UNESCO-nun loqosu, arxiv şəkli

UNESCO-nun yaranmasından 75 il ötür

17
(Yenilənib 15:16 16.11.2020)
Təşkilatın əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

BAKI, 16 noyabr — Sputnik. Bu gün UNESCO-nun (Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) yaranma günüdür.

Sputnik Azərbaycan-ın məlumatına görə, 1945-ci ilin noyabrın 16-da yaradılan UNESCO-nun mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

Təşkilatın əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilib. Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilib. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır.

Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.

Azərbaycan 1992-ci ildə iyunun 3-də UNESCO-ya üzv qəbul edilib. Ölkəmizdə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda Beynəlxalq Muğam Festivalı keçirilib.

Mehriban Əliyeva Azərbaycan tarixini, mədəni irsini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir: İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti", Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Azərbaycan ötən ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

17
Teqlər:
Şirvanşahlar, Mehriban Əliyeva, Qız qalası, UNESCO
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

172
(Yenilənib 15:53 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

172
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu
Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Simfonik orkestri, arxiv şəkli

Azərbaycanın iftixarının anım günüdür

20
(Yenilənib 11:34 23.11.2020)
Hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur, bu gün isə vəfatından 72 il ötür

BAKI, 23 noyabr — Sputnik. Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Şuşadan olan müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1948-ci ilin noyabrın 23-də vəfat edib. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşanı düşmən işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür.

Qeyd edək ki, hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüf ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq yenə də Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunub, həmçinin mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə, elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

20
Teqlər:
anım günü, Üzeyir Hacıbəyli, opera, musiqi, Azərbaycan
Dəniz Mall Ticarət Mərkəzinə mənzərə, arxiv şəkli

Sabahdan hava mülayimləşir

0
(Yenilənib 16:03 28.11.2020)
Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
hava proqnozu, Hava proqnozu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu, Milli Hidrometeorologiya Departamenti