Sara Qədimova

Bu dünyadan bir Sara Qədimova da keçdi

24
(Yenilənib 23:55 31.05.2021)
O, nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb.

BAKI, 31 may — Sputnik. Bu gün Azərbaycan SSR Xalq artisti Sara Qədimovanın doğum günüdür. Sara Qədimova 31 may 1922-ci ildə Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindən olan xanəndə əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb.

O, nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı "Leyli" və "Əsli" obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

O, 12 may 2005-ci ildə Bakıda dünyasını dəyişib.

24
Həkim, arxiv şəkli

xalatlı qəhrəmanlar bayram edir: Azərbaycanda qədər tibb işçisi var?

18
(Yenilənib 12:38 17.06.2021)
İstər pandemiya dövründə koronavirusla mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə Azəbaycanda onlarla tibb işçisi dünyasını dəyişib. Bu gün isə onların peşə bayramı qeyd olunur.

Prezident Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Sputnik Azərbayan Dövlət Statistika Komitəsinin ötən il açıqlanan hesabatına istinadən bildirir ki, ümumilikdə Azərbaycanda 32,485 min həkim və 54,048 min orta təhsilli tibb işçisi çalışır. İcbari tibbi sığorta sisteminin tələbinə uyğun olaraq, həkimlərin əksəriyyətini terapevtlər təşkil edir - 7,951 min nəfər. Həkimlərin əksəriyyəti Bakıda və paytaxt ətrafında cəmləşiblər ki, bu da urbanizasiya ilə bağlıdır.

Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, Azərbaycanda hər min nəfərə orta hesabla 3,45 həkim düşür, daha doğrusu, yeddi həkim iki min nəfərə xidmət göstərir. Beləliklə, postsovet ölkələri arasında bu göstəriciyə görə respublikamız altıncı yerdədir.

Ölkədə COVID-19-la bağlı pandemiya şəraiti başlayandan, həkimlər hamılıqla bu virusla mübarizəyə cəlb ediliblər. Koronaviruslu xəstələrlə işləyən həkimlərin əmək haqları artırılıb. Bu xəstəliklə mübarizədə onlarla həkim dünyasını dəyişib. 

Eyni zamanda 44 günlük müharibə dövründə də Azərbaycan həkimləri yaralı hərbçilərin və erməni vandalizminə məruz qalan mülki şəxslərin həyatının xilası uğrunda fədakarlıq göstəriblər. 

44 günlük müharibə zamanı ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına həlak olublar. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı isə sanitardır.

Bu gün ölkənin ağ xalatlı qəhrəmanlarının peşə bayramıdır.  

18
Ulu öndər Heydər Əliyevin məzarı

Azərbaycanda Milli Qurtuluş Günüdür

73
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib

BAKI, 15 iyun - Sputnik. Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

73
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

40
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

40