Ailə, arxiv şəkli

Qırmızı ev ürək - səmimi olun, onu çoxmu sevirsiniz?

25
(Yenilənib 14:55 15.05.2020)
Gəlin özümüzlə səmimi olaq və razılaşaq ki, dünyanın müxtəlif yerlərində bu qədər yaşlı insanın koronavirus böhranının qurbanına çevrilməsi qaçılmaz deyildi.

BAKI, 15 may — Sputnik. Bu gün Beynəlxalq Ailə Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, 1993-cü ildə BMT-nin Baş Assmbleyasının 237 nömrəli qətnaməsi ilə bu gün Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Burada məqsəd ailələrin davamlılığını təmin etmək üçün cütlükləri maarifləndirmək, ailələrə təsir edən sosial, iqtisadi və demoqrafik proseslər haqqında bilikləri artırmaqdır.

Bu günün mənasını özündə ehtiva edən qırmızı rəngli ev və ürəyi özündə birləşdirən simvolik işarədir. Ürək və evin sadə təsvirindən ibarət olan simvolik loqo ailələrin cəmiyyətin əsas dayağı olduğunu göstərir.

BMT-nin Əhali Fondu Beynəlxalq Ailə Günündə pandemiya zamanı yaşlıların müdafiəsini diqqətdə saxlamağa çağırır.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj 15 may – Beynəlxalq Ailə Günü münasibətilə pandemiya dövründə yaşlıların hüquqlarının və rifahının qorunması mövzusuna həsr edilmiş müraciətlə çıxış edib. BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj bununla bağlı müraciət edib. Sputnik Azərbaycan BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinə istinadən həmin müraciəti təqdim edir:

Pandemiya şəraitində yaşlı insanların hüquqları və rifahı qorunmalıdır

"Avropanın hər yerində, İspaniyadan Serbiyayadək yaşlı insanlar üçün qayğı evləri COVID-19 infeksiyasının tüğyan etdiyi qaynar nöqtələrə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Avropada koronavirus xəstəliyindən ölüm hallarının yarısı məhz uzunmüddətli qayğı müəssisələrinin sakinlərinin payına düşür.

Virusun bütün dünyada həyatları necə məhv etdiyini nəql edən ürəkdağlayan statistik göstəricilər arasında bu, olduqca mühüm bir rəqəmdir. Bu rəqəm gözlərimiz önündə baş verən, təsəvvürə sığmayacaq və eyni zamanda ictimaiyyətin diqqətini hələ lazımi səviyyədə cəlb edə bilməmiş bir faciəyə işıq salır.

Yaşlı insanlar pandemiyanın özü ilə gətirdiyi fəsadlara daha çox məruz qalır. Onların koronavirusun səbəb ola biləcəyi ağır gedişatlı xəstəliyə tutulma riski daha yüksəkdir və bu xəstəlikdən ölüm hallarının təqribən 95%-i 60 və yuxarı yaşlı insanlar arasında qeydə alınır. Koronavirus pandemiyasının özü ilə dünyanın yaşlı əhalisinin böyük hissəsinin yaşadığı Avropaya gətirdiyi məşum fəsadların səbəblərindən biri də məhz bununla bağlıdır. Mövcud şəraitdə yaşlı insanlar yalnız sağlamlıq riskləri ilə üzləşmirlər: virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən sosial təcrid tədbirləri də onların həyat və güzəranına qeyri-mütənasib təsir göstərir; belə ki, onlar etibar etdikləri və asılı olduqları bir sıra dəstək və qayğı xidmətlərindən də məhrum duruma düşürlər.

Qocalar evində yaşayan yaşlı insanlar həssas təbəqəyə aid olan əhali qrupuna daxildir. Son vaxtlar biz pandemiya üzündən həddən artıq yüklənmiş sosial xidmət təminatçıları tərəfindən göstərilə bilən minimal qayğının əhatəsində və çox vaxt ətrafında sevdikləri belə olmadan dünyasını dəyişən insanların ürəkağrıdan hekayələrini eşitməkdəyik. Eyni zamanda, bu ağır günlərdə bir çox yaşlı insanlar laqeydlik, yoxsulluq və sosial kənarlaşma şəraitində yaşamağa məcburdur və yəqin ki, bundan daha da məyusedicisi əksər hallarda onlara qarşı lazımsız bir yükə çevrilmələri ilə bağlı mənfi və həqiqətdən uzaq olan stereotip münasibətin təzahürü olardı.

Hazırda Avropa ölkələrinin əhalisi sürətlə qocaldığından – artıq hər dörd nəfərdən birinin yaşı 60 və daha çoxdur – oradakı cəmiyyətlər yaşlanan insanların sağlam olması və öz icmaları daxilində fəal həyat tərzi keçirə bilmələri istiqamətində səylər göstərir. Ümid edirəm ki, bu böhran və onun gətirdiyi fəsadlar cəmiyyətlərin yaşlı insanlara qarşı mövqeyində və davranışlarında olan mənfi ünsürlərin aradan qaldırılmasında dönüş nöqtəsi olacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu olaraq biz hökumətlər və vətəndaş cəmiyyətindəki tərəfdaşlarımızla pandemiya zamanı yaşlı insanlara dəstək olmaq üçün çalışırıq və bu, həm yaşlıların hüquqlarının qorunmasını, həm də onların yaşadıqları cəmiyyətlərə inklüzivliyinin təmin olunmasını ehtiva edir.

Hökumətlərin ata biləcəyi 4 addım:

Hazırda bir çox ölkələr pandemiya böhranını imkana çevirməyin yollarını arayır. Hökumətlərin buna nail olmaq üçün ata biləcəyi 4 başlıca addıma diqqəti yönəltmək istərdim:

1. COVID-19-la mübarizədə yaşlı insanların müdafiəsi ilə bağlı tədbirləri prioritetləşdirmək. Buraya cəmiyyətə yaşlı insanların bərabər hüquq və imkanlara malik olmasını ehtiva edən mesajların ötürülməsini və bu yöndə öhdəliklərin sadəcə sözlərdən ibarət olmamasını bildirən qətiyyətli və cəsarətli mövqenin nümayiş etdirilməsini aid etmək olar. Xidmətlərin davamlılığının təmin edilməsi, qayğı göstərənlərə dəstək, təcrid vəziyyətində olan insanlara çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə böhranın təsirlərinin azaldılması istiqamətində atıla biləcək addımlardan sadəcə bir neçəsi ola bilər.

2. Yaşlı insanların səsini dinləmək. Böhranla mübarizə apararkən və gələcək üçün siyasi çərçivələr hazırlayarkən, biz həm də yaşlı insanların söylədiklərinə qulaq verməliyik. Hər hansı qərəzli yanaşmadan yayınmaq və həqiqi ehtiyaclara cavab verən həll yolları ərsəyə gətirmək üçün icma nümayəndələri ilə ünsiyyət olduqca mühüm əhəmiyyət kəsb edir.

3. İctimai fikirdə və təcrübədə yaşa görə ayrı-seçkilik fenomeni ilə mübarizə. Hazırkı böhran dövründə daha da bariz şəkildə özünü göstərən yaşa görə ayrıseçkilik və yaşlanma ilə bağlı arzuolunmaz stereotiplər cəmiyyətdə heç bir vəchlə qəbul edilməməlidir. İctimai rəydə nəsillərarası bağlılığa və yaşlı insanların verdiyi dəyərli töhfələrə söykənən ümumi dəst-xəttin təşviqi sosial norma və münasibətlərin dəyişdirilməsi üçün əsas ola bilər.

4. Qanunverici və hüquqi çərçivələrə yaşlanma prizmasından yenidən baxış. Artıq hökumətlər üçün böhrandan sonrakı dövrə baxmağın və yaşlanan əhalinin hüquqlarını və rifahını təmin edərkən sürətli demoqrafik dəyişikliklərin nəticələri ilə ayaqlaşa bilmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial rifah kimi sahələrdə zəruri olan təkmilləşdirmələri nəzərdən keçirməyin zamanı yetişib.

Son söz yerinə

Gəlin özümüzlə səmimi olaq və razılaşaq ki, dünyanın müxtəlif yerlərində bu qədər yaşlı insanın koronavirus böhranının qurbanına çevrilməsi qaçılmaz deyildi. Bu, yaşadığımız cəmiyyətlərin, təmsil etdiyimiz təsisatların və mədəniyyətlərin yaşlı nəsillərin rifahı məsələsinə eyni dəyəri verməməsinin təzahürü idi. Biz öz səhvlərimizdən nəticə çıxarmalı və yaşlı insanların da hüquqlarının tanındığı və dəstəkləndiyi bütün yaşlar üçün cəmiyyəti qurmalıyıq. Bu gün sürətlə yaşlanan Avropa əhalisinin dörddə birinin sahib olduğu bütün bilikləri, təcrübəsi və indən belə verə biləcəyi töhfələrlə birlikdə kənarda qalmasına yol vermək olmaz. Yaşlıların bütün digər insanlarla bərabər hüquq və seçimlərə malik olmasını təmin etmək sadəcə mənəvi öhdəlik deyil, bütün nəsillərin rifahı baxımından əhəmiyyət kəsb edən mühüm çağırışdır.

25
Dieqo Armando Maradona

Dieqo Maradona 60 yaşında

21
(Yenilənib 13:48 30.10.2020)
Dünya futbolunun əfsanəsi ad günü ərəfəsində verdiyi müsahibədə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", deyib.

BAKI, 30 oktyabr — Sputnik. Özünə xas davranış tərzi, danışıq üslubu ilə seçilən Argentina və dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona bu gün 60 yaşını qeyd edir. Sputnik Azərbaycan-ın Türkiyənin NTV Spor saytına istinadən verdiyi məlumata görə, 30 oktyabr 1960-cı ildə Buenos-Ayresdə dünyaya göz açan Maradona futbol karyerasına 9 yaşında ikən "Estrella Roxa" məhəllə komandasında başlayıb.

Gənc yaşlarından topla qıvraq davranışına görə insanların diqqətini çəkən argentinalı oyunçu qısa müddətdə "Los Cebollitas"a, oradan da "Argentinos Juniors"a transfer olunaraq hələ 16 yaşı tamam olmamış peşəkar müqaviləyə imza atıb.

Bununla belə, Dieqo Maradona əsl futbol karyerasına 1982-ci ildə transfer olduğu "Boca Juniors" komandasında başlayıb. Həmin komandada cəmi bir mövsüm oynadıqdan sonra İspaniyanın nəhəng Barselona klubu onun üçün minnətçi düşüb. Barselona həmin vaxt argentinalı futbolçuya o dövrün ən yüksək qonorarını – 5 milyon funt pul təklif edib. Maradona bu komandada iki mövsüm oynayandan sonra 6.9 milyon funt qarşılığında İtaliyanın Napoli komandasına transfer olunur.

1987-1988-ci illər futbol mövsümündə İtaliyanın bombardiri olan Maradona Napoli komandasının tərkibində 2 İtaliya Kuboku, İtaliya Super Kuboku, UEFA Avropa Liqası və 2 İtaliya Liqası çempionluğunu yaşayır.

Bununla belə, Dieqo Maradonanın futbol karyerasında ən yüksək zirvə onunda tərkibində çıxış etdiyi Argentina Milli Komandasının 1986-cı ildə Dünya Kubokunu qazanması olur. Həmin vaxt Argentina yığmasının Almaniya Federativ Respublikasını 3:2 hesabı ilə məğlub etdiyi final oyununa ev sahibliyi edən Azteka Stadionunda 115.000 tamaşaçı olub.

Çempionatın ən maraqlı anlarından biri isə dörddə bir final oyununda yaşanır. İngiltərə yığması ilə qarşılaşan Argentina milli komandası 2:1 hesabı ilə qalib gəlir və hər iki qolu Maradona vurur. Oyunçunun ilk topu qapıya əllə göndərməsi futbol aləmində böyük səs-küyə səbəb olur və tarixə düşür. Daha sonra iştirak etdiyi bir televiziya proqramında bu hadisəni şərh edən Maradona "O topu vuran Tanrının əli idi", – deyir.

Dünya futbolunun əfsanəsi bir neçə gün əvvəl jurnalistlərə verdiyi müsahibəsində isə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", – deyə bildirib.

Qeyd edək ki, yaşadığı stresli günlərdən sonra kokain istifadə etməsi Dieqo Maradonanın futbol karyerasını yoxuşa sürükləyən əsas amil olub.

21
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

19
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

19
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

0
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

0
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib