Bakı Dövlət Universitetinin qarşısındakı lyuks avtomobillər

Bunlar tələbədir, yoxsa farmazon?

3135
(Yenilənib 19:16 26.02.2016)
Gününü "Topaz"larda, çayxanalarda, oyun salonlarında keçirən tələbənin bu ölkəyə verə biləcək heç bir xeyri olmaz, ola da bilməz.

BAKI, 26 fev-Sputnik. Günün bəzi saatları var ki, həmin ərəfədə paytaxtdakı universitetlərin qarşısından nəinki avtomobillə, heç piyada da keçmək mümkün olmur. Bakı Dövlət Universitetini xüsusilə qeyd etmək lazımdır. Bu universitet son illər təhsil ocağından daha çox imkanlıların farmazonluq etdiyi məkana çevrilib. Universitetin qarşısında sıra ilə düzülən bahalı maşınlar yoldan keçən digər maşınlara ciddi maneə törədir.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, burada dayanan maşınların əksəriyyəti tələbələrə aiddir.

Gülməli də olsa, onlara bu şəraiti yaradan, yolda tıxacın yaranmasına səbəbkar olan Bakı Şəhər İcra hakimiyyətinin məhz özüdür. Çünki əgər həmin yola pullu parkomatlar yerləşdirilməsəydi və maşın saxlamaq qadağandır işarəsi qoyulsaydı, bu problemi qabartmağa ehtiyac yaranmazdı.

Həmin yoldan müntəzəm olaraq istifadə etdiyini deyən sürücü Habil Cəfərov Sputnik-ə açıqlama verib:

"İcranın əsas marağı pul yığmaqdır, onları nə təhsil ocağı nə də başqaları maraqlandırır. Siz özünüz də şahidsiniz. Elə olur, bu yolda 1 saat tıxacda qalırıq. Halbuki 10 metr irəlidən sonra yol boşdur. Belə dərəbəylik olmaz".

Həqiqətən də müşahidələrimiz göstərir ki, tıxaclar daha çox universitetin qarşısındakı 50 metrlik hissədə olur. Çəkiliş apardığımız əsnada, avtomobilini düz yolun ortasında saxlayıb, içəridən çıxacaq sevgilisini gözləyən tələbə gördük. Həmin tələbənin nə vaxt tərpənəcəyini gözləyən maşın kartejinin ucu isə metronun çıxışına kimi uzanırdı. Bu proses 5 dəqiqədən çox çəkdi deyə bilərik. Lakin heç kim maşınından düşüb o şəxsə güldən ağır söz demədi, deyə bilmədi. Avtomobilinin qiyməti 150 min manatdan daha baha olan tələbə, gözlədiyi xanım maşına əyləşəndən sonra heç nə olmamış kimi ərazidən uzaqlaşdı.

Paytaxt universitetlərinin problemləri kaş bununla bitsə. Bugün istənilən universitetdə mədəniyyətsizlik, səviyyəsizlik problemi baş alıb gedir. Tələbələr tələbədən daha çox farmazonlara bənzəyir, oğlanlar özlərini hansısa "qanuni oğrulara", qızlar da serial qəhrəmanlarına oxşamağa can atırlar. Çox az tələbə görərsən ki, bir araya gələndə ciddi söhbət açıb, elmdən, ədəbiyyatdan, siyasətdən, iqtisadiyyatdan, lap elə devalvasiyadan danışsın. Bəzən təəccüblənirsən ki, bunlar ali məktəblərə necə qəbul oluna biliblər.

Saydıqlarımız bir çoxlarına o qədər də ciddi görünməyə bilər, ancaq biz hesab edirik ki, mövzu olduqca aktualdır. Çünki bu ölkənin siyasi və iqtisadi gələcəyi bugünkü tələbələrdən asılı olacaq. Gününü "Topaz"larda, çayxanalarda, oyun salonlarında keçirən tələbənin bu ölkəyə verə biləcək heç bir xeyri olmaz, ola da bilməz.

Tələbələrin geyim tərzlərinə gəlincə. Əlbəttə biz hüquqi və dünyəvi dövlətdə yaşayırıq. Hər kəs seçdiyi həyat tərzində müstəqildir. Lakin sizə xatırladım ki, biz Avropa dövlətlərindən daha dünyəvi, daha hüquqi dövlət deyilik. Orada təhsil alan istənilən şəxsdən "tələbə həyatı, onların geyimi-kecimi necədir?" deyə soruşa bilərsiz. Mədəni ölkələrdə tələbələr hətta ölkənin siyasi gedişatına belə təsir edə bildiyi halda, bizdə heç geyimini düzgün seçməyi bacaran tələbə yoxdur, ya da çox azdır. Burada oğlan tələbələri xüsusilə qeyd etmək yerinə düşər.

Hərbi qulluqda olan hər kəs çox yaxşı bilir ki, komandirlər dar və paçası az qala yerə dəyən şalvarları "kişiliyə yaraşmaz" dedikləri üçün qadağan edirlər, hətta əsgərləri cəzalandırırlar. Lakin maraqlıdır ki, bizdə bu geyimləri oğlanlar universitetə geyinirlər.

Xanımlarda isə vəziyyət biraz fərqlidir. Az bir qismi çıxmaqla, tələbə qızlar geyimlərində daha diqqətlidirlər.

3135
Teqlər:
Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti
Əlaqədar
Dörd universitet rektoru dəyişəcək
Azərbaycanda universitet bağlandı
Pedaqoji Universitet yeni ünvana köçəcək