Samir Əliyev - iqtisadçı

Banklardakı əmanətlərin taleyi necə olacaq?

240
(Yenilənib 22:29 07.01.2016)
Samir Əliyev: Bəzi banklar maliyyə vəziyyəti pis olduğundan əmanətləri qaytara bilmir. Belə çıxır ki, bank bağlanmayıbsa, sığorta hadisəsi də baş verməyib.

BAKI, 7 yan-Sputnik. Sonuncu devalvasiya əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi məsələsini yenidən gündəmə gətirdi. Əmanətlərin son aylar dollarlaşması sığorta mexanizmini ona uyğunlaşdırmağı tələb edir. 

Sputnik-in məlumatına görə, bu barədə iqtisadçı-ekspert Samir Əliyev öz facebook səhifəsində yazıb. O qeyd edib ki, devalvasiyadan sonra əmanətləri banklarda saxlamaq üçün şərtlər nəzərdən keçirilməlidir.
"Qanunvericiliyə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Milli valyutaya münasibətdə hər şey aydındır. Xüsusən də onların payı sürətlə azalır. Əsas çətinlik dollar əmanətlərində yaranır. Mövcud hədd ötən il təxminən 38500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Manatın ucuzlaşmaqda davam etməsi fonunda həmin məbləğ getdikcə daha da aşağı düşəcək. Deməli, əmanətlərin böyük hissəsinin sığorta qalxanı kiçilir. Hazırda ölkə üzrə əmanət qoyuluşunun 76%-i dolların payına düşür. Yəni, 8 milyard manatdan çox əmanətin sığorta immuniteti azalır." — Samir Əliyev yzıb.

Məlumatlara görə, hazırda hökumət sığorta mexanizmi üzərində işləyir. Qeyd edilir ki, kompensasiya məbləği tam aradan qalxa bilər. S.Əliyevin fikrincə, kompensasiya məbləğinə hədd qoyulması çox vacibdir: "Bu, əmanət bazarında təmərküzləşmənin qarşısını ala bilər. Hər bir halda kompensasiyanın indiki həddi çox aşağıdır və onun artırılmasına ehtiyac var. Bu məbləğin 100 min manata qədər qaldırılması daha çox əmanətin sığorta çətiri altına düşməsinə səbəb olardı. Və yaxud kompensasiya məbləği əmanətin valyutası əsasında müəyyənləşdirilsin. Dollar əmanəti üçün dollar kompensasiya, manat əmanəti üçün manat kompensasiya."

Ekspertin sözlərinə görə, ikinci məsələ faiz dərəcəsidir: "Faiz dərəcəsinin də aradan tam qaldırılması problemin həlli deyil. Düzdür, əksər ölkələrdə faizə münasibətdə limit tətbiq edilmir. Limitin olmaması bankın gələcəkdə məsuliyyətsiz faiz siyasəti həyata keçirməsinə səbəb ola bilər. Ona görə differensial faiz dərəcəsi tətbiqi məqsədəuyğun olardı. Yəni bank cəlb etdiyi əmanətin faiz dərəcəsini artırdıqca sığorta faizi də artsın və bank daha çox sığorta haqqı ödəsin."

S.Əliyev üçüncü məsələnin bankların müflisləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi olduğunu vurğulayıb: "Bəzi banklar var ki, maliyyə vəziyyəti pis olduğundan əmanətləri qaytara bilmir. Belə çıxır ki, bank bağlanmayıbsa, sığorta hadisəsi də baş verməyib. Bu isə nəinki həmin banka, həm də ümumilikdə bank və sığorta sisteminə etimadı azaldır. Mərkəzi Bank isə belə banklardan lisenziyanı geri almağa maraqlı deyil."

Ekspertin fikrincə, dördüncüsü, Əmanətlərin Sığortalanması Fondu tam müstəqilləşdirilməlidir və Mərkəzi Bankın nəzarətindən çıxarılmalıdır. Mərkəzi Bankın təsir imkanları minimuma enməlidir. Fond hazırda Mərkəzi Bankın siyasətinə uyğun işini qurur.

"Beşincisi, Fondun səlahiyyətləri artırılmalı, bankların əmanət reyestri sisteminə tam çıxışı təmin edilməlidir. Fondun bankların əmanət bazasına nəzarət imkanları artırılmalıdır." — deyə ekspert əlavə edib.

Əhalinin kütləvi şəkildə əmanətləri banklardan geri çəkdiyini xatırladan Əliyev hesab edir ki, belə vəziyyətdə əhalini fikrindən yeganə olaraq sığorta mexanizmi çəkindirə bilər: "İnsanların banklara inamının artırılması baxımından bu, çox vacibdir. Qarşıda bankların taleyi həll olunur. Bir neçə bank il ərzində bazarı tərk edəcək. Hamını öz əmanəti olan bank düşündürür. Sığorta mexanizmindəki çatışmazlıqlar nə qədər tez həll olunsa, bir o qədər tez banklar etimadı özünə qaytara bilər."

240
Teqlər:
fond, əmanət, kompensasiya, devalvasiya, ekspert, Samir Əliyev, iqtisadçı, əmanətlərin geri çəkilməsi, manatın devalvasiyası, bank, manat
Əlaqədar
Həftə sonu 1 dollar 2 manat olacaq
Manat "Allah ümidinə" buraxıldı
Manat üçüncü dəfə devalvasiyaya uğraya bilər
Manatı və Azərbaycanı daha ağır günlər gözləyir