Taxıl zəmisi. Arxiv şəkli

Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil

406
(Yenilənib 18:08 24.02.2016)
Vahid Məhərrəmov: Respublikada torpağın keyfiyyətində, su təminatında ciddi problem var.

BAKI, 24 fev-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışında qeyd edib ki, ölkədəki hazırkı böhranlı vəziyyətdən çıxmağın yollarından biri də kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsidir. Bəs bu gün Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək imkanı varmı? Kəndli uğurlu fermer olmaq üçün haradan başlamalıdır? Ümumiyyətlə, ölkəmizdə bu işlə məşğul olmaq gəlir gətirirmi? Əvvəlcə, məsələnin rəsmi tərəfinə qısaca nəzər salaq. 

Sputnik agro.gov.az-a istinadla xəbər verir ki, istehsalçılara genetik modifikasiya olunmamış bitkilərin hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat məbləğində yardım verilir.

Digər nümunə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"na əsasən hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır.

Sputnik-in əməkdaşı bu məsələlərə aydınlıq gətirmək üçün kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovdan müsahibə götürüb. O deyib:

— Uzun müddət bu sahədə çalışan sahibkarlar, fermerlər demək olar ki, yalnız kredit vəsaiti əldə etməklə istehsal vasitələrini əldə edə bilirlər, aqrotexniki qaydalara əməl edə bilirlər. Bütün dünyada da belədir. Bir tərəfdən də dövlət müəyyən qədər kənd təsərrüfatı sahəsinin inkişafı üçün dotasiya ayırır, subsidiya verir. Demək olmaz ki, gəlirli sahədir. Düzdür, Amerikada ümumiyyətlə kənd təsərrüfatında çalışanlar daha çox gəlir əldə edirlər, nəinki sənaye müəssisələrində çalışanlar. Bu da onunla bağlıdır ki, o sahəyə dövlət müəyyən qədər maliyyə vəsaiti ayırır, dəstək göstərir.

- Fermer olmaq üçün nə etməliyik?

— İndiki halda kənd təsərrüfatı sahəsində məşğul olmaq üçün hər halda marağı olan adamın gərək torpaq ərazisi olsun və yaxud da torpaq icarəyə götürə bilsin. İcarəyə götürmək üçün müəyyən qədər maliyyəyə ehtiyac var. Bu maliyyə vəsaiti özündə olmalıdır və yaxud bankdan əldə etməlidir. Yəni, istehsal vasitəsi əldə etməlidir. Toxumdur, ola bilsin bəzi avadanlıqları alsın, indi düzdür texnikanı icarəyə götürmək olar. Ancaq bəzi avadanlıqları əldə etməlidir, özündə olmalıdır. Aqrotexniki qaydalara əməl etmək üçün gübrə əldə etməlidir. Bunun üçün maliyyə vəsaiti lazımdır. Dövlətin bu sahəyə ayrıdığı gübrə kifayət qədər deyil. Xəstəliklərə, zərərvericilərə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək üçün fermerin maliyyə vəsaiti olmalıdır. Yəni, pestisid, dərman preparatlarını əldə edib bunu tətbiq edə bilsin. Bu tədbiri aparmaq gecikərsə, onun təsərrüfatı çox ciddi zərərə məruz qalar. Digər tədbirlər də var. Ümumiyyətlə, maliyyə vəsaiti olmadan bu gün kənd təsərrüfatına girişmək, bu sahədə istehsal, tədarüklə məşğul olmaq yaxşı nəticə verə bilməz.

- Bəs, belə olan təqdirdə, fermer öz təsərrüfatını necə inkişaf etdirsin?

— Tutaq ki, fermerin iribuynuzlu və yaxud xırdabuynuzlu heyvanı var. Bu heyvanların yemə olan tələbatı ödənilməlidir. Yalnız bunu otlaq sahələrinə çıxarıb otarmaqla yaxşı məhsul əldə etmək mümkün deyil. Hər halda fermer çalışmalıdır ki, özünün südə, ətə olan ehtiyacını ödəsin. Həm də bu saxladığı heyvanlardan gəlir əldə etsin, özünün sosial vəziyyətini yaxşılaşdırsın. Bunun üçünsə intensiv texnologiyanın tətbiqi sahəsində həm keyfiyyətli məhsul əldə edə bilər, həm də məhsuldarlığı artırmaqla gəlirini artıra bilər. Heyvanların vaxtında yemlənməsi mühümdür. Yem rasionuna əməl edilməlidir. Bütün bunların hamısını fermerlər özləri istehsal edə bilməz. İndi ola bilsin, bəziləri edirlər. Apardığımız araşdırmalar, statistik məlumatlar ondan xəbər verir ki, pay torpaqları kifayət etmir ki, fermer 15-20 iribuynuzlu mal-qaranı yemlə təmin edə bilsin. Fermerin maliyyə vəsaiti olmasa, o saxladığı mal-qaradan gəlir əldə edə bilməyəcək. Ölkədə ortalama statistik rəqəmə diqqət yetirin. Ölkədə 1 inəkdən il ərzində 1 ton 300 litr süd əldə olunur. Bu gün fermerlərdən 25 qəpiyə südü əldə edirlər. Bu da hardasa 300 manata qədər vəsait edir — 1 inəkdən il ərzində əldə olunan maliyyə vəsaiti bu qədərdir. Yəni, buna gəlir demək olmaz. Hətta bu südün bir hissəsi, ola bilsin, o buzovun yemlənməsi üçün istifadə olunur.


Belə hesablayanda, görün 1 inək üçün yem almağa 1 ildə nə qədər maliyyə vəsaiti lazımdır. Elə bir o qədər maliyyə vəsaitinə ehtiyac yaranır. Bizdə məhsuldarlıq aşağı olduğu üçün heyvanlara yaxşı qulluq edilmir. Onlar kifayət qədər yemlənmir. Yem tədarükü, rasion zəifdir. Ona görə də, məhsuldarlıq, məhsulun keyfiyyəti aşağıdır. Belə olan halda, əldə olunan gəlir bu sahənin inkişaf etdirilməsi üçün yetərli deyil. Ona görə də, fermerlər maliyyə vəsaiti əldə etməlidir, bunun mənbələri axtarılmalıdır. Bank faizləri ilə bağlı araşdırmalar aparmışıq. Bankların bu gün təklif etdiyi kredit resurslarının faiz dərəcəsi həddindən artıq yüksəkdir. Kənd təsərrüfatında çalışan sahibkarlar bu qədər faiz dərəcəsini ödəmək imkanında deyillər. Kredit, maliyyə resursları əldə olunmasa, kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmayacaq. Bununla paralel, həm də yeni texnologiyalar tətbiq edilməlidir. Maliyyə resursu ola bilər ki, kifayət qədər olsun. Ancaq yeni texnologiya tətbiq etmədən, fermer məhsuldarlığı artıra bilməz. Ümumiyyətlə, kənd təsərrüfatının modernləşdirilməsinə çox ciddi ehtiyac var. İstehsal vasitələrinə olan tələbatın ödənilməsi də vacibdir.

Bu gün Azərbaycan demək olar ki, istehsal vasitələrinin (texnika, gübrə, toxum və s.) hamısını xaricdən gətirir. Bu da baha başa gəlir. Bütün bunların həlli kompleks yanaşma tələb edir. İlk növbədə fermerlər maarifləndirilməlidir. Bü gün yalnız fermerlərin maliyyə problemini həll etmək heç bir nəticə verməyəcək. O maliyyədən də qeyri-səmərəli istifadə olunacaq. Maarifləndirmə ilə məşğul olan peşəkar kadrlar olmalıdır. Respublikada torpağın keyfiyyətində, su təminatında ciddi problem var.

- Sizcə Azərbaycanda fermerlər hansı sahənin inkişafına investisiya qoysalar, gəlir əldə edə bilərlər? Məsələn, hansı növ heyvanın saxlanılması, yaxşı səmərə verə bilər?

— Heyvan yemi məhsula çevirir. Nə qədər ona yem verilsə, bu yem nə qədər keyfiyyətli olsa, bir o qədər məhsul arta bilər. Əgər fermerin yem bazası yoxdursa, nəticə əldə edə bilməz. Ola bilər, kimsə toyuq-cücə saxlayıb yaxşı gəlir əldə etsin, nəinki iribuynuzlu mal-qara. Bu, fermerin biliyindən, bacarığından, potensialından, onun resurs imkanlarından asılıdır…

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci il ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 59,2 milyon manat dəyərində 1061 ədəd müxtəlif növ traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat, 173 ədəd traktor yedəkləri (qoşqular), 162 ədəd otbiçən, 116 ədəd taxılyığan kombayn, 22 ədəd ot dırmıqları, 19 ədəd bağarası frez və 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

406
Teqlər:
subsidiya, fermer, Aqrolizinq, Azərbaycan prezidenti İlham Əliyev, Kənd Təsərrüfatı Nazirliyi, ekspert, İlham Əliyev, kredit, Vahid Məhərrəmov
Əlaqədar
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub