İslamofobiya

Avropanın yeni kabusu

91
(Yenilənib 17:18 28.05.2015)
İslamofob qüvvələr Avropa ölkələrində demoqrafik kollapsın daha proqnoz deyil, reallıq olduğunu etiraf edir və bunun səbəbini özlərinin bioloji problemlərində deyil, müsəlmanlarda axtarırlar.

BAKI, 28 may — Sputnik. Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi siyasi elmlər doktoru, professor 

Politoloq Elman Nəsirov
sputnik.az
Politoloq Elman Nəsirov

Avropada yenidən bir kabus dolaşmaqdadır.

Bu, daha marksizm klassiklərinin hələ XIX əsrin ortalarında ictimai rəyə təlqin etdikləri kommunizm kabusu deyildir. XXI əsrin kabusu – islamofobiyadır. Birincilər “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə dünya siyasi səhnəsinə çıxmışdılarsa, ikincilər əslində “Bütün ölkələrin islamofobları, birləşin!” şüarı ilə antislam cəbhəsi formalaşdırmaqla həmin siyasi səhnəni zəbt etmək niyyətindədirlər. Bu qorxulu və təhlükəli niyyətlərini həyata keçirmək üçün sözügedən qüvvələr  bəhanə və motivlər axtarışındadırlar. İlk bəhanəni  artıq tapıblar.  Bu, demoqrafiya amili ilə bağlıdır.

İslamofob qüvvələr Avropa ölkələrində demoqrafik kollapsın daha proqnoz deyil, reallıq olduğunu etiraf edir və bunun səbəbini özlərinin bioloji  problemlərində deyil, müsəlmanlarda axtarırlar. Nəticədə  müasir dünyamız üçün olduqca təhlükəli bir ideologiya-islomofiya formalaşmağa başlamışdır. Həmin ideologiyanın konturlarını cızan “ekspert”lərdən biri  Bremen Universitetinin professoru Qunnar Xaynsonun 2003-cü ildə çap olunmuş “Oğullar və dünya hökmranlığı: millətin yüksəlişi və enişində terrorun rolu” adlı “tədqiqatı”nda iddia olunur ki, hər hansı millətin təbii üsulla (öz-özünə) məhvi üçün ailədə uşağ doğumu 1,5 və ondan aşağı səviyyədə olmalıdır. O, qeyd edir ki, artıq Avropanın 30 ölkəsində millət özü özünə ölüm hökmü çıxarıb. Bu fikirlərin ardınca o, həyəcanla aşağıdakı statistikanı önə çəkir:Avropa ölkələrində məskunlaşmış müsəlmanlarda doğum əmsalı 3,6 də dəfə artıb. İslamofob ideoloq fikrini davam etdirərək göstərir ki, 1900-2000-ci illərdə, yəni 100 il ərzində dünyada müsəlmanların sayı 150 milyon nəfərdən 1 milyard 300 milyona nəfərə qədər artmışdır. Gəldiyi “nəticə”nin effektini artırmaq və dinlərarası ədəvatın alovlanmasına yardım etmək məqsədilə Qunnar Xaynson özünəməxsus müqayisə də aparır: 1900-2000-ci illərdə Çinin əhalisi 400 milyindan 1 milyard  200 milyon nəfərə qədər (300%), Hindistanın əhalisi isə 250 milyondan 1 milyard nəfərə qədər (400%) artıb. Deməli, müəllif bu müqayisəni aparmaqla Avropa ictimai fikrinə müsəlmanların doğumda hətta lider dövlətlər olan Çin və Hindistanı da üstələdiyi fikrini açıq şəkildə təlqin edir. Özlərinin azalmasının səbəblərini araşdırmaqdansa, müsəlmanların artması ilə bağlı həyəcan təbili çalır.

Eyni müəllif vahimə içərisndə qeyd edir ki, Fransanın silahlı qüvvələrinin şəxsi heyyətinin 15%-ni müsəlmanlar təşkil edir. Onun hesablamalarına görə, İsveçrədə analoji göstərici 20%-dir. Bu rəqəmləri həyəcanla səsləndirən avropalı müəllif, hər il 50 min nəfər fransalının İslam dinini qəbul etdiyini də ürək ağrısı ilə etiraf edir. Zənnimizcə, bu yerdə müəllifin dini baxışlarının hansı səviyyədə radikallaşdığını əlavə olaraq şərh etməyə lüzum yoxdur.

Bu qəbildən “təbil ifaçı”lar sırasında Fransa yazıçısı Mişel Uelbek özünün islamofob təxəyyülünün “zənginliyi” ilə diqqəti cəlb edir. O, özünün son romanında 2022-ci il Fransasını təsvir edir. Müəllifin “siyasi sayıqlamaları”ndan bəlli olur ki, həmin ildə Fransa artıq İslam dövlətidir. Universitetlər Quranı-Kərimin öyrənilməsini tədris proqramlarına icbari fənn kimi salıblar. Qadınlar birmənalı olaraq hicab örtürlər, poliqamiya qanuni xarakter daşıyır. Göründüyü kimi, fransız müəllifin irqçı təxəyyülünə görə, artıq 7 ildən sonra bu proseslər Fransada baş verməlidir. Zənnimizcə, Mişel Uelbekin Fransada, eləcə də bütün Avropada islamofobiya dalğasının yüksəlməsi mənafeyinə xidmət göstərən bu kitabının ilk dəfə məhz 2015-ci il yanvarın 7-də satışa çıxarılması heç də təsadüfi addım sayılmamalıdır. Məlum olduğu kimi, məhz həmin gün özünü müsəlman kimi təqdim edən şəxslər Parisdə “Şarli Ebdo” satirik jurnalının ofisində terror aktını həyata keçirmişdilər. Nəticədə Fransada və digər Avropa dövlətlərində müsəlmanlar əleyhinə yeni təzyiq kampaniyalarına start verilmişdi.

Həmin “təbil”in yeni və “parlaq” ifaçıları sırasında 2014-cü ilin oktaybr ayında Almaniyanın Drezden şəhərində qatı irqçi B. Lults tərəfindən yaradılmış PEGİDA-Qərbin İslamlaşdırılması Əleyhinə Avropalı Vətənpərvərlər Hərəkatı “qoca qitə”də şovinist qüvvələrin  antiislam mübarizəsinin  bayraqdarı roluna iddialıdır. Artıq hərəkat Almaniyanın bir sıra şəhərlərində öz şəbəkəsini və “brend”ini yaradıb: Düsseldorfda-DÜDİGA, Leypsiqdə-LEGİDA, Vyurtsburqda –WÜGIDA, Kölndə-KÖGİDA. Almaniya kansleri Angela Merkel bir müddət öncə Berlində Türkiyənin baş naziri Əhməd Davıdoğlu ilə birlikdə keçirdikləri mətbuat konfransında “İslam alman həyatının tərkib hissəsidir. PEGİDA-nın tərəfdarları ürəklərində nifrət bəsləyən insanlardır,” — fikrini səsləndirsə də, antiislam hərəkatının 2015-ci ilin yanvarın 12-də Drezdendə keçirdikləri yürüşdə 25 min nəfərdən artıq insanın iştirak etməsi artıq sivil dünya üçün həyəcan siqnalı kimi qəbul edilməlidir. Unutmaq olmaz ki, nasional-sosialistlər də XX əsrin 20-ci illərində Münhendə şovinist hərəkat formalaşdıranda almanların mütləq əksəriyyət onları ciddi bir qüvvə kimi qəbul etməmişdi. Bu məsuliyyətsiz yanaşmanın bəşəriyyəti hansı fəlakətə sürüklədiyini isbat etməyə lüzum yoxdur.

İslamofob qüvvələr hətta ABŞ prezidenti Barak Obamanı da eyni motivlərlə hədəfə almaqdan da çəkinmir, onu gizli müsəlman olmaqda ittiham edirlər. Onların mövqeyinə görə, Barak Obama müsahibələrinin birində “ABŞ-ın 57 ştatı vardır” ifadəsini işlədərkən heç də texniki səhvə yol verməyib. Onların islamofob təxəyyülünə görə, “prezident çox gözəl bilir k, ABŞ 50 ştatdan ibarətdir. O sadəcə olaraq dini mənsubiyyəti ilə bağlı şüuraltı mövqeyini qeyri-ixtiyari dilinə gətirib. Prezident İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan 57 müsəlman dövlətinə özünün dini məxsusluğu  hissinin təsiri altında belə ifadə işlədib.”

Həmin qüvvələri Barak Obamanın prezident seçildikdən sonra ilk səfərlərə yollandığı ölkələrin siyahısı da təsadüfən maraqlandırmir. Siyahını təqdim edirlər: Türkiyə, Misir və Səudiyyə Ərəbistanı. Hər biri müsəlman ölkəsi. Deməli, islamofob qüvvələrin məntiqincə, bu dəlillər bir daha sübüt edir ki, müsəlman qüvvələri nəinki kəmiyyət baxımından artmaqdadırlar, habelə onların fəaliyyətində keyfiyyət sıçrayışı da göz önündədir. Dünyanın yeganə fövqəldövlətinin prezidenti postuna müsəlman olan şəxsi yüksəltməyə nail olublar. Həmin qüvvələr bu adi tənqidə dözməyən cılız “analiz”lərini apararkən bilərəkdən həmin səfərlərin səbəb-nəticə əlaqəsinə göz yumurlar. Məhz həmin səfərlərin ardınca Yaxın və Orta Şərqi xaosa sürükləyən “Ərəb baharı”nın başlandığı, vətəndaş müharibələrinin həyat normasına çevriliyi, yeni və olduqca təhlükəli  “İŞID” beynəlxalq terror qruplaşmasının yarandığı hər kəsə gün kimi aydındır.  Bu, islamofob qüvvələrə  hamıdan yaxşı bəllidir. Həmin  qüvvələr əslində XXI əsrin “vəbası” heasab edilən beynəlxalq terrorçuluq ilə İslam arasında bərabərlik işarəsi qoymaqla ikinciyə qarşı yeni “səlib yürüşü”nü təşkil etmək  niyyətindədirlər. Təhlükənin kifayət qədər ciddiliyini nəzərə alıb, beynəlxalq terrorçuluq və İslamın əslində tam əks qütblər olduğunu  təhlil etməyə  və müvafiq nəticələr çıxarmağa çalışaq.

İslamofob qüvvələr məqsədyönlü şəkildə beynəlxalq terrorizmi dünyaya “İslam terrorizmi» kimi də sırımağa cəhdlər göstərirlər. Məsələyə belə yanaşıldıqda, onlar gərək unutmasınlar ki, XIX əsrdə Afrikanın müstəmləkəyə çevrilməsi müstəmləkəçi dövlətlərin dini mənsubiyyətinə görə «xristian müstəmləkəçiliyi» adlandırılmalıdır. Belə son dərəcə həssas məsələlərdə ifadələr dəqiq ölçülüb-biçilib işlədilməlidir. "Müsəlmanlar Nyu-York göydələnlərini dağıtdılar" kimi ifadələrin işlədilməsi yolverilməzdir, çünki məsələnin belə qoyuluşu bütün müsəlman dünyasını terrorizmdə ittiham etmək deməkdir. Çox qəribədir ki, heç kim «induslar Mahatma Qandini öldürdülər» və ya «yəhudilər İshaq Rabini öldürdülər» kimi fikirlər söyləmirlər. Eyni məntiqə söykənilsə, ABŞ prezidenti Con Kennedini öldürən Li Harvi Osvalda görə bütün Amerika xalqını müttəhim kürsüsündə əyləşdirmək lazım gələrdi.

Bu vəziyyətdə belə bir mif yayılmaqdadır ki, guya islam dininin mahiyyətində zorakılığa hüsn-rəğbət vardır. Əslində isə tanınmış Rusiyalı şərqşünas alim A.M.Xazanovun fikrincə desək, «terrorizm heç də müsəlmanların ixtirası deyildir. Xristian Avropanın tarixi eyni zamanda müsəlmanlara qarşı kütləvi qətllər və terror aktları ilə zəngindir. Səlib yürüşləri və Rekonkista müsəlmanların və iudeylərin zorən katolikliyə keçirilməsi, onların «müqəddəs inkvizisiyaya» və autodafeyə tuş gətirilməsi ilə müşaiyət olunub». Bu bir həqiqətdir ki, terrorçunun dini və milli mənsubiyyəti olmur. Hitlerin başkəsənlərinin qayışlarının toqqasında «Allah bizimlədir» ifadəsi həkk olunmuşdu. Bunu əsas götürüb, «faşist xristian orduları» ifadəsi işlətmək olarmı? Əlbəttə, yox. Öz antimüsəlman mövqelərinə haqq qazandırmaq üçün «psevdoislamşünasların» ən çox müraciət etdiyi məsələ «cihad»termini ilə bağlıdır. Onlar səhvən və ya bilərəkdən «cihadı» «qeyri-müsəlmanlara qarşı müqəddəs müharibə» kimi yozmaqda davam edirlər. Bu isə, guya ki, müsəlmanları qeyri-müsəlman dünyasına qarşı mübarizəyə və bu mübarizədə bütün üsullardan, hətta terrordan da belə bəhrələnməyə sövq edir.

Başqa sözlə, guya ki, «cihad» konsepsiyası terrorizmə haqq qazandırır. Əslində «cihad» hərfi mənasına görə «ən yüksək səy» deməkdir. İslam ideologiyasının təqdimatına görə, «cihad» İslamın yayılması və müdafiəsi uğrunda mübarizə deməkdir.

Amerikalı alim Tomas Lippmanın fikrincə, «cihad» sözü Məhəmməd peyğəmbərin öz ardıcılları üzərinə qoyduğu öhdəliyi-dinin qorunmasını» əks etdirir. Həqiqətən də Quranın 2-ci surəsində («İnək surəsi») deyilir: «Allah qoyduğu yol naminə sizi öldürənləri öldürün, lakin ölçülərdən kənara çıxmayın, çünki Allah həddini aşanları sevmir». Nəhayət, İslamı həddindən artıq döyüşkənlikdə və hərbə çağırışda ittiham edənlər ədalət naminə İisus Xristosun məşhur fikrini unutmamalıdırlar: «Düşünməyin ki, mən Yer üzünə sülh gətirmək üçün gəlmişəm. Mən sülh yox, qılınc gətirdim».

Bu yerdə «təməlçilik» məsələsinə də aydınlıq gətirmək lazımdır. Təəssüf ki, çox zaman səhv olaraq bu anlayışla radikalizm, ekstremizm və hətta terrorizm arasında bərabərlik işarəsi qoyurlar. Təməlçilik — dinin köklərinə qayıdışın zəruriliyini, onun ilkin təmizliyinin hifz edilib qorunmasını təbliğ edir. Belə yanaşma tərzi istənilən dində ola bilər. Yeri gəlmişkən, o, ABŞ-da yaranıb. Belə ki, 1919-cu ildə presviterian, baptist və metodist dünya görüşlərinin daşıyıcıları olan qruplar Ümumdünya Xristian Fundamental Assosiasiyasını yaradıblar. Məqsədləri — inamlarının fundamental əsasları saydıqları məsələlərin qorunub saxlanılması olub. (Məsələn, onlar insanın yaranışı haqqında Darvinin nəzəriyyəsini inkar edirlər).

İslam təməlçiləri nümayəndələri də (ərəbcə «əs-sələf-ayi»-»ulular») öz dinlərinin köklərinə qayıdışa çağırırlar və bu heç bir qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış kimi yozulmamalıdır.

Buna görə də İslamı müxtəlif cinayətlərdə ittiham etmək kökündən səhvdir və yuxarıdakı araşdırmalarımız belə yanaşma tərzinin nə qədər təhlükəli olduğunu bir daha sübut edir. Bu yerdə «mərdi qova-qova namərd edərlər» xalq deyimimiz yada düşür.

Obyektivlik naminə onu da qeyd edək ki, son zamanlar böyük insan tələfatlarına gətirib çıxaran terror aksiyalarında özünü müsəlman kimi təqdim edənlərin xüsusi çəkisi artmaqdadır. Şübhəsiz ki, bu tendensiya səbəbsiz deyildir. Araşdırmağa çalışaq.

Ardı var

91