Kuba ABŞ

ABŞ Kuba arasında tarixi saziş

52
(Yenilənib 21:02 26.05.2015)
Kuba və Amerika Birləşmiş Ştatları qarşılıqlı səfirliklər açmaq barədə razılığa gəliblər

BAKI, 21 may — Sputnik. 50 il davam edən soyuq münasibətlərdən sonra Kuba və Amerika Birləşmiş Ştatları qarşılıqlı səfirliklər açmaq barədə razılığa gəliblər. ABŞ mətbuatı əldə olunan razılığı tarixi hadisə kimi dəyərləndirib.

Ötən ilin dekabr ayında iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsi haqda saziş imzalanıb. Bundan sonra nümayəndə heyətləri arasında, münasibətlərin inkişafı istiqamətində 2 raunddan ibarət danışıqlar aparılıb.

Kuba ilə ABŞ arasında münasibətlərin uzun illər ərzində çox gərgin olmasının səbəbləri var. Belə ki, 1959-cu ildə Kubada Fidel Kastronun rəhbərliyi ilə sosialist inqilabı baş vermişdi. Ağ Ev kommunist Kubanı özü üçün, eləcə də Qərb yarımkürəsi üçün ciddi təhlükə hesab edirdi. 1961-ci ildə Nikita Xruşşovun hakimiyyəti dövründə Sovet İttifaqı ilə Birləşmiş Ştatlar arasında "Karib" böhranı yaşandı  və bu az qala 3-cü dünya müharibəsinə səbəb olacaqdı.

Son illərə qədər Kuba ilə ABŞ arasında münasibətlər yumşalmamışdı. Lakin Barak Obamanın hakimiyyətə gəlişilə fərqli yanaşmalar gündəmə gəldi. Hətta Obamanın seçim bəyannaməsində də bu mövzu öz yerini tutmuşdu. Ağ ev rəhbəri rəsmi Havana ilə münasibətləri həm siyasi həm də digər sahələrdə inkişaf etdirməyə çalışır. Fakt budur ki, Birləşmiş Ştatlar tərəfindən uzun illər ada dövlətin blokadaya alınması siyasəti real fayda verməyib. Əksinə, Kubanı dəstəkləyən bir sıra Latın Amerikası dövlətləri ilə ABŞ'ın münasibətləri daha da pisləşib. Kubanın yeni lideri Raul Kastro da Vaşinqtonla münasibətlərin bərpasında maraqlıdır. Çünki nəhəng bir dövlətlə iqtisadi əlaqələrin kəsilməsi adaya da öz mənfi təsirini göstərir. Kriz vəziyyətində olan Kuba iqtisadiyyatının Birləşmiş Ştatlar sərmayələrinə, xüsusilə də yeni texnologiyalarına böyük ehtiyacı var. Lakin müsbət gedişata baxmayaraq, ABŞ konqresində hələ də bu ölkə ilə münasibətlərin bərpasına qarşı çıxan siyasətçilər, senatorlar var. Onlar hesab edir ki, Obama Administrasiyası Kubaya hədsiz dərəcədə çoxlu güzəştlər edir. 

52