Xan Şuşinski

"Əsl xan elə bu imiş" - Ancaq bir bəstəkara dəyər verən ustaddan dörd saatlıq xatirə qalıb

67
(Yenilənib 14:29 20.08.2021)
Xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir.

 

BAKI, 20 avqust — Sputnik. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinskinin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 120 il ötür.

1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan görkəmli sənətkar adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb. "Xan" ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında "Kürdü Şahnaz"ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: "Bəlkə, sən də bizim üçün "Kürdü Şahnaz"ı oxuyasan?" - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. "Kürdü Şahnaz"ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə "Əsl xan elə bu imiş ki!" - deyir. Vəcdə gələn İslam Abdullayev isə "Bu gündən sənin adın oldu Xan Şuşinski", – deyərək ona ustad xeyir-duasını verir.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi-muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

Qeyd edək ki, bu ilin may ayında Şuşada keçirilən "Xarıbülbül" beynəlxalq musiqi festivalında Xan əminin "Şuşanın dağları" mahnısı səslənmişdi. Həmin lent yazısı hər kəsi göz yaşlarına boğmuşdu.

Eləcə də oxuyun:

67
Teqlər:
Xan Şuşinski, doğum günü, xanəndə, muğam
Xəzər dənizində neft platforması, arxiv şəkli

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 27 il ötür

2640
(Yenilənib 10:04 20.09.2021)
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

BAKI, 20 sentyabr — Sputnik. Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 27 ili tamam olur.

1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü" kimi qeyd olunur.

"Əsrin müqaviləsi"ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti ("Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil" (hazırda "Equinor"), "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta") iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

"Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb.

Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları bunlardır: BP (30,1%), "AzBTC" (25%), "Chevron" (8,9%), "Equinor" (əvvəlki "Statoil") (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), "Itochu" (3,4%), "Inpex" (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%).

Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, "Chevron", "Inpex", "Equinor" (əvvəlki "Statoil"), "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 30 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

2640
Teqlər:
'Əsrin müqaviləsi'
Əlaqədar
Cəbiş müəllim "Əsrin müqaviləsi"ndən danışır
"Əsrin müqaviləsi"ndən 17 il mənfəət götürmüşük
Politoloq Azərbaycanın müstəqillik tarixində “Əsrin müqaviləsi”nin rolundan danışır
“Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadirik” – Əsrin müqaviləsi bizə nə verdi
XİN “Əsrin müqaviləsi”nə münasibət bildirdi

Heykəli güllələnib satışa çıxarılan dahimiz: bu günümüz adıyla yaşayır

1798
(Yenilənib 10:02 18.09.2021)
Onun haqqında "Üzeyir ömrü", "Üzeyir Hacıbəyov", "Əbədi iftixarımız" filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.

BAKI, 18 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

Sputnik Azərbaycan xəbər verir ki, o, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın "konservatoriyası" - Şuşada keçib. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət "İslamiyyə", "Təbriz" mehmanxanalarında və kirayədə yaşayır. "Leyli və Məcnun" operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan "Leyli və Məcnun" ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Gənc bəstəkar bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla" muğam operalarını yazır.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları onu çox məşhurlaşdırır.

Üzeyir yaradıcılığının zirvəsi "Koroğlu" operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdın, Qara dəniz" mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur.

Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib, onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılıb. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"u yaratdı. 1909-cu ildə yaratdığı "Şeyx Sənan" adlı ikinci operası üslubuna görə sələfindən xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi.

1910–1915-ci illər arasında yazılmış növbəti dörd opera ənənəvi Azərbaycan muğamı əsasında qurulub ("Rüstəm və Zöhrab" (1910), "Şah Abbas və Xurşud Banu" (1911), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915)). Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılmış "Koroğlu" operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə "Stalin" mükafatı verildi. Ümumilikdə, o, 7 opera və 3 operetta yazıb: "Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913). Hacıbəyov "Koroğlu" operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış "Firuzə" operası var idi. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamladı.

Üzeyir Hacıbəyov "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi əsərlər yaradaraq "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi. Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur.

Azərbaycan musiqisinin sütunu sayılan Üzeyir bəy 1918-ci ildə Azərbaycan himnini bəstələdi. 1920–1991-ci illərdə Azərbaycanın SSRİ ittifaq respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi. Lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi. 1930-cu ilə aid Azərbaycan SSR-in himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir. Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSRİ-in tərkibindən çıxanadək səsləndirilirdi. 1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən "dövlət" statusunu aldı.

1920-ci illərin sonu və 30-cu illərin əvvəllərində o, xalq çalğı alətləri orkestri üçün ilk Azərbaycan kütləvi mahnılarını, kamera instrumental əsərlərini yaratdı ("Pambıq tarlalarında" süitası, "Çahargah" və "Şur" ladaları) və skripka, violonçel və fortepiano üçün kantatalar (o cümlədən "Füzulinin xatirəsinə "(1934)), orkestr (uverturalar) və xor əsərlərini bəstələyib.

1941–1945 müharibə illərində bir sıra vətənpərvərlik mahnılar ("Yaxşı yol", "Şəfqət bacısı" və s.), "Vətən və cəbhə" kantatası və "Döyüşçülər marşı" (1942) uvertürasını yazıb.

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.

Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsinizmi ki, sizin mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.

Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: "Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün".

Üzeyir bəy nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. "Ü", "Filankəs", "Behmankəs" və digər gizli imzalarla felyetonlar yazıb. Onun "Ordan-burdan" başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.

Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşır və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşir. Moskva şəhər Kreml xəstəxanasında müalicə almağa başlayır, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürülür. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, "Monolit" binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat edir. Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında "Sənsiz" romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.

Onun haqqında "Üzeyir ömrü", "Üzeyir Hacıbəyov", "Əbədi iftixarımız" filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.

Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.

1959-cu ildə Şuşada abidəsi və büstü qoyulub. Daha sonra, BBC jurnalisti Tomas de Vaalın sözlərinə əsasən, "gülləbaran edilmiş, ikiyanlı pencəkdə və qırılmış eynəkdə" olan büst sökülüb və 1992-ci ildə Şuşanı zəbt edən ermənilər onu metal kimi Gürcüstanda satışa qoymuşdular. 1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı təkcə şuşalıların evləri yox, tarixi abidələrimiz də erməni qəsbkarlarının qurbanına çevrilib. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər Bülbül və Natəvanın heykəli ilə yanaşı Üzeyir bəyin də heykəlini müxtəlif hissələrdən güllələyiblər. Həmin heykəllərin tunc materialına tamah salan düşmənlərimiz heykəllərdən gəlir əldə etmək məqsədilə əvvəlcə Yerevana, sonra da Gürcüstana aparıblar. Xoşbəxtlikdən Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görüblər. Bununla bağlı müvafiq qurumlara məlumat veriblər. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsi ilə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil olub.

2021-ci ilə qədər büst Azərbaycan İncəsənət Muzeyinin açıq havasında nümayiş olunurdu. 14 yanvar 2021-ci ildə büstü öz doğma torpağında - Şuşada yenidən quraşdırıldı.

1798
Ata oğulları ilə birgə, arxiv şəkli

Övladlığa verilmə bu qurumun səlahiyyətindən çıxarıldı