CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıbəyovlar nəslinin layiqli davamçısının doğum günüdür

© Photo : State Museum of Musical Culture of AzerbaijanMaestro Niyazi Hacıbəyov, arxiv şəkli
Maestro Niyazi Hacıbəyov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq artisti, SSRİ Xalq artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb.
BAKI, 20 avqust — Sputnik. O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Söhbət dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazidən gedir. Sputnik Azərbaycan xəbər verir ki, Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 109 il ötür.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi adlanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.
Kiçik yaşlarından musiqi ilə məşğul olmasına baxmayaraq, hərbçi olmaq arzusunda idi. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəylinin tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirib. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başlayıb. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq keçmiş SSRİ məkanında məşhur insanların siyahısına adını daxil edə bilib.
1937-ci ildə Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan maestro 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq edib. 1938-ci ildə Azərbaycan İncəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunub.
1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olan sənətkarın yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olub. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində "qızıl mərhələ"nin simvolu kimi xatırlayırlar. O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmadı. 30-cu illərin əvvəllərində ilk əsəri olan "Od içində" fortepiano poemasını, daha sonra "Talış xalq mahnıları" mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan "Zaqatala süitası"nı yazdı. Korifey sənətkar Azərbaycan mahnılarından "Kəklik", "Qaragilə", "Xumar oldum", "Ay bəri bax" və digər simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota köçürüb.
Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verə bilib. O, bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında "Kəndlilər", "Mənsur", "Ceyhun və Ülkər" filmlərinin adını qeyd etmək olar. O, "Almaz" filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləyərək 40-cı illərdə Süleyman Rüstəmin "Təbrizim" şeirinə mahnı bəstələyib. Az sonra isə ilk dəfə "Xosrov və Şirin" operasını yazıb.
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başlayıb. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini - "Rast" simfonik muğamını nota alıb. İlk dəfə xarici ölkəyə 1951-ci ildə "Praqa baharı" festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.
1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etməyi o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamaqla yanaşı, P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanıb.
Həmin vaxt maestro Niyazi dünyanın məşhur kollektivlərindən biri olan Londonun Kral Teatrının orkestri ilə çıxış etməli olur. Niyazi bu orkestrlə çıxış edərkən, əlbəttə, öz ustalığına tam arxayın idi. Onu bu sənət səfərinə göndərənlər də bunu yaxşı bilirdi. Maestro Niyazinin ustalığına, musiqi duyumuna bələd idilər. London Kral orkestrinin ifaçılarının, deyirlər, qəribə bir xüsusiyyəti var. Onlar orkestrə gələn bütün dirijorları, necə deyərlər, "dişlərinə vururlar", yoxlayırlar. Hansısa zarafatsevər musiqiçi bu dəfə maestro Niyazini yoxlamaq fikrinə düşür. Maestro Niyazi orkestrlə məşq edəndə həmin ifaçı əsərin ifa tərzi ilə uyuşmayan yad notlar vurur. Niyazi o saat həmin uyarsızlığı duyur və orkestri saxlayır. Sakitcə həmin musiqiçiyə yanaşıb qulağına pıçıldayır: "Bəlkə..." Hər şey o ifaçıya aydın olur. Orkestrin qalan üzvləri Niyazinin musiqi duyumunu görüb özlərini yığışdırırlar.
1961-ci ildə Londona səfər edən sənətkar Baxın, Bethovenin, Çaykovskinin və neçə-neçə dünya sənətkarlarının əsərlərindən ibarət konsert verir. London mətbuatında həmin konsert haqqında silsilə yazılar dərc olunmuşdu.
1965-ci ildə maestro Niyazi Türkiyəyə səfərə gedib. O, həmin məmləkətin ən böyük konsert birliklərindən biri olan Prezident orkestri ilə çıxış etməli olub. Böyük sənətkar Çaykovskinin "Qaratoxmaq qadın" operasına dirijorluq edib. Sonra yenə də həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Türkiyənin mərkəzi qəzetləri də bu böyük sənətkarın uğurlu sənət səfəri haqda geniş məqalələr dərc ediblər.
Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq artisti, SSRİ Xalq artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb.
Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər, yəni 1984-cü ilə qədər Bakıda Bülbül prospekti 21 ünvandakı mənzildə yaşayıb. Hazırda həmin mənzil muzey kimi fəaliyyət göstərir. Muzeyin qapısından dəhlizə daxil olan hər kəsi Niyazinin şəkilləri qarşılayır. Maestronun əzəmətli heykəli də bu mənzildədir. Divarda Niyazinin yaradıcılığını, musiqi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, konsertlərinin nadir afişaları yer alıb.
Maestroya məxsus 279 material AMEA-nın Tarix Muzeyində saxlanılır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestronun həyat və fəaliyyətinə aid sənədlər qorunur.
Qeyd edək ki, 2 fevral 2017-ci ildə Bakı şəhəri Niyazi küçəsində dahi sənətkarın abidəsinin açılışı olub.
Eləcə də oxuyun:
"Əsl xan elə bu imiş" - Ancaq bir bəstəkara dəyər verən ustaddan dörd saatlıq xatirə qalıb
Amerikalı kamança ifaçısı "Fəxri səfir" diplomuna layiq görülüb
Sənət yoldaşları Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüb
Xəbər lenti
0