Əhməd Obalı - GünAZ TV-nin sahibi

Əhməd Obalı: Millət Xameneyi tərəfdarlarını rədd etdi

621
(Yenilənib 18:34 27.03.2016)
Əhməd Obalı: "İranın hədəfi kürdlərə kömək etmək yox, kürd-türk qarşıdurması yaradıb bundan öz mənafeləri üçün istifadə etməkdir."

BAKI, 27 maqrt-Sputnik. Güney Azərbaycan milli hərəkatının liderlərindən biri, ABŞ-dan yayımlanan GunAzTV-nin sahibi Əhməd Obalı ilə müsahibə.

- İrandakı son seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- İranda iki önəmli seçki keçirildi: Ali qanunverici orqan olan Məclisə və rəhbərliyi təyin edən Məclise-Xobreqana, yaxud Ekspertlər Məclisinə seçkilər keçirildi. Hər iki seçkilərdə seçiləcək üzvlər əvvəlcədən təyin olunur və ona görə də təbii ki, əsla və əsla demokratik və ədalətli seçkilər kimi qiymətləndirmək olmaz. Amma hər halda millətin önünə qoyulmuş təyinatlardan seçilmiş adamların siyahısına baxanda görürük ki, nəticələr mühafizəkarlar və inqilab keşikçiləri korpusunun istəklərinin əleyhinə olub. İranla Qərbin yaxınlaşmasına meyl göstərən insanlara daha çox səs verildi, nəinki İranla Qərbin daimi düşmənçiliyini istəyənlərə.

Əlbəttə ki, mühafizəkarlar bu seçkidə uduzdu, həm də çox böyük fərqlə uduzdu. Diqqət etsəniz, Tehranda mühafizəkarların siyahısının başında gələn Qulaməli Həddad Adil belə uduzdu. Tehran və ətrafından məclisə 30 nəfərin seçilməsi nəzərdə tutulur ki, bu yerlərə islahatçılar, yaxud da ortaq xətt tutan qrupun-hansı ki, Ruhaniyə və Rəfsancaniyə dəstək verirdilər-tərtib etdiyi siyahıdakı 30 namizədin hamısı istisnasız olaraq seçildi. Bunların içində yeddi-səkkizi tanınmış simalar idi. Yerdə qalanlar isə tanınmış deyildilər. Hətta bəzilərinin adı heç eşidilməmişdi. Ancaq adları islahatçıların siyahısında olduğu üçün onlara səs verdilər. Tehranla o biri şəhərlərin fərqinə baxanda görürük ki, Tehranda islahatçıların səs alması siyasi cəhətdən böyük mesaj idi. Tehranın başqa şəhərlərlə fərqi ondadır ki, digər şəhərlərdə namizədlər iqtisadi məzmunlu vədlər verirlərsə, Tehranda daha çox siyasi xarakterli proqramlarla seçkiyə gedilir, məsələn, nisbi də olsa, müəyyən azadlıqlarla bağlı danışılır.

 Odur ki, islahatçıların həm Milli Məclisdə, həm Eksperlər Məclisinə seçkilərdə böyük qələbə qazanması mühafizəkarlara ağır zərbə oldu. Məncə bir məsələyə diqqət etmək lazımdır ki, mühafizəkarlıq, Qərblə düşmənçilik siyasəti uduzdu. Hətta islahatçıların siyahısında bəzi mühafizəkar baxışlı namizədlər də var idi və bunu seçicilər də bilirdi. Amma onlara səs verdilər, çünki islahatçıların siyahısında idilər. Beləliklə, görürük ki, başda Xamneyi olmaqla mühafizəkarlar millət arasında öz legitimliyini itirməkdədirlər. Millət onları rədd etdi.

- Sizcə sözügedən seçkilərin nəticələrinin Azərbaycan türklərinin Güneydəki milli hərəkatına hansı təsirləri olacaq?

— Keçmişdəki məclis seçkilərindən fərqli olaraq belə qərara gəldik ki, bu seçkilərdə millət aktiv olsun. Çünki meydanı boş qoyanda bundan başqaları istifadə edirlər. Milli fəallarımız da, biz də televizyon olaraq bu qərara gəldik ki, millət meydanda olsun. Nəticədə gördük ki, namizədlərin bir çoxu milli məsələni gündəmə çıxardılar. Təbrizin, Urmiyənin, Ərdəbilin, Muğanın və bir çox şəhərlərin namizədləri, birinci mərhələdə seçilən nümayəndələri Ana Yasanın 15-ci maddəsinin tələbini, yəni türk dilində təhsil hüququnun həyata keçirilməsinin vacibliyini qaldırdılar. Bu baxımdan mədəni fəaliyyətimizin gedişatında sözügedən mərhələdən istifadə etməyimiz çox yaxşı oldu və düşünürəm ki, seçkilərin ikinci mərhələsində də həmin taktikadan istifadə olunmalıdır. Bu ancaq hərəkatımızın xeyrinədir. Bizim bu taktikamız rejimin maraqlarına ziddir. Rejim istəyərdi ki, biz passiv olaq, ancaq biz onu etmədik.


- "İslahat", yaxud orta xətt tərəfdarlarının məclisdə təmsilçiliyi hərəkat üçün nə vəd edir?

— Biz mühafizəkarlara, islahatçılara və ya İranın içində olan hər hansı bir qola ümid bağlayıb evdə oturacağıqsa, səhv edirik. Ümidimiz öz fəaliyyətimizə olmalıdır. Tələblərimizi millətin elitasına, nümayəndələrinə çatdırmalıyıq. Rejim bizim passivliyimizi istəyir, ancaq biz aktiv olmalıyıq. Necə? Yaradılan istənilən şəraitdən istifadə etməklə. Necə ki, "Traktor" timinin oyunlarında milli şüarlar səsləndirirlər. Məclisə seçkilər də bir şəraitdir və biz bundan da yararlanmalıyıq. Əgər etməsək, bir də qalacaq dörd ildən sonraya. Qaldıqca da geri gedirik.

- İranın Qərblə münasibətlərinin nisbi normallaşması fonunda Azərbaycan türklərinin Güneydəki milli hərəkatının zəifləyəcəyi ilə bağlı bədbin proqnozlar səsləndirilir. Sizcə, bu yaxınlaşma İrandakı Azərbaycan türklərinə nə vəd edir?

— İran kimi teokratik, qeyri-demokratik dövlətlərin dünya ilə problemi olanda, bu vəziyyət həmin ölkənin ərazisində haqları tapdanan azlıqlara, müxaliflərə uyğun görünür. Bu baxımdan İran da istisna deyil. İran rejiminin Qərblə ixtilafları, problemləri olarsa, onun müxalifləri də bu şəraitdən istifadə edə bilərlər, öz səslərini dünyaya duyura bilərlər. Azərbaycanlıların isə vəziyyəti fərqlidir. Mübarizə tariximiz göstərir ki, biz heç zaman İranla Qərb arasında olan ən ağır böhrandan belə düzgün istifadə edə bilməmişik. Sözümüzü lazımi qədər eşitdirə bilməmişik və lazımi şəkildə təşkilatlanaraq özümüzü təsdiqləməmişik. Gördüyümüz işlər 30 milyonluq bir millət üçün qənaətbəxş hesab oluna bilməz. Daha çox işlər görə, ciddi nəticələr əldə edə bilərdik.

Madam ki, özümüz şərait yarada bilməmişik, yaranmış şəraitlərdən, fürsətlərdən faydalanmalıyıq. Əgər böhrandırsa, böhrandan, münasibətlər yaxşıdırsa, bu vəziyyətdən istifadə etməliyik. İndi münasibətlər normallaşır. Şəxsən bu fikirdəyəm ki, hazırki yaxınlaşma bir fürsətdir. Əvvəllər də müəyyən şərtlər var idi, lakin İndi daha yaxşı şərait yaranıb. Əgər enerjimizi toplaya, birləşə bilsək, daha çox işlər görə bilərik. Hazırda bizim mübarizəmiz üçün daha əlverişli şərait mövcuddur. İranla Qərbin arasında buzların əriməsi İranı məcbur edir ki, cəmiyyətə müəyyən azadlıqlar versin. Bizim mübarizəmiz kürdlərdən fərqli olaraq silahlı deyil, sivil, mədəni mübarizədir. Bu cür mübarizə taktikası üçün cəmiyyətdə müəyyən azadlıqların olması vacibdir. Bu baxımdan düşünürəm ki, hazırki durum bizim taktikamıza uyğundur.

- Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin İran səfərini necə qiymətləndirirsiniz?

— Azərbaycan bizim öz ölkəmiz, öz dövlətimiz olduğuna görə Azərbaycan Cümhuriyyətinin xarici ölkələrlə, o cümlədən, qonşuları ilə münasibətlərin yaxşılaşmasını təqdir edirik və dövlətimizin milli mənafelərinə uyğun hesab edirik. Bu, dolayısı ilə bizim də xeyrimizədir. Xüsusən də İranın Qərblə münasibətlərinin normallaşmasından sonra edilən bu səfəri xeyirli hesab edirik. Səfərin nəticələrini müsbət qiymətləndiririk.

- Hazırda İran dövlətinin ərazisində kürdlərin türklər yaşayan ərazilərdə məskunlaşdırılması siyasəti yürüdülür, daha doğrusu davam etdirilir. Halbuki kürdlərin regiondakı mövcud mövqeyi İİR hakimiyyəti üçün ciddi təhlükə vəd edir. İranın bu siyasətini necə şərh edərdiniz?

— Bu məsələnin tarixi kökləri, səbəbləri var. İran islamdan sonra təxminən 1000 ildən artıq bir dövrdə Azərbaycan türklərinin idarəçiliyində olub. Sarayda türk Qacar əyanlarının tabeçiliyində xidmət edən məmurlarının bir çoxu farslar idi. Fars milliyyətçiliyi heç zaman bununla barışmayıb. Azərbaycan türklərinə qarşı düşmənçilik davam edib. 1905-11-ci il Məşrutə inqilabı Qacarlar sülaləsinin süqutunu sürətləndirdi və diktatorun hakimiyyəti ələ keçirməsinə səbəb oldu. Təəssüf hissi ilə qeyd edim ki, Səttərxanın qəhrəmanlığına baxmayaraq, onun rəhbərliyi ilə başlayan inqilab Azərbaycan-türk sülaləsinin süqutuna, Azərbaycan türklərinə nifrət bəsləyən Pəhləvi sülaləsinin taxta çıxmasına səbəb oldu. Mən bu hadisəni tariximizin qara səhifələrindən hesab edirəm. Ona görə ki, öz əlimizlə özümüzə zərbə vurub diktatorun hakimiyyətə gəlməsinə kömək etmişik.

Pəhləvilərin hakimiyyəti dövründə fars şovinizmi siyasəti həyata keçirildi, Azərbaycan türkləri ən amansız təzyiqlərə məruz qaldılar. Səbəb həm tarixi türk düşmənçiliyi, həm də azərbaycanlıların gücündən qorxu idi. Azərbaycanlıların Təbrizi uzun müddət əllərində saxlayıb Qacar qoşunlarını darmadağın etmələri bu qorxunu daha da artırmışdı. Azərbaycan türklərini Pəhləvilər qarşı da ciddi təhlükə hesab edirdilər. Ona görə hakimiyyətə gələn kimi cənubda ərəblərə, şimal-qərbdə Azərbaycan türklərinə qarşı fiziki və mədəni təzyiqlərə başladılar. Azərbaycan türkləri ən ağıq fiziki, sosial-iqtisadi məhrumiyyətlərlə qarşılaşdılar. Firdovsinin "Şahnamə"sindəki antitürk ruhu Pəhləvilərin etnik, mədəni siyasətində aparıcı xətt təşkil etdi və İslam inqilabından sonra da islam adı altında davam etdirildi. Azərbaycan türklərinə qarşı mübarizədə kürdlərdən də istifadə edirdilər. Əslində kürdlərdən o qədər də razı deyillər. Məqsəd dil və kök yaxınlığını ortaya atıb bizim əleyhimizə qaldırmaq üçün onlardan sui-istifadə etməkdir. Təəssüf ki, kürdlər də özləri bilmədən panfarsist siyasətə xidmət ediblər. Görürük ki, kürdlərin Urmiyə ətrafına yerləşdirilməsi dörd mərhələdə, ayrı-ayrı vaxtlarda həyata keçirilib.

Əvvəlcə, 1918-ci il Güneydəki erməni soyqırımları zamanı Urmiyə ətrafında zorla boşaldılan Azərbaycan kəndlərinə kürdləri yerləşdirdilər. Sonra Rza şahın və daha sonra oğlu Məhəmməd Rza şahın zamanında kürd aşirətləri həmin bölgəyə yerləşdirildilər. Nəhayət, İran-İraq müharibəsi zamanı Xomeyninin göstərişi ilə həmin siyasət davam etdirilib. Bu siyasət hazırda da davam edir. Məqsəd bölgədə etnik balansı dəyişmək, türk amilini zəiflətmək və beləliklə, Türkiyə ilə Azərbaycan arasında kürd zolağı yaratmaqla türkləri bir-birindən ayırmaqdır. Farslarla dil yaxınlığını əsas gətirərək guya kürdlərə kömək edirlər. Hədəfləri kürdlərə kömək etmək yox, kürd-türk qarşıdurması yaradıb bundan öz mənafeləri üçün istifadə etməkdir. Qəti əmin edirəm ki, kürdlər bu siyasətə uymasalar, İran hakimiyyətinin bizə qarşı münasibəti necədirsə, onlara qarşı da eyni olacaqdır.

621
Teqlər:
Səttərxan, Pəhləvi, Məşrutə inqilabı, Qacarlar sülaləsi, Qacar, Muğan, Urmiyə, Ana Yasa, Traktor, Güney Azərbaycan, Ekspertlər məclisi, islahatçılar, Ərdəbil, Ayətullah Əli Xameneyi, Təbriz, Tehran, seçkilər, İran, İran deputatları
Əlaqədar
Demokratik seçki olsa, İran türk dövlətinə çevriləcək
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır
İrandakı seçkilər bölgənin demokratikləşməsinə ciddi impuls verə bilər
İranda seçkilər başa çatıb, ilkin nəticələr açıqlandı
İrandakı seçkilərdə mühafizəkarlar qalib gələ bilər
İl-76

Rusiya yeni "Məhşər günü" təyyarələrini inşa edir: üçüncü nəslin xüsusiyyətləri

25
(Yenilənib 18:36 28.07.2021)
Bu təyyarənin vurulması çox təhlükəlidir: bu cür hipotetik vəziyyətdə, təyyarənin yerə düşdüyü 2-3 dəqiqə ərzində onlarla düşmən ölkəni Yer üzündən silə biləcək.

 

BAKI, 28 iyul — Sputnik. Tezliklə İl-96-400M təyyarəsi əsasında hazırlanmış yeni komanda idarəetmə məntəqəsi Rusiyanın Müdafiə Nazirliyinin istifadəsinə veriləcək. "Zveno-S" layihəsi çərçivəsində iki ədəd yeni təyyarə Voronej aviasiya zavodunda yığılır.

Hava komanda məntəqəsi (HKM) qlobal hərbi münaqişə baş verdiyi təqdirdə (nüvə müharibəsi), hətta düşmən bütün yerüstü idarəetmə məntəqələrini məhv etsə belə, Ali Baş Komandana və Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəhbərliyinə bütün qoşun növləri və strateji nüvə qüvvələrini etibarlı şəkildə idarə etməyə imkan verir. Bu cür yüksək texnoloji səviyyədə olan aviasiya kompleksini dünyada yalnız iki dövlət yaratmaq iqtidarındadır – Rusiya və ABŞ.

Rusiyanın yeni HKM-i Amerika analoqundan onunla fərqlənir ki, o, bir neçə "Məhşər günü"nə hesablanıb və istənilən təcavüzkardan əvəz çıxılmasını təmin edir.

Bəs HKM vurulsa, necə olacaq?

Rusiyanın ən yeni HKM-ni aşkar və məhv etmək çətindir. Təyyarənin yüksək səviyyədə səyyar fəaliyyət göstərmək qabiliyyəti, müasir radioelektron mübarizə vasitələri, düşmən radarları və peykləri üçün demək olar ki, gözəgörünməz olması, radioaktiv şüalanmadan mühafizə sistemi, sürət, uzun məsafələrə və ən yüksək hündürlüklərdə uçmaq qabiliyyəti HKM-ə yerüstü, yeraltı və ya sualtı komanda məntəqələri ilə müqayisədə böyük üstünlüklər verir.

Təyyarə əlavə yanacaq doldurulmaqla sutkalarla havada qala bilər. Düşünürəm ki, HKM-i vurmaq çox təhlükəlidir: bu cür hipotetik vəziyyətdə, təyyarənin yerə düşdüyü 2-3 dəqiqə ərzində Baş qərargahın operativ qrupu onlarla düşmən ölkəni Yer üzündən silə biləcək.

Müasir müharibə - nə Hollivud döyüş filmi, nə də eyni dağıdıcı gücə malik zərbələrin mübadiləsidir. Münaqişə tərəfləri bütün döyüş vəziyyətlərində ssenariləri çevik şəkildə dəyişə bilərlər.

Burada Rusiya SQ-nin ümumi vəziyyəti, planlaşdırma və rabitə sistemləri, nüvə silahının döyüş tətbiqi alqoritmləri, dövlət başçısı və Ali Baş Komandanın siyasi iradəsi böyük əhəmiyyət kəsb edir.

Üçüncü nəsil HKM-in işlənib hazırlanması xarici hərbi təhlükənin ciddiliyindən xəbər verir.

Rusiyanın "Məhşər günü" təyyarələrinin olması faktının özü belə Pentaqon və NATO-dakı qızmış başların üstünə soyuq su səpir və qlobal hərbi münaqişəni qeyri-müəyyən vaxta qədər uzadır.

Üçüncü Dünya müharibəsi üçün komanda məntəqəsi

Rusiya qoşunları getdikcə daha çox mükəmməl, avtomatlaşdırılmış idarəetmə sistemləri, silahlar və süni intellekt elementləri ilə təchiz olunurlar. Strateji nüvə qüvvələri fəal şəkildə yenilənir. Kosmik kəşfiyyat və rabitə vasitələri inkişaf etdirilir.

"Məhşər günü" təyyarəsinin radiorabitə kompleksi 6000 km radiusda əmrləri qoşunlara, o cümlədən strateji aviasiyanın, göyərtəsində strateji nüvə silahları daşıyan sualtı qayıqların ekipajlarına, səyyar və şaxtalı raket-atəş qurğularının heyətlərinə çatdırmağa imkan verir.

Üçüncü nəsil HKM unikal xüsusiyyətləri, funksiyalarının artırılması, uzun müddət fəaliyyətdə qalmaq, enerjidən qənaətlə istifadə etmək qabiliyyəti ilə fərqlənir. Təyyarədə ali komanda heyətinin, Baş qərargahın əməliyyat qrupu zabitləri və texniki mütəxəssislərin saatlarla işləməsi üçün rahat şərait yaradılıb. Qlobal münaqişə baş verdiyi təqdirdə Rusiyanın əsas komanda məntəqəsi əlavə yanacaq doldurulmaqla bir neçə sutka ərzində fasiləsiz uçuş gözləyir.

Bütün bunların əsası isə etibarlı daşıyıcıdır. İl-96-400 təyyarəsi əslində nəhəng gücü və təhlükəsizliyi ilə məşhur olan İl-96-300 təyyarəsinin yükgötürən variantıdır. Müasir materiallar təyyarənin kütləsini azaltmağa imkan verib ki, bu da onun möhkəmliyi və qənaətcilliyini təmin edib.

İl-96-300 təyyarəsinin xüsusi modifikasiyaları Rusiya Federasiyanın prezidenti üçün 1 №-li göyərtə qismində istifadə olunur və silahlı qüvvələrin Ali Baş Komandanı funksiyalarını yerinə yetirilməsi üçün uyğunlaşdırılıb.

PS-90A1 mühərriki ilə təchiz olunmuş və daha çox yük qaldırmaq qabiliyyətinə malik olan İl-96-400 təyyarəsi hazırda mövcud olan və perspektiv avtomatlaşdırılmış bütün döyüş idarəetmə sistemləri ilə işləməyə qadir olan kompleks üçün etibarlı bir bazadır.

Təyyarənin İl-96-400M mülki variantı 370 nəfər sərnişin daşımağa qadirdir. Rusiya aviasiya sənayesinin buraxdığı təyyarələr arasında ən uzun məsafəyə uça bilən İl-96-dır. Lakin buna baxmayaraq Rusiyanın ucqar guşələrində ehtiyat aerodromları və müvafiq infrastruktur obyektlərinin olması zəruridir.

SQ Baş qərargahının mütəxəssisləri geniş miqyaslı hərbi münaqişənin strateji (kompüter) ssenarilərini modelləşdirdiyi vaxtda bir neçə "Məhşər günü" təyyarəsi baza aerodromunda sakitcə dayanıb öz vaxtını gözləyir.

Hazırda mövcud olan HKM İL-86 təyyarəsi əsasında yaradılıb və İL-80 adlanır. Bu cür ikinci nəsil təyyarələrindən cəmi dörd ədəd inşa olunub. Üçüncü nəsil HKM-in yaradılması barədə qərar ikinci nəsil təyyarənin 2019-cu ildə modernləşdirilməsi ilə eyni vaxta təsadüf edib.

Amerikalı analoqlar

ABŞ hərbi hava qüvvələrinin sərəncamında dövlətin ali rəhbərliyi üçün dörd ədəd müasir komanda məntəqəsi var. Həmin komanda məntəqələri “Boeing” 747-200 geniş göyərtəli sərnişin təyyarəsini əsasında yaradılıblar. Bu təyyarələrdən nüvə müharibəsi zamanı, yerüstü komanda məntəqələri məhv edildiyi təqdirdə, təyinatı üzrə istifadə olunacaq.

“Boeing” 747-200 təyyarəsinin mülki versiyasının maksimum 374,8 ton çəki ilə havaya qalxa bilə, 895 km/saat sürətlə, maksimum 13750 m hündürlükdə uça bilər. Təyyarə ən uzağı 10670 km məsafəyə uça bilər, göyərtəsində isə 490 sərnişin üçün yer var. “Boeing” 747-200F təyyarəsinin yük bölməsində 113 ton yük daşımaq mümkündür.

Amerika komplekslərinin imkanlarını bir neçə nümunə üzərində qiymətləndirmək mümkündür.

ABŞ-ın “Boeing” C-32 təyyarəsi bazasında yaradılmış müasir strateji idarəetmə məntəqəsi yerüstü infrastruktur olmadığı və ya düşmən tərəfindən yerüstü idarəetmə məntəqələri, rabitə qovşaqları və xətləri məhv edildiyi təqdirdə qoşunların operativ toplanması zamanı müxtəlif tapşırıqların həlli üçün nəzərdə tutulub. Bundan əlavə, həmin təyyarələr Federal fövqəladə hallarda fəaliyyət agentliyinin (FEMA) mobil idarəetmə məntəqələri qismində də istifadə oluna bilər.

C-32A təyyarəsinin göyərtəsində yeni avadanlıq, naviqasiya və rabitə sistemləri quraşdırılıb. Təyyarənin sərnişin kabinəsi bir neçə hissəyə bölünüb: hərbi rəhbərliyin iş kabineti, iclas üçün otaqlar, əməliyyat qrupunun otaqları, rabitə qovşağı və istirahət otaqları (ehtimal ki, HKM-in də daxili bölmələri eynilə bu cürdür).

İlk bu cür təyyarə “Boeing”in Sietldəki zavodunda 19 iyun 1998-cil tarixdə istifadəyə verilib. Ümumilikdə dərd ədəd bu cür təyyarə inşa olunub ki, onların da hər biri hava komanda məntəqəsi və "Minitmen" qitələrarası ballistik raketlərin idarə olunması məntəqəsi funksiyasını yerinə yetirə bilər.

E-6B “Mercury” təyyarəsi “Boeing” 707-320 təyyarəsinin əsasında yaradılıb və “General Electric” şirkətinin F108-CF-100 markalı turboreaktiv mühərrikləri ilə təchiz olunub. Təyyarə maksimum 155 ton kütlə ilə havaya qalxa bilər, 972 km/saat sürətlə 12000 m hündürlükdə uça bilər. Faktiki olaraq təyyarə ən çox 12810 m hündürlüyə qalxa bilər. Təyyarə əlavə yanacaq doldurulmadan döyüş növbəsində 12400 km uçmağa qadirdir. Əlavə yanacaq doldurmaqla təyyarə maksimum 72 saat havada qala bilər. Təyyarənin ekipajı 14 nəfərdən ibarətdir, operativ strateji komanda heyəti mütəxəssislərinin maksimum sayı isə 8 nəfərdir.

ABŞ-da ilk hava komanda məntəqələri 1965-ci ildə yaradılıb. Onlar xüsusi vasitələrlə təchiz olunmuşdu və onlara KС-135А yanacaqdoldurma təyyarəsi əlavə yanacaqla təmin edirdi. Bu təyyarələr ABŞ SQ Ali Baş Komandanının təyyarələri idi və Merilend ştatındakı Endrüs bazasından havaya qalxırdılar. Bir müddət sonra bu təyyarələr “Boeing” E-4A təyyarələri ilə əvəz olundu. ABŞ HKM-lərinin Avropa və Sakit okeanda baş verə biləcək döyüş əməliyyatları üçün ayrı-ayrı variantları da var idi.

Rusiya və ABŞ arasında yüksək texnologiyalar sahəsində strateji yarış davam etməkdədir.

Eləcə də oxuyun:

25
Teqlər:
Rusiya, təyyarə
NATO hərbçiləri, arxiv şəkli

Amerikalı hərbçilər Rusiyaya daha yaxın yerlərə köçməyə hazırlaşırlar

28
(Yenilənib 15:11 28.07.2021)
,
İraqda 2,5 min nəfər amerikalı əsgər qalıb. Ölkədə olan yeganə hərbi baza Bağdaddan 160 km Şimalda yerləşən Ayan əl-Əsəd bazasıdır

BAKI, 28 iyul — Sputnik. Birləşmiş Ştatlar Yaxın Şərqdən getdikcə daha çox uzaqlaşırlar. Ölkənin Əfqanıstandakı hərbi kontingenti çıxarılıb, İraqdakı hərbi missiya başa çatır. Rəsmi şəxslər terrorçuluq üzərində qələbə çalındığını bildirirlər. Lakin bu sözlər ancaq siyasi pərdə də ola bilər. Bəs amerikalı hərbçilər indi hara yollanacaqlar və iraqlılar bundan sonra dinc həyat sürə biləcəklərmi? Bu barədə RİA Novosti-nin materialında.

İkinci gediş

"ABŞ üçün İraq Yaxın Şərqdə vacib ölkədir və mənim bütün karyeram ərzində biz onun işlərinə dərindən cəlb olunmuşuq", — deyə Co Bayden Ağ Evdə İraqın baş naziri Mustafa əl-Kazemi ilə görüşünün əvvəlində bildirib. Qeyd edək ki, 2003-cü ildə amerikalılar İraqa soxularkən ABŞ-ın hazırkı prezidenti senator olub.

Ağ Ev ilk dəfə İraqda döyüş əməliyyatlarının başa çatdığını 2010-cu ildə bəyan edib. O zaman Bayden vise-prezident idi. Lakin bundan dörd il sonra İslam dövlətinə* qarşı "Sarsılmaz qətiyyət" əməliyyatı başlanıb. İndi isə Co Bayden bu ölkədə missiyanın başa çatdığını rəsmən bəyan edib.

"Bizim İraqda bundan sonra rolumuz əlçatan olmaqdan, tədrisi davam etdirməkdən, İraq təhlükəsizlik qüvvələrinə köməkdən ibarət olacaq", — deyə prezident izahat verib.

Lakin prezident bundan başqa heç bir izahat verməyib. Bayden hətta jurnalistlərin dekabra qədər İraqda məhz hansı qoşunların qalacağı barədə sualına da cavab verməyib.

"Bu, həmin vaxta qədər mövcud olacaq konkret situasiyadan asılı olacaq", — deyə Ağ Evin spikeri Cen Psaki dəqiqləşdirib.

Pentaqondan bildiriblər ki, Birləşmiş Ştatlar "yaxın Şərqin problemlərinə göz yummaq yox, onların həllinə bir qədər fərqli yanaşmalıdırlar". Ölkədə az sayda hərbçi saxlanacaq. Bundan sonra bütün diqqət "Çin və Rusiyadan gələn təhlükəyə" yönəldiləcək.

Son məlumatlara görə, İraqda 2,5 min nəfər amerikalı əsgər qalıb. Ötən ilin sonunda prezident Donald Tramp artıq hərbi kontingenti azaltmışdı. Ölkədə olan yeganə hərbi baza Bağdaddan 160 km Şimalda yerləşən Ayan əl-Əsəd bazasıdır.

Qalıq risklər

2017-ci ildə İD* üzərində qələbənin elan olunmasına rəğmən terror aktları davam edir. Ötən həftə islamçılar Bağdadın bazarlarından birinin yaxınlığında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüblər. hadisə nəticəsində ən azı 30 nəfər həlak olub.

İran tərəfindən dəstəklənən yaraqlı dəstələri amerikalılara hücum edirlər. Mart ayında Ayn əl-Əsəd raketlərdən atəşə tutulub, nəticədə bir nəfər həyatını itirib. May ayında isə bazaya göyərtəsində partlayıcı maddə olan pilotsuz uçuş aparatı (PUA) hücum edib, iyulda – yenidən raketlər və üç nəfər yaralı.

Mustafa əl-Kazemi Vaşinqton üçün dost baş-nazir hesab olunur. O, İranla əlaqədə olan qruplaşmaların qarşısını almağa çalışıb. Lakin eyni zamanda o, ABŞ aviasiyasının Suriya sərhədi boyunca iranmeylli birləşmələrə endirdiyi zərbənin İraqın suverenliyini pozduğunu bildirərək pisləyib.

ABŞ-da isə öz növbəsində ölkənin bərpa edilməsində baş nazirin uğurlarını qeyd edirdilər. İyunda İordaniya kralı II Abdulla və Misir prezidenti Abdel Fəttah əl-Sisi Bağdada səfər ediblər. Bu, 1990-cı illərdən bəri İraqı ziyarət edən ilk Misir lideridir.

Birləşmiş Ştatlar həmçinin COVAX beynəlxalq proqramı çərçivəsində İraqa 500 min doza Pfizer peyvəndi çatdırmağı da öhdəsinə götürüblər. Baydenin sözlərinə görə, preparat yaxın iki həftə ərzində bu ölkəyə çatdırılacaq. Bölgədə xəstəlik sayı artıb, bundan əlavə xəstəxanalarda yanğın halları da artıb.

Hər şeydən əlavə, Vaşinqton bir neçə dəfə təxirə salındıqdan sonra oktyabrda keçiriləcək parlament seçkilərində BMT-nin müşahidə missiyasına da 5,2 milyon dollar vəsait ayıracaq. Ekspertlərin qənaətinə görə, əl-Kazeminin seçkilərdə qələbə şansları heç də pis deyil.

"Siyasi pərdə"

Lakin, RİA Novosti-nin ekspertləri hesab edirlər ki, ABŞ-ın İraqdan tamamilə çıxıb getməsindən söhbət getmir.

Politoloq, Rusiya beynəlxalq məsələlər üzrə şurasının eksperti Yelena Suponina bildirib ki, Vaşinqton bu vacib strateji yer uğrunda uzun müddət mübarizə aparıb. Onun fikrincə, qoşunların çıxarılması barədə deyilənlər "siyasi pərdə"dir, çünki amerikalı seçicilərə verilmiş vədləri yerinə yetirmək lazımdır.

İraqda ictimai rəy də vacibdir. "Yerli siyasətçilər Mustafa əl-Kazemiyə təzyiq göstərirlər. Ölkədə siyasi vəziyyət qəlizdir, baş nazirin mövqeyi möhkəm deyil", — deyə ekspert bildirib.

Şərqşünas və publisist Aleksey Ontikov hesab edir ki, yeddi il əvvəl, Birləşmiş Ştatlar İraqa qayıdarkən terrorçuluqla mübarizə bir reallıq idi.

"Amerikalılar İD* üzərində qələbədə böyük rol oynadı. Əlbəttə, onların məsələn, Mosulda istifadə etdiyi metodlara dair bir sıra suallar var – şəhər demək olar ki, tamamilə dağıdılmışdı", - deyə Ontikov bildirib.

Hazırda isə İraq hakimiyyəti özü amerikalılardan çıxıb getməyi xahiş edib.

"Donald Tramp İraqdakı bazaya gələrkən ABŞ səfiri az qala İraq baş nazirinə ora gedərək prezidentlə görüşməyi əmr etmişdi. O isə öz növbəsində imtina etmişdi. Bu hadisə KİV-lərdə yayıldı, böyük qalmaqal baş verdi. Bundan sonra amerikalılar Bağdad hava limanına zərbə endirərək Süleymanini qətlə yetirdilər. yenidən ABŞ qoşunlarının çıxarılması zərurətindən danışmağa başladılar", — deyə RİA Novosti-nin müsahibi bildirib.

Şərqşünaslıq tədqiqatları mərkəzinin elmi işçisi Danila Krılov hesab edir ki, ABŞ hərbi qulluqçuları çətin ki dərhal evlərinə qayıtsınlar.

"Çox güman ki, bir ərəb ölkəsindən digərinə keçidlə bağlı ənənəvi hoqqabazlıq olacaq — bu dəfə Suriyaya. Rusiyanın müdafiə nazirliyi dəfələrlə amerikalı hərbçilərin İraqdan Suriyadakı bazalara köçməsi ilə bağlı məlumatlar yayıb", — deyə ekspert hesab edir.

Böyük ehtimal ki, İraqdakı kəşfiyyat məlumatlarının toplanması qərargahları, mərkəzləri hərbi blokdan diplomatik bloka keçiriləcək.

"Amerikalıların kəşfiyyat və digər xüsusi xidmətlər üçün diplomatik toxunulmazlıqdan istifadə etdiyi çoxdan məlumdur", — deyə Krılov bildirib.

Diqqət - Çinə doğru

Bir çox amerikalılar hesab edirlər ki, onlar terrorçularla mübarizə apardığı və digər bölgələrə diqqət yetirmədikləri dövr ərzində Uzaq Şərqdə Çin xeyli güclənib.

İndi isə bu, ABŞ üçün əsas təhlükədir və bütün gücü ora yönəltmək lazımdır. Xeyli vaxtdır ki, prioritet artıq Mərkəzi deyil sakit okean komandanlığındadır.

MDBMİ-nin perspektiv Amerika tədqiqatları mərkəzinin direktoru maksim Suçkov hesab edir ki, Çin ilə nəhəng dövlətlər arası qarşıdurmanın məntiqi ABŞ-ı məqsədlərin əhəmiyyətini yenidən qiymətləndirməyə və vurğuları dəyişməyə məcbur edir.

"Qarşıdurma uzun sürə bilər. Deməli, resursların istifadəsinə daha seçkili yanaşmaq lazımdır. Yaxın Şərq xeyli vaxt idi ki, ABŞ-a yük idi. Lakin Trampın ABŞ-ın orada hərbi varlığını necəsə optimallaşdırmaq cəhdləri Pentaqon tərəfindən müqavimətlə qarşılanırdı", — deyə o bildirib.

Lakin əgər baş verənləri ümumiləşdirsək, yekunlar o qədər də yaxşı deyil: amerikalılar İraqda müstəqil fəaliyyət göstərə bilən, müdafiə qabiliyyətli sistem qura bilmədilər. Onların ölkədən getməsi ilə burada sülh və əmin-amanlıq bərqərar olmayacaq, terror təhlükəsi yox olmayıb. Amerikalı təlimatçı və müşavirlərin yeni şəraitdə necə işləyəcəklərini zaman göstərəcək.

*Rusiyada qadağan olunmuş terrorçu və ekstremist təşkilatlar.

28
Məktəbdə qız, arxiv şəkli

Birinci sinfə qəbulla bağlı elektron müraciətlərin sayı açıqlanıb

0
(Yenilənib 14:29 30.07.2021)
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq. Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunur.

 

BAKI, 30 iyul — Sputnik. İyulun 30-na (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44975 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).

Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunur.

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6522 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 650-si məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 886-sı Onlayn Alternativ qeydiyyat mərkəzlərində ("WhatsApp"müraciətləri), 4092-si sistemin "Əlaqə" bölməsində, 894-ü isə telefon vasitəsilə cavablandırılıb.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin "WhatsApp" müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycanda məktəbəhazırlıq və birinci sinfə qəbul elektron formada aparılır. 2019-2020-ci tədris ilində 165 minədək uşaq birinci sinfə qəbul edilib. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.

Eləcə də oxuyun:

0
Teqlər:
qəbul, I sinif, sinif, birinci, məktəb