BAKI, 23 fevral - Sputnik. Bu gün Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsidir.
Sputnik Azərbaycan bildirir ki, onu "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Bu il martın 2-də Od, martın 9-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-də qeyd ediləcək. Yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 13:37:00-da daxil olacaq.
BAKI, 2 mart - Sputnik. 1992-ci il martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Ölkəmiz bu müddətdə Şuraya iki dəfə sədrlik edib.
Hazırda BMT-nin 193 üzvü var. Təhlükəsizlik Şurası isə 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir.
BAKI, 2 mart - Sputnik. Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir.
Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.