Beynəlxalq Valyuta Fondu

BVF Mərkəzi Asiya Qafqaz regionları üzrə öz proqnozunu açıqlayıb

28
(Yenilənib 11:28 20.05.2015)
Sənədə əsasən, ən acınacaqlı vəziyyət Ermənistanda gözlənilir

BAKI, 19 may – Sputnik. Beynəlxalq Valyuta Fondu 2015-ci il üzrə Mərkəzi Asiya və Qafqaz regionu üçün öz proqnozunu açıqlayıb. Hazırlanan yeni məruzədə, qarşıdakı bir neçə ildə bu bölgədə iqtisadi artım tempinin yavaşlayacağı bildirilir.

Fondun "Qafqaz və Orta Asiyada regional cari vəziyyət" məruzəsində azalan xammal, xüsusilə də neftin qiyməti, Rusiya iqtisadiyyatının zəifləməsi və beynəlxalq bazarlarda möhkəmlənən dollar amillərinin regionda yerləşən ölkələrin iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyi bildirilir.

Məruzədə qeyd edilib ki, 2014-cü ildə Qafqaz və Orta Asiyada ÜDM artımı 1,25 faiz bəndi azalaraq ortalama 5,25% olub. Sənədə əsasən, ən acınacaqlı vəziyyət Ermənistanda gözlənilir. Belə ki, BVF bu ölkənin iqtisadiyyatında 2015-ci ildə 1% azalma, 2016-cı ildə isə heç bir dəyişiklik gözləmir.

Azərbaycan iqtisadiyyatında 2015-ci ildə 0,6% artım proqnozlaşdırılır, 2016-cı ildə isə Rusiya iqtisadiyyatının canlanması və neftin qiymətinin artması fonunda Azərbaycan 2,5%-lik iqtisadi artıma nail ola biləcək.

Ötən il 10,3% ÜDM artımı göstərən Özbəkistanda 2015-2016-cı illərdə bu ölkədə 9% artım gözlənilir. Azalan neft qiymətləri ən çox Azərbaycan və Qazaxıstan iqtisadiyyatına təsir edəcək. Yeni quyuların istismara verilməsindəki gecikmələr səbəbindən Qazaxıstan daha çox mənfi təsirə məruz qalacaq. Ümumiyyətlə, regionun neft ixrac edən ölkələrində iqtisadi artımın 2 faiz bəndi azalaraq bu il 3,5% olacağı ehtimal edilir. Regiondakı ölkələrin ÜDM artımı isə 3 faiz bəndi azalaraq 1,5% təşkil edəcək. 

BVF tərəfindən açıqlanan məruzədə region ölkələrinin valyutalarını devalvasiya etməsinin iqtisadi şoklara qarşı müqaviməti artırdığı, rəqabət qabiliyyətini yüksəltdiyi, valyuta ehtiyatlarının tükənməsinin qarşısını aldığı bildirilir. Fond bu ölkələri təcili surətdə struktur islahatları aparmağı tövsiyə edib. Bildirilib ki, ticarət inteqrasiyası, əmək bazarı islahatları, daxili sənaye və təsərrüfat sisteminin rəqabət qabiliyyətinin artırılması regionun inkişafı üçün zəruridir. 

28