Əli Məsimli - iqtisadçı alim, millət vəkili

Devalvasiya büdcənin göstəricilərinə artıq təsir göstərib

119
(Yenilənib 20:16 14.01.2016)
Əli Məsimli: Əgər bir rüb ərzində büdcəyə təsir hardasa 20 faizdirsə, onda Milli Məclisin müvafiq komitəsində məsələyə baxıla bilər.

BAKI, 14 yan — Sputnik. 2016-cı ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. İndi dünya bazarında neftin qiyməti 30 dollara enib. Xüsusi tədqiqatlar, araşdırmalar aparıb bunun büdcəyə təsiri məsələləri öyrənilməlidir. Büdcəyə dəyişikliklər məsələsi ona görə gündəmə gəlib.

Bunu Sputnik-ə açqılamasında millət vəkili Əli Məsimli deyib.
Onun sözlərinə görə, məsələn, neftin qiymətinin aşağı düşməsi və s. büdcənin göstəricilərinə elə də ciddi təsir göstərmirsə, onda qanunvericiliyə müvafiq surətdə Maliyyə Nazirliyi özü manevr etmək imkanları əldə edir. Yox əgər bir rüb ərzində büdcəyə təsir hardasa 20 faizdirsə, onda Milli Məclisin müvafiq komitəsində məsələyə baxıla bilər. Əgər 30 faizdirsə, bu, artıq parlamentin plenar iclasına çıxarıla bilər. İndi həm neftin qiyməti aşağı düşüb, eyni zamanda, çox kəskin surətdə, 50 faizə yaxın bir səviyyədə devalvasiya olub. Yaxud 1 il ərzində iki dəfə — həm fevral ayının 21-də (34 faiz), həm də dekabrın 21-də (48 faizə yaxın) devalvasiya olub. Bu devalvasiya büdcənin göstəricilərinə artıq təsir göstərib.

Millət vəkili bildirib ki, Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülüb. Hazırda isə dünya bazarında neftin qiyməti 30 dollardır. Amma baxaq görək, 2016-cı ilin büdcəsində manat-dollar nisbəti necə götürülmüşdü? Devalvasiyalar manat dollar nisbətində ciddi dəyişikliklərə gətirib. Bu isə, öz növbəsində büdcədə dəyişikliklərə gətirib çıxardır. Sosial proseslərin tənzimlənməsinə ayrılan vəsait artırılıb. 2015-ci illin büdcəsi ilə müqayisədə 2016-cı ilin büdcəsində sosial proseslərin tənzimlənməsinə yönəldiləcək vəsait artırılıb.

"Büdcədə düzəlişlər qanunvericilik çərçivəsində Maliyyə Nazirliyinin manevr etmək imkanları çərçivəsindədirsə, nazirlik qanunvericilikdə ona verilmiş hüquqlardan istifadə edərək manevr edəcək. Yox həmin çərçivədən kənara çıxırsa, çoxdursa, onda Milli Məclisdə büdcəyə baxılmalıdır", — deyə Əli Məsimli bildirib.

Millət vəkili Vahid Əhmədov azvision.az-a açıqlamasında bildirib ki, büdcəyə edilən dəyişiklikdə neftin qiyməti 30 dollardan götürülə bilər.

"Büdcədə neftin qiyməti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir çoxları neftin qiymətinin ilin ikinci yarısında artacağını, digəri isə əksinə daha da ucuzlaşacağını deyir. İndiki reallığı nəzərə alsaq, hesab edirəm ki, büdcədə neftin qiyməti 1 barel üçün 30 dollar səviyyəsində götürülməlidir. Qiymət dəyişərsə, büdcəyə yenidən baxmaq olar".

Büdcədə hansı xərclərin azaldılacağına gəlincə, V.Əhmədov vurğulayıb ki, ölkə başçısının göstərişi ilə sosial xərclər dəyişməyəcək: "Tikinti və digər sahələrlə bağlı xərclər müəyyən müddətə dayandırıla bilər. Bu barədə dövlət büdcəsi təqdim olunanda bilinəcək. Büdcəni müzakirə edəndə Maliyyə Nazirliyi bəyan etdi ki, neftin qiymətinin dəyişməsi ilə bağlı bir neçə variant hazırlanıb, onların hər birinə baxılacaq və qərar qəbul ediləcək".

Vahid Əhmədov
azadliq.org
Vahid Əhmədov

Qeyd edək ki, ötən il dekabrın 8-də prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi təsdiqlənib. 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində nəzərdə tutulub.

Dövlət büdcəsində neftin 1 barel üçün qiyməti 50 dollar götürülsə də, "qara qızıl"ın qiyməti getdikcə aşağı düşür. Hazırda neftin qiyməti 30 dollara yaxındır. Ekspertlər neftin daha da ucuzlşacağını deyirlər.

119
Teqlər:
Əli Məsimli, Vahid Əhmədov, Maliyyə Nazirliyi, Milli Məclis, deputat, millət vəkili, manatın devalvasiyası, büdcə, Azərbaycan, manat, neft
Əlaqədar
Milli Məclisdə büdcə zərfinin müzakirəsi davam edir
Milli Məclisdə 2016-cı il üçün büdcə zərfinin müzakirəsinə başlanılıb
DSMF-nin 2016-ci il üçün büdcə layihəsi müzakirə edilib
Azərbaycanın 2016-cı il üzrə büdcə zərfi Milli Məclisə daxil olub
Büdcə gəlirlərini artırmaq üçün real təklif