Rəşid Behbudov, arxiv şəkli

Dünya onu "Tacir Əsgər" kimi tanıdı

32
(Yenilənib 14:51 14.12.2020)
SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

BAKI, 14 dekabr — Sputnik. "Alagöz", "Gecələr", "Lalələr", "Sənə də qalmaz", "Küçələrə su səpmişəm", "Evləri var" və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 105-ci ildönümü tamam olur.

Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Atası məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olub. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlıdır. Ömrünün sonlarına kimi Tbilisidə Azərbaycan məktəblərində dərs deyib.

Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir.

Народный артист СССР Рашид Бейбутов (справа)
© Sputnik / Solomon Kulishov
Azərbaycan Xalq artisti Rəşid Behbudov (sağda).

Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsi ilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."

R.Behbudov söhbətlərinin birində deyib: "Dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan" filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. "Arşın mal alan" Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim "Arşın mal alan" dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi".

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunub, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çağırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.

1946-56-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Bu, SSRİ-də ilk belə teatr idi. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır. R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə" adlandırılıb.

© Sputnik / Yakov Berliner
SSRİ Xalq artisti Rəşid Behbudov "Azərbaycan" mahnısını ifa edərkən

O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olub. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardan idi.

Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyildir.

Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri Xiyabanda dəfn edilib.

32
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

16
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

16

Ölümü ilə hər kəsi ayağa qaldırmış general

66
(Yenilənib 10:24 02.01.2021)
Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

BAKI, 2 yanvar - Sputnik. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür, yaşasa idi bu gün onun 46 yaşı tamam olacaqdı.

Sputnik Azərbaycan  xəbər verir ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər gedən dövrdə şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

Polad Həşimovun ölümü barədə cəmiyyətdə birmənalı fikir mövcud deyil. Belə ki, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov noyabrın 8-də telekanallardan birinə verdiyi açıqlamada Polad Həşimovun xəyanət nəticəsində döyüş bölgəsindən kənarda öldürüldüyünü deyib. 

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

Polad Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

66
Bakubus avtobusu, arxiv şəkli

Pandemiya dövründə nəqliyyat sektorunda vəziyyətə dair hesabat açıqlandı

0
(Yenilənib 16:59 18.01.2021)
Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib.

 

BAKI, 18 yanvar — Sputnik. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi çərçivəsində, avtomobil nəqliyyatı ilə yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatınında bildirilib.

Qeyd edilib ki, il ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub: "Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8235000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1566000, Bakı-Abşeron istiqamətində 3402000, Sumqayıt-Abşeron istiqamətində 3267000 sərnişin daşınıb. Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb. Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Respublikası, İran İslam Respublikası Hökumətləri arasında bağlanmış Beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub. O cümlədən Rusiya Federasiyasına – 13 istiqamət üzrə, Gürcüstana – 12 istiqamət üzrə, Türkiyə Respublikasına – 3 istiqamət üzrə, İran İslam Respublikasına – 5 istiqamət üzrə və İraq Respublikasına – 1 istiqamət üzrə gedişlər təşkil olunub. Beynəlxalq sərnişin daşımaları üçün ilin birinci rübündə 1200 ədəd "İcazə" blankı mübadilə edilib".

0