Çiçək açmış ərik ağacı, arxiv şəkli

Bu gün torpaq oyandı, yaz qapıya dayandı

31
(Yenilənib 01:36 16.03.2021)
İki ildir ki, koronavirus təhlükəsi səbəbindən ölkəmizdə kütləvi bayram tədbirləri ləğv edilib. Buna rəğmən, köhnə ilin axır, ağır çərşənbəsini yola salıb, bütün dərd-bəlanızı özü ilə aparacağına ümidlənin.

BAKI, 16 mart - Sputnik. Bu gün Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu - İlaxır çərşənbə qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, İlaxır çərşənbə həm də Torpaq çərşənbəsi adlanır. Sudan, havadan, Günəşdən sonra bar-bəhərin, bərəkətin anası torpaq oyandığından İlaxır çərşənbə bəzi bölgələrimizdə Novruz bayramının özündən daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuğun, şaxtanın olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır.

Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.

Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar, ağacların dibi bellənər. İlaxır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.

İki ildir ki, koronavirus təhlükəsi səbəbindən ölkəmizdə kütləvi bayram tədbirləri ləğv edilib. Buna rəğmən, köhnə ilin axır, ağır çərşənbəsini yola salıb, bütün dərd-bəlanızı özü ilə aparacağına ümidlənin. Bu Novruz bir başqa olacaq. Çünki Vətənimizin yenidən qovuşduğu parçası Qarabağa da bu il bir başqa bahar gələcək.

Süfrəniz bərəkətli, ürəyiniz təpərli olsun, ocağınız gur yansın! Vətənimiz bütöv olsun! Bayramımız mübarək!

31
Teqlər:
torpaq, bahar, bayram, İlaxır çərşənbə

Unutmadıq: Ağdaban faciəsindən 29 il ötür

31
130 evdən ibarət olan kəndin işğalı zamanı evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib.

BAKI, 8 aprel - Sputnik. Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

31

Qarabağ münaqişəsində dönüş nöqtəsi olmuş döyüşlərin ildönümüdür

14
Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

BAKI, 2 aprel - Sputnik. Şanlı Aprel döyüşlərindən beş il ötür.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb. 

14
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda