Əli Məsimli

"Gənc ailələr üçün sosial evlər” layihəsinə başlamaq lazımdır

243
(Yenilənib 21:33 14.07.2015)
Əli Məsimli: Azərbaycan prezidentinin ipotekanın həcminin 200 milyon manata qaldırılması ilə bağlı səsləndirdiyi fikri yüksək dəyərləndirik və hesab edirik ki, bu ölkədə mənzil sahəsindəki problemin həllində ciddi dönüşə səbəb olacaq.

BAKI, 14 iyul — Sputnik. Azərbaycan prezidentinin ipotekanın həcminin 200 milyon manata qaldırılması ilə bağlı səsləndirdiyi fikri yüksək dəyərləndirik və hesab edirik ki, bu ölkədə mənzil sahəsindəki problemin həllində ciddi dönüşə səbəb olacaq.

Bunu Sputnik-ə açıqlamasında  İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.

 “Məlum olduğu kimi, Azərbaycan əhalisinin xeyli hissəsi gənclərdir. Ölkəmizdə hər il 80 mindən artıq nikah bağlanır. Çox təəssüflər olsun ki,hər il nikahda olanların 12 mini boşanır. Bu rəqəm artan xətlə gedir. Bunun səbəbləri çoxdur. Əsas səbəblərdən biri gənc ailənin ayrıca mənzilinin olmamasıdır. Ona görə də mənzil tikintisini genişləndirməkdən ötrü ipotekaya vəsaitin artırılmasını çox zəruridir. Bu baxımdan prezidentin ipotekaya ayrılan dövlət vəsaitinin ən azı 200 milyon manat artırılması fikrini müsbət dəyərləndiririk”, — deyə millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki,  eyni zamanda ipotekaya ayrılan dövlət vəsaitinin ən azı 200 milyon manat artırılmasının bu istiqamətdə mütərəqqi meyllərlə müşayət olunmasından ötrü, həm də ipoteka kreditlərinin məbləği o səviyyəyə qaldırılmalıdır ki, həmin məbləğə heç olmasa 2 otaqlı ev almaq mümkün olsun: “İlkin odənişin aradan qaldırılması üçün xüsusi fondun yaradılması və ya başqa üsulla bu sahədəki problemin həlli də çox zəruridir. Gənc ailələrin ipoteka üzrə kredit yükünü azaltmaqdan ötrü sosial ipotekada faiz dərəcəsinin 4 faizdən 2 faizə, adi ipotekada isə 8 faizdən 5 faizə endirilməsini zəruri hesab edirik.”

Ə. Məsimli  hesab edir ki, gənclərin regionlarda qalıb işləməsini təmin etməkdən ötrü zəruri şərtlərdən biri də ipoteka kreditləşməsinin regionlara tətbiqi istiqamətində atılmağa başlayan ilk addımların sürətləndirilməsi ola bilər: “Hazırda fəaliyyətdə olan ipoteka modelindən faydalanmaqdan ötrü aylıq gəlir azı 700-800 manat olmalıdır. Halbuki ölkə üzrə orta əmək haqqı 450 manatdır. 2014-cü ildə orta əmək haqqı dövlət sektorunda – 357 manat, qeyri-dövlət sektorunda isə 570 manatdan artıq olub. Ən yüksək əmək haqqı mədənçıxarılma sənayesində olub: 1700 manatdan artıq, onun qeyri-dövlət sahəsində isə 2243 manat. Ən aşağı əmək haqqı isə səhiyyədə olub: 198 manat. Təhsil sahəsində son maaş artımlarından əvvəl təhsilin dövlət bölməsinə orta əmək haqqı 295 manat, özəl bölməsində isə 400 manatdan yüksək olub. Elm sahəsində çalışanların da çoxunun maaşları 250-300 manat arasındadır. Bir sıra regionlarda özəl sektor lazımi səviyyədə inkişaf etmədiyindən, orada gəlirlər ölkə üzrə orta gəlirdən 2,2- 2,5 dəfə aşağıdır, məsələn Şəkidə bu rəqəm orta göstəricidən təqribən 2 dəfə, Ağstafada 2,5 dəfə aşağıdır. Göründüyü kimi əhalinin xeyli hissəsi hazırkı ipoteka şərtləri ilə kreditə ev ala bilməz. Ona görə də hazırkı ipoteka üsulu ilə ilə yanaşı olaraq gənc ailələr üçün “sosial evlərin” tikilməsi layihəsinin başlanılması da məqsədəuyğun olar.”

Onun sözlərinə görə, indi kirayədə qalan gənc ailə hər ay 300-500 manat kirayə haqqı ödəyir: “Ölkədə orta əmək haqqının 450 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin gəlirlərinin isə 200-300 manat arasında olduğu bir şəraitdə, hər gənc ailə bu qədər kirayə haqqının altına girə bilmir. Digər tərəfdən, hazırkı ipoteka şərtləri ilə kredit alanların bir hissəsi də ağır duruma düşürlər. Qoy hazırkı ipoteka şərtləri ilə ev almağa imkanı çatmayanlar ipoteka şərtlərində olduğu kimi, ayda 400-500 manat yox, 60-70 manat, maksimum 100 manat ödəməklə sonda, yəni 20-25 ildən sonra həmin “sosial evlər”in evin sahibi olsun”, — millət vəkili bəyan edib.

243
Teqlər:
ipoteka krediti, millət vəkili, kredit, ipeteka, Əli Məsimli, Azərbaycan