Azərbaycanın ümummilli lideri Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür

56
(Yenilənib 07:17 10.05.2021)
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub

BAKI, 10 may — Sputnik. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb, 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

56
Azərbaycanın ümumtəhsil müəssisələrində Son zəng həyəcanı

Bu gün məktəblərdə "Son zəng"dir

872
(Yenilənib 09:31 14.06.2021)
On birinci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində "son zəng" iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək.

BAKI, 14 iyun - Sputnik. Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir.

Report xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə baş tutur.

Belə ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilə bilər.

Tədbirdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak edə bilər.

Həmçinin 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək. Eyni zamanda tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilməyəcək.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

872
Hökümə Qurbanova, arxiv şəkli

Hökümə Qurbanovanın anadan olmasından 108 il ötür

15
İstedadlı aktrisa Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında "Onun sənət ulduzu" monoqrafiyasını yazıb.

BAKI, 11 iyun — Sputnik. Bu gün Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür. İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı teatr və kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamentinə malik aktrisa qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə həmişə müvəffəq olub.

Sputnik Azərbaycan xəbər verir ki, anadan olmasının 108-ci ildönümü tamam olan görkəmli sənətkar yaratdığı bənzərsiz rollar qalereyası ilə bu gün də sənətsevərlərin qəlbində yaşayır.

Hökümə Qurbanova 1913–cü ildə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə Qurbanova 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib, 1931–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) təhsil alıb. Aktyorluq fəaliyyətinə 1933-cü ildə "Azərbaycanfilm" Kinostudiyasında başlayıb, C.Cabbarlının təşəbbüsü ilə "Almas" filmində Yaxşı rolunda çəkilib. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, düzgün üz cizgiləri, mənalı gözləri, məsum və ürkək baxışları sənətkarın obrazı dərindən duymasından xəbər verir. Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birinə çevrilib. O, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktrisanın ilk rolu "Vaqif" tamaşasında gürcü qızı Tamara olub.

İstedadlı aktrisa Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında "Onun sənət ulduzu" monoqrafiyasını yazıb.

Hökümə Qurbanovanın zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir. Onun yaratdığı Sona (C.Cabbarlının "1905-ci ildə" tamaşası), Xuraman (S.Vurğunun "Vaqif"), Hermiona (U.Şekspirin "Qış nağılı"), Xumar (H.Cavidin "Şeyx Sənan"), Süsən (A.Şirvanzadənin "Namus"), Basantasena (Y.Osnos və B.Binnikovun "Hind gözəli") obrazlarında lirizm, romantik vüsət güclüdür.

Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirib. O, bu gün də ekranlardan düşməyən "Uzaq sahillərdə" filmində Anjelikanı, "Ögey ana"da Dilarəni məharətlə səsləndirib.

Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaradıb. Onun yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən "Antoni və Kleopatra" tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaradıb. Həmin tamaşadan lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlib.

Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib.

Hökümə Qurbanovanın "Bir ailə", "Onu bağışlamaq olarmı?", "Əmək və qızılgül", "İnsan məskən salır" filmlərində çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb.

Neçə-neçə obrazları yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova görkəmli aktyor Ələsgər Ələkbərov, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olub. Şəxsi həyatındakı uğursuzluqdan bədbinləşməyən aktrisa böyük bir coşqunluqla yaradıcılığını davam etdirib. Ömrünün ahıl çağında isə sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olub. Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra - 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 4 mart tarixli Sərəncamına əsasən Hökümə Qurbanovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın yaradıcılığı bu gün də gənc nəsil üçün məktəb olaraq qalmaqdadır.

Həmçinin oxuyun:

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

15
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0