Bakıda hərbi paradın iştirakçıları, arxiv şəkli

Test: Ordular hərb sənəti

209
(Yenilənib 20:00 25.06.2020)
Hərb sənəti haqda azacıq da olsa məlumatlı olmaq, zənnimizcə, müasir dövrdə müsbət xarakterdir. Sputnik Azərbaycan sizə dünya orduları, hərb sənəti ilə bağlı əyləncəli testi təqdim edir.

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Orduya, əsgərə bir çox ölkələrdə münasibət eyni olsa da, hətta Konstitusiyası ordu saxlamağı qadağan edən ölkə də var.

Biz tarixən vuruşan, öz torpaqlarını son damla qanınadək qoruyan, Vətəni uğrunda canından keçən xalq olmuşuq. Ölkə inkişaf etdikcə onun özünü müdafiə qabiliyyəti də güclənməlidir. Hərb sənəti haqda azacıq da olsa məlumatlı olmaq isə, zənnimizcə, müasir dövrdə müsbət xarakterdir. Çünki ərazilərimizin 20%-i hələ də düşmən tapdağı altındadır və bizim onu azad edəcəyimiz günü gözləyir.

Sputnik Azərbaycan sizə dünya orduları, hərb sənəti ilə bağlı əyləncəli testi təqdim edir.

209
Əlaqədar
Hərb və sülh: birilərinin səhvi başqalarına dərsdir
Test: "Don Kixot"u xatırlayarkən
Test: "İkinci yarımızın" metamorfozası – telefon haqda maraqlı faktlar
Test: Səsiniz gəlsin! 
Test: Rəqs edir hər kəs
Azərbaycan bayrağı

Azərbaycan dövlət müstəqilliyinin 29-cu ilini bayram edir

188
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

BAKI, 18 oktyabr - Sputnik. Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

188
Əbdülməcid Axundov

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

24
(Yenilənib 18:47 15.10.2020)
Ceyran Axundova: "Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Bu gün torpaqlarımızda qanlı döyüşlər gedir. Hər gün kiçik qələbələr qazana-qazana Böyük Qələbəyə yaxınlaşırıq. Qələbə isə heç bir zaman asanlıqla əldə olunmur. 2016-cı ilin aprel ayında olduğu kimi.

Aprel döyüşlərində düşmənin hücumunun qarşısını alan hərbçilərimiz bir addım belə, geri çəkilmədilər. Əksinə, düşmənə ciddi zərbə endirib, işğal altında olan ərazilərimizin bir hissəsini azad etdilər. Ən əsası isə odur ki, bütün dünya, ilk növbədə işğalçı Ermənistan Azərbaycan əsgərinin gücünü, döyüş ruhunu gördü və dərs çıxardı. Amma nə yazıq ki, bu döyüşlərdə onlarla oğlumuz şəhid oldu, yaralandı. Onlardan biri də şəhid Əbdülməcid Axundov idi. Bu gün şəhid Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı, 27 yaşı olacaqdı…

Şəhidimizin doğum günündə onun barəsində saytımızda 3 il əvvəl çap olunmuş məqaləni yenidən dərc etmək qərarına gəldik. Beləliklə: "Şəhidin anası Ceyran Axundova ilə görüşüb, Əbdülməcidin 23 illik həyat hekayəsini yazmaq istədim. Ceyran xanım məni iş yerinə dəvət etdi. Ağrılı-acılı olsa da, Əbdülməcidi yad etdik.

"Hərbçilərin şəxsi həyatı olmur"

Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda dünyaya gəlib. Ailədə iki qardaşın kiçiyi olan Əbdülməcid, hələ uşaqlıqdan həmyaşıdlarından dürüstlüyü, cəsarəti ilə seçilərmiş. Dostları üçün canını qurban verməyə belə, hazır olan Əbdülməcidin bu xasiyyəti anasını da narahat edirmiş.

Ceyran xanım Axundova
© Sputnik / Irade JELIL
Ceyran xanım Axundova

Şəhidin anası Ceyran Axundova Əbdülməcid haqqında danışarkən göz yaşlarını saxlaya bilmir, amma özünü ələ almağa çalışırdı. Deyir ki, bundan sonra Əbdülməcidi yaşatmaq üçün yaşayacaq: "İki övladım var idi – Elçin və Əbdülməcid. Aralarında 1,5 il fərq vardı. Onların dünyaya gəlməsi 90-cı illərə təsadüf etmişdi. Özünüz də bilirsiniz ki, həmin illər necə çətin illər idi. Amma biz onlara elə baxırdıq ki, heç bir çətinlik görməsinlər".

"Həmin dövr bağçalarda işığın, istilik sisteminin olmadığı bir dövr idi. Özüm də işləyirdim. Məcbur olub, onları gecə-gündüz bağçasına qoymuşdum. Çox mehriban uşaq idilər. Əbdülməcid çox istiqanlı, yaraşıqlı və şirin uşaq olduğu üçün hamı onu sevirdi. Orta məktəbə də onu tez qoydum. O, 2000-ci ildə məktəbə başlamalı idi, biz isə 1999-cu ildə məktəbə qoyduq. Mən uşağın gələcəyini düşündüyüm üçün onu tez qoydum məktəbə. Düşünürdüm ki, birdən yaxşı oxumaz, birinci il ali məktəbə daxil ola bilməz. Belə edib, öz uşağımın taleyi ilə oynadım" — ana danışır.

Ceyran xanımın sözlərinə görə, Əbdülməcidin uşaqlıqdan arzusu hərbçi olmaq imiş, amma Ceyran xanım onun bu arzusunu həyata keçirməsinə icazə vermir, oğlunu bu sənətdən uzaqlaşdırmağa çalışır: "Hərbçi sənətini heç vaxt sevməmişəm. Hərbçilərin şəxsi həyatı olmur. Ömür boyu sərgərdan olurlar. Buna görə də, mən onu texniki fənlərə yönləndirdim".

Əbdülməcid (ortada) dostları ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid (ortada) dostları ilə

Hər zaman olduğu kimi bu dəfə də Əbdülməcid anasına qulaq asır və sənədlərini birinci qrupa verir. Ceyran xanımın sözlərinə görə, birinci qrupun fənləri ağır olsa da, Əbdülməcid universitetin fəal tələbələrindən olur: "O, məktəb illərində də müəllimlərinin sevimlisi olub. Dostlarına görə hər zaman özünü önə atardı. Əgər kimsə bir pəncərə şüşəsini sındırsaydı, Əbdülməcid özünü qabağa verib, "mən etdim" deyərdi".

"Bir gün gəlib mənə dedi ki, "10 manat ver, məktəbin şüşəsini sındırmışam". Düzü, bir qədər əsəbiləşdim, "sən məktəbə dərs oxumağa gedirsən, yoxsa şüşə sındırmağa" deyə soruşdum. Dedi uşaqlarla zarafatlaşırdım, qolum dəydi, sındı. Amma o, şəhid olandan sonra bildim ki, şüşəni o sındırmayıbmış, sadəcə yoldaşının səhvini boynuna götürübmüş. Belə uşaq idi. Dostları hər zaman mənə deyirdilər ki, "Ceyran xala, çalışın, onu əsgər getməyə qoymayın". Dostları onun xarakterini bilirdilər. Canını dostları üçün qurban verərdi" — deyir C. Axundova.

"Mən də şəhid olacağam…"

Əbdülməcid hər zaman işğal altında olan torpaqlarımız haqqında danışarmış. Ceyran xanım deyir ki, Əbdülməcid Mübariz İbrahimovun dəfn mərasiminə dəfələrlə baxır, ona qibtə edirmiş: "Deyirdi, "ay ana, bax bütün Azərbaycan onu dəfn edir. Mən də deyərdim ki, "nə olsun, o öldü, onunla ata-anası da öldü". Elə oğulu itirəndən sonra özün də ölü kimi olursan. Deyirdi ki, nə olsun, "onu dəfn etməyə prezident gəlib, necə gözəl ölümdür".

Əbdülməcid hərbi xidmətə gedənə qədər qəhrəmanlarımız, şəhidlərimiz haqqında videogörüntüləri böyük həvəslə izləyirmiş: "Bəzən mənə də deyirdi ki, "mən də şəhid olacağam". Buna görə də çox qorxurdum, acığıma da gəlirdi. İstəmirdim ki, o, hərbi xidmətə getsin. Dəfələrlə onu hərbi xidmətdən saxlamağı təklif etmişdim. Bu barədə çox düşünürdüm. Amma deyirdi ki, "mən əsgər gedəcəyəm, sənin pulun batacaq".

Əbdülməcid qardaşı Elçin ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid qardaşı Elçin ilə

"Qardaşım hər zaman deyirdi ki, "alın yazısı nədirsə, o da olacaq". Mən çalışırdım ki, pis olan hər şeyin qarşısını alım. 2015-ci ilin iyulun 20-də Əbdülməcid hərbi xidmətə yola düşdü. İyulun 19-u iş yoldaşlarımla birlikdə yığılıb, Qubaya getdik. Gecəni də orda qaldıq. Hava çox soyuq idi. Orda adyala bürünüb bir şəkil çəkdirdik. Elə həmin şəkli də telefonuma qoydu, dedi, "ana mən gələnə qədər bu şəkli telefonundan çıxarma" — ana danışır.

Qadın bu sözləri deyib telefonunu göstərir. Bir neçə dəqiqəlik sükutdan sonra yenidən söhbətə davam edir: "Əbdülməcid Gəncəyə düşmüşdü. Andiçməsinə də getmişdim. Sonra sentyabrın 10-da bir də yanına getdim. Bilirdim ki, bölünəcəklər. Bölünmə olanda Əbdülməcid Tərtərə, Marquşavana düşdü. Tərtər adını eşidəndə bədənimdən üşütmə keçdi, gözümdən yaş axdı. Bir Tərtərə, bir də Goranboya, Tapqaraqoyunluya düşməsini arzulamırdım".

O, hərbi xidmətdə olan zaman anasının yanına gəlməyə qoymurmuş: "Məni qoymurdu yanına gedim. Deyirdi, "lazım olsa, Elçin gəlsin". Sonra bir yaxın tapdıq, nə olurdusa, onunla Əbdülməcidə göndərərdik. Yerindən də şikayətlənmirdi. Tez-tez zəng etməzdi. Narahat olurdum, amma deyirdi ki, zəng edim nə danışım?".

Yanvarın 22-si Əbdülməcid məzuniyyətə gəlir. Ceyran xanım oğlunu görəndə gözlərinə inanmır. Əbdülməcid bu aylar ərzində həqiqətən dəyişib, sözün əsl mənasında böyüyübmüş. Boyu 1,90 sm olan gənci əsgərlik həyatı tamamilə dəyişibmiş. Evdəki geyimləri də ona olmurmuş: "O, mənim gözümdə həmişə uşaq idi. Düşüncələri uşaq kimi idi. Amma əsgərlikdən gələndə gördüm ki, Əbdülməcid əsl kişi olub".

Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

Ceyran xanım deyir ki, o, hər zaman Əbdülməciddən narahat olurmuş: "Mən böyük oğlum üçün əsməmişəm. Bunun üçün əsirdim. Dənizə gedəndə qorxurdum, batar, dostları ilə avtomobillə harasa gedəndə düşünürdüm qəza olar, başına nəsə gələr. Sonuncu dəfə gələndə də taksi ilə gəldiyi üçün narahat olmuşdum. Dedim, gələn dəfə avtobusla gəl, taksilər yaxşı sürmür. Cavab verdi ki, gələn dəfə xəbərsiz gələcəm. Qayıtdım ki, elə etmə xəbər et ki, hazırlıqlı olum. Dedi yox qəfil gələcəyəm".

Ana sonuncu dəfə oğlunun yanına mart ayının 13-də gedir. Oğluna bayram payı aparan ana ona dönə-dönə tapşırır ki, xidməti bitirməsinə 3 ay qalıb, özünü yaxşı aparsın, mübahisələrə qoşulmasın ki, hərbi xidməti başa çatan kimi ilk buraxılanlardan olsun: "Sonuncu dəfə yorğun görünürdü. Dedi ki, yatmayıb gecəni. Əmr verilib ki, ayıq-sayıq olsunlar. Yarpaq dolmasını çox sevirdi. Bişirib aparmışdım, amma bu dəfə yemək istəmirdi. Güclə yedirtdim".

"Əbdülməcid manqa komandiri idi. Həmin gün mən ona telefonunu da verdim. Amma heç istifadə edə bilmədi ki… Sonra öyrəndim ki, bayram günlərində telefonunu əlindən alıblar. Nə isə problem olmuşdu. Məcid tapşırmışdı ki, ona zəng etməyim. Amma ürəyim dözmürdü. Rəisimizin yaxını orda xidmətdə idi. Ondan xahiş etdim, dedim ki, Məciddən nigaranam. Danışıb dedi ki, zəng elə. Etdim. Məcid telefona gəlib elə qışqırdı ki… Dedi, "sənə deməmişəm bura zəng eləmə?" O, mənə demişdi ki, ora zəng etməyim. Qışqırıb telefonu üzümə bağladı. Və mən bunu bu günə qədər özümə bağışlaya bilmirəm" — gözüyaşlı ana deyir.

Aprelin 1-də qardaşı Elçinin ad günündə onu təbrik üçün zəng edən Əbdülməcid anası ilə də danışır. Deyir ki, vəziyyəti yaxşıdır, narahat olmasınlar. Ayın 2-si isə eşitdiyi xəbərdən Ceyran xanım üçün həyat dayanır. Yaxınları, qardaşı, atası Əbdülməcidi axtarmağa başlayır.

Əbdülməcid Axundov
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid Axundov

Ceyran xanım deyir ki, əslində hamı Əbdülməcidin həlak olduğunu bilirmiş. Amma heç kimin ürəyi gəlmirmiş ki, bu xəbəri ona desin: "Elçin Məcidin arxasınca gedəndə Məcidin əşyalarını – qol saatını, 41 manat pulunu və telefon nömrəsini ona vermişdilər. Elçin bunu da məndən gizlədibmiş. Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz". Elə də olur. Məcid qayıtmır".

"Ayın 8-i Qırmızı Xaç Komitəsi məsələyə qarışdı. Bütün gün televizor qarşısında oturub xəbərləri izləyirdim. Əvvəlcə belə xəbər dedilər: "Ərazidə sağ qalan yaralıların və meyitlərin çıxarılması üçün işlər gedir". Bu xəbər mənə ümid vermişdi, düşünürdüm ki, yaralılar arasındadır Məcid. Çünki mənə demişdilər ki, sağdır. Axşam isə "meyitlərin çıxarılması davam etdirilir" xəbəri verildi. Onda ümidim qırıldı. Anladım ki, deyəsən… O qədər nəzir ayırmışdım ki, Məcid sağ qayıtsın. Deyirdim qolu-qıçı olmasın, amma sağ gəlsin…" — qadın bildirir.

Ceyran xanım göz yaşlarını saxlaya bilmir. Amma özünü toparlayıb, söhbətinə davam edir. Deyir ki, Əbdülməcidin cənazəsini ayın 9-u səhər saatlarında gətiriblər: "Elçin qapıdan içəri girəndə rəngini gördüm, saralmışdı. Anladım ki, Əbdülməcid daha yoxdur. Qəfil gətirdilər cənazəsini. Heç xəbərim yox idi. Bir də gördüm qapı açıldı və cənazə içəri gətirildi. Dediyi kimi oldu, qəfil gəldi. Tabutu açdım, kimsə mane olmadı. Kəfəni açmaq istəyəndə əlimdən tutdular, dedilər açma Ceyran, sonuncu dəfə necə görmüsən, elə xatırla. Kəfənin ipini də açmışdım. Amma üzünü görə bilmədim. Kaş açaydım, kaş görəydim sonuncu dəfə, kaş sonuncu dəfə öpüb oxşaya biləydim balamı…"

Allah bütün şəhidlərimizə rəhmət, Ordumuza isə Qələbə qismət eləsin, şəhidlərin qanı yerdə qalmasın!!!

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ailə üzvü şəhid olmuş borcluların kreditlərinin bağlanmasına çağırış edilib
Daha bir hərbçimiz şəhid olub, Ermənistanın 20 hərbçisi məhv edilib
Azərin: "Qarabağsız yetişən gənclər bu gün şəhid olurlar"
Bir yerdə oxudular, birlikdə əsgərlik çəkdilər, bərabər şəhid oldular

Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"

0
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib:

-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim.

© Official website of President of Azerbaijan Republic

Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik.

İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq.

Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir.

Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil.

Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

0