlxalq proseslərə (ABŞ-ın nüvə razılaşmasından çıxması, İrana qarşı sanksiyaların tətbiqi – red.) görə yataqların işlənməsi istiqamətində heç bir praktiki addımlar atılmayıb. Amma "Dostluq" yatağının istismarı üçün belə maneələr yoxdur".

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan və Tükmənistanın əldə etdiyi razılaşmanın başqa bir əhəmiyyəti isə bundan ibarətdir ki, bu yataq Trans-Xəzər qaz layihəsinin həyata keçirilməsi üçün təkan verə bilər: ""Dostluq" yatağında 50-100 milyon ton neft, 30 milyard kub metr qaz ehtiyatları var. Bu, təbii sərvətlərlə kifayət qədər zəngin yataqdır. Bu yataqdan çıxarılan qazın Cənubi Qaz Dəhlizi layihəsi ilə Qərbə - Avropaya tədarükü də realdır. Bu isə Cənub Qaz Dəhlizi layihəsinin, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından Qafqaz regionunun əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycanı artıq neft-qaz ixracatçısından əlavə, bir enerji habına, tranzit ölkəsinə çevirəcək".

173
Teqlər:
təhlükəsizlik, ekspert, qaz, neft, yataq, qərar, Türkmənistan, Azərbaycan
Manat, arxiv şəkli

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? partiya rəsmiləri açıqlayır

32
(Yenilənib 00:33 22.01.2021)
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

32
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş

Azərbaycan Britaniya hərbi sahədə əməkdaşlıq edəcəklər?

0
(Yenilənib 16:41 22.01.2021)
Səfir Ceyms Şarp deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcək.

BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

0
Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri, Böyük Britaniya