Əli Məsimli - iqtisadçı alim, millət vəkili

Süni qiymət artımının qarşısı alınmasa, inflyasiya 10%-dən çox olacaq

127
Əli Məsimli: Azərbaycanda qiymət artımı inhisarçılıqla və süni qiymət artımı ilə daha çox bağlıdır.

BAKI, 3 sent-Sputnik. Azərbaycanda qiymət artımı inhisarçılıqla və süni qiymət artımı ilə daha çox bağlıdır.

Bunu millət vəkili Əli Məsimli ölkədə gözlənilən qiymət artımı ilə bağlı məsələni “Sputnik”ə şərh edərkən deyib. 

Onun sözlərinə görə, qiymət artımının qarşısını almaq üçün əmək məhsuldarlığını artırmaq və yerli istehsalın sürətli artımını təmin etmək lazımdır. Həm də inhisarçılığa qarşı təsirli tədbirlər görülməli, sahibkarlara qarşı süni maneçiliklərə son qoyulmalı,süni qiymət artımının qarşısını etibarlı şəkildə alınmalıdır. 

Millət vəkili deyib ki, 2015-ci ilin dövlət büdcəsinə dair paketə daxil olan proqnozlarda bu il 2,3 faiz inflyasiya olacağı hədəflənmişdi: “O vaxt Mərkəzi Bank 3 faiz ətrafında inflyasiya olacağını bildirirdi. Amma manatın 21 fevraldakı 34 faizlik devalvasiyasından sonra bu proqnozlar əhəmiyyətini itirdi və dəyişdirildi. Bununla belə, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin birinci yarısında görülən tədbirlər nəticəsində inflyasıya gözlənildiyindən xeyli az — 3,5 faiz təşkil edib. Amma istehlak mallarının bir hisssəsinin qiyməti daha sürətlə artıb. 2015-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının qiymətlərində 8,7 faizlik artım müşahidə olunub. Qiymət artımı heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə 15,6 faiz, balıq və balıq məhsulları üzrə isə 3,8 faiz olub. Adətən yay aylarında bir sıra məhsulların bolluğu qiymət artımını səngidir. Payıza doğru isə qiymətlər artmağa başlayacaq.”

Əli Məsimlinin sözlərinə görə, bu il Azərbaycanda inflyasiyanın həcminin 7% olacağı açıqlanıb. “Azərbaycan iqtisadiyyatının fəaliyyətinin nəticəsi olaraq, yaranan inflasiya məqbul həddlərdə olur. Amma daha çox ticarət etdiyimiz ölkələrdə inflyasiya proqnozlaşdırıldığından 8 faizdən artıq çıxır. Ona görə də hökumət süni qiymət artımının qarşını etibarlı şəkildə ala bilsə, bu il 8 faiz ətrafında, ən pis halda yenə də birrəqəmli inflyasiya olacaq, süni qiymət artımının qarşısı etibarlı şəkildə alınmasa, inflyasiya 10 faizin üstünə keçəcək.”

Millət vəkili onu da əlavə edib ki, bundan artıq, yəni mətbuatda deyildiyi kimi, kəskin qiymət artımına səbəb ola biləcək bir amil hələlik görünmür. 


127