Манаты и доллары

Amerika manatı xilas elədi

556
(Yenilənib 15:03 29.03.2016)
Ekspert: "Düşünürəm ki, yaxın dövrdə neft bazarında sabitlik olarsa, yəni bahalaşma olmazsa, manat tədricən də olsa ucuzlaşmaqda davam edəcək"

BAKI, 18 mart-Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) əsas faiz dərəcəsini dəyişmədən 0,25-0,50% səviyyəsində saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib. FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında Canet Yellen qeyd edib ki, FES ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4%-dən 2,2%-dək azaldıb.

Bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq neft də bahalaşır. FES-in qərarın Azərbaycana təsirinə gəldikdə isə ekspertlər bunun milli valyuta olan manatın məzənnəsinə bir o qədər də təsir etməyəcəyi fikirindədirlər.
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, FES-in qərarı manatı əlavə təzyiqlərdən xilas etdi:

"Uçot dərəcələri qaldırılsaydı, demirəm ki, devalvasiya baş verərdi, sadəcə manata olan təzyiqləri artırardı. Manatın yumşaq da olsa ucuzlaşması baş verərdi. Dünənki qərar gözlənilən idi. Yəni qeyri-adi bir şey baş vermədi. Çünki, bütün proqnozlar göstərirdi ki, böyük ehtimalla FES uçot dərəcəsini qaldırmayacaq. Apreldə də bunun qaldırılması gözlənilmir.

Сто долларов США
© Sputnik / Murad Orujov
 Daha böyük gözlənti iyun ayınadır, proqnozlar onu göstərir. Amma, bu barədə aprel ayında daha dəqiq fikir söyləmək olar. Uçot dərəcəsinin qaldırılmaması manatı əlavə təzyiqdən xilas elədi. Ən azı dünən neftin qiymətinin bir qədər də bahalaşmasını müşahidə elədik. Amma, düşünmürəm ki, dollar uzun müddətli ucuzlaşacaqdı. Bu, qısamüddətli bir təsirdir. Yəni təsadüfi deyil ki, dünənki qərardan sonra dollar digər valyutlara münasibətdə ucuzlaşmağa başladı. Ola bilsin ki, bir neçə gün bu prosses davam etsin. Bu da bazarın bu xəbərin təsiri altında olmağı ilə əlaqədar olacaq. Amma, düşünürəm ki, bir müddətdən sonra dollar yenidən öz mövqeyini möhkəmləndirməyə nail olacaq. Çünki, digər ölkələrin iqtisadiyyatında çətinliklər var". 

Samir Əliyev sözlərinə görə, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır və manatın məzənnəsinə neft təsir göstəririr. Ekspert hesab edir ki, neftin qiyməti 50 dolları keçdikdən sonra manatın sabitliyini müşahidə etmək olar:

"Azərbaycan bu gün neftdən asılıdır. Neftin 1-2 dollar bahalaşıb ucuzlaşması manata təsir göstərə bilməz. Söhbət fundamental bahalaşmadan gedir. Amma, indiki səviyyə manat üçün əlverişli deyil. Bu gün Mərkəzi Bank həm özünün, həm də Neft Fondunun vəsaitlərindən istifadə etməklə manatı hələ ki, saxlaya bilir. Həm də inzibati mexanizmlərdən istifadə edir. Yəni pul kütləsini məhdudlaşdırır. Hələ ki, bu mexanizmdən istifadə etməklə manat saxlanılır. Son günlər manatın müəyyən bahalaşması var. Amma, göründüyü kimi bu əhəmiyyətli bir bahalaşma deyil. Hər bir halda bu gün manatın bahalaşması üçün iqtisadi zəmin yoxdur. Daha çox inzibati metodlardır. Düşünürəm ki, yaxın dövrdə neft bazarında sabitlik olarsa, yəni bahalaşma olmazsa, manat tədricən də olsa ucuzlaşmaqda davam edəcək".

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə "Sputnik" ə açıqlamasında deyib ki, biz dolların bahalaşmasını və ya ucuzlaşmasını gözləməli deyilik, ölkəyə dollar gətirən ixrac formalaşdırmaq haqqında düşünməliyik:

"Manatın vəziyyəti daha çox Azərbaycan iqtisadiyyatının durumu ilə bağlıdır. Azərbaycana həm dolların, həm də neftin təsiri ölkə iqtisadiyyatının durumundan qaynaqlanır. FES-in uçot dərəcəsini qaldırmaması o deməkdir ki, ən azı dolların bahalaşmasını gözləməli deyilik. Avroyla bağlı baş verən prosseslər də onu göstərir ki, indiki halda belə deyək, ən azı iqtisadi zəiflik yaranmaması üçün Amerika dolların kursunun yersiz qalxmasının, dolların yersiz yüklənməsinin qarşısını almaq istəyir. Bu da təbii ki, neftin qiymətinə təsir göstərən amildir. 

FES uçot dərəcəsini qaldırsaydı, bu, birbaşa dolların güclənməsinə və Azərbaycanda da manatın məzənnəsinin aşağı düşməsinə aparıb çıxaran addım olardı, eyni zamanda neftin qiymətinə təsir göstərəcəkdi. Neftin qiymətinin aşağı düşməsi yenə də birbaşa manatın kursuna təsir göstərən amil olardı. Ancaq indiki addım dolların yaxın dövr ərzində o qədər də sürətli möhkəmlənməyə məruz qalmayacağını göstərir. Bu neftin qiymətinə də təsir göstərəcək və bununla da manat ən azı daha güclü sarsıntılardan canını qurtarmış olur".

Ekspertin fikirincə, bundan sonrakı mərhələdə neftin qiymətinin dəyişkənliyi davam edəcək. "Neftin qiymətinin indiki səviyyədə qalması Mərkəzi Banka imkan verir ki, manatın məzənnəsində bir qədər sabitlik yarada bilsin. Ancaq, Azərbaycan idxaldan asılı qaldığı müddətdə MB-in ehtiyatları tükəndikcə, manatın yenidən devalvasiyası qaçılmaz olacaq"- deyə Azər Mehdiyev əlavə edib.

Xatırladaq ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.

556
Teqlər:
Azər Mehdiyev, uçot dərəcəsi, FES, Samir Əliyev, iqtisadçı, Mərkəzi Bank, avro, valyuta, ABŞ, manat, dollar
Əlaqədar
FES uçot dərəcəsini dəyişməyib
Dünyada dollar bumu: Manat bu dalğada duruş gətirə biləcəkmi?
"Manat artıq öz fundamental məzənnəsini tapmaqdadır"
Mart ayında manat yenidən dəyərdən düşə bilər
Manat üçüncü devalvasiyadan döndü