Heydər Əliyev

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

86
(Yenilənib 11:12 18.06.2019)
Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb

BAKI, 10 may — Sputnik. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb, 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.

Prezident İlham Əliyev 9 May – Qələbə Günü tədbirində
© Official website of President of Azerbaijan Republic

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

86
Azərbaycan bayrağı

Azərbaycan dövlət müstəqilliyinin 29-cu ilini bayram edir

181
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

BAKI, 18 oktyabr - Sputnik. Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

181
Əbdülməcid Axundov

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

22
(Yenilənib 18:47 15.10.2020)
Ceyran Axundova: "Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Bu gün torpaqlarımızda qanlı döyüşlər gedir. Hər gün kiçik qələbələr qazana-qazana Böyük Qələbəyə yaxınlaşırıq. Qələbə isə heç bir zaman asanlıqla əldə olunmur. 2016-cı ilin aprel ayında olduğu kimi.

Aprel döyüşlərində düşmənin hücumunun qarşısını alan hərbçilərimiz bir addım belə, geri çəkilmədilər. Əksinə, düşmənə ciddi zərbə endirib, işğal altında olan ərazilərimizin bir hissəsini azad etdilər. Ən əsası isə odur ki, bütün dünya, ilk növbədə işğalçı Ermənistan Azərbaycan əsgərinin gücünü, döyüş ruhunu gördü və dərs çıxardı. Amma nə yazıq ki, bu döyüşlərdə onlarla oğlumuz şəhid oldu, yaralandı. Onlardan biri də şəhid Əbdülməcid Axundov idi. Bu gün şəhid Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı, 27 yaşı olacaqdı…

Şəhidimizin doğum günündə onun barəsində saytımızda 3 il əvvəl çap olunmuş məqaləni yenidən dərc etmək qərarına gəldik. Beləliklə: "Şəhidin anası Ceyran Axundova ilə görüşüb, Əbdülməcidin 23 illik həyat hekayəsini yazmaq istədim. Ceyran xanım məni iş yerinə dəvət etdi. Ağrılı-acılı olsa da, Əbdülməcidi yad etdik.

"Hərbçilərin şəxsi həyatı olmur"

Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda dünyaya gəlib. Ailədə iki qardaşın kiçiyi olan Əbdülməcid, hələ uşaqlıqdan həmyaşıdlarından dürüstlüyü, cəsarəti ilə seçilərmiş. Dostları üçün canını qurban verməyə belə, hazır olan Əbdülməcidin bu xasiyyəti anasını da narahat edirmiş.

Ceyran xanım Axundova
© Sputnik / Irade JELIL
Ceyran xanım Axundova

Şəhidin anası Ceyran Axundova Əbdülməcid haqqında danışarkən göz yaşlarını saxlaya bilmir, amma özünü ələ almağa çalışırdı. Deyir ki, bundan sonra Əbdülməcidi yaşatmaq üçün yaşayacaq: "İki övladım var idi – Elçin və Əbdülməcid. Aralarında 1,5 il fərq vardı. Onların dünyaya gəlməsi 90-cı illərə təsadüf etmişdi. Özünüz də bilirsiniz ki, həmin illər necə çətin illər idi. Amma biz onlara elə baxırdıq ki, heç bir çətinlik görməsinlər".

"Həmin dövr bağçalarda işığın, istilik sisteminin olmadığı bir dövr idi. Özüm də işləyirdim. Məcbur olub, onları gecə-gündüz bağçasına qoymuşdum. Çox mehriban uşaq idilər. Əbdülməcid çox istiqanlı, yaraşıqlı və şirin uşaq olduğu üçün hamı onu sevirdi. Orta məktəbə də onu tez qoydum. O, 2000-ci ildə məktəbə başlamalı idi, biz isə 1999-cu ildə məktəbə qoyduq. Mən uşağın gələcəyini düşündüyüm üçün onu tez qoydum məktəbə. Düşünürdüm ki, birdən yaxşı oxumaz, birinci il ali məktəbə daxil ola bilməz. Belə edib, öz uşağımın taleyi ilə oynadım" — ana danışır.

Ceyran xanımın sözlərinə görə, Əbdülməcidin uşaqlıqdan arzusu hərbçi olmaq imiş, amma Ceyran xanım onun bu arzusunu həyata keçirməsinə icazə vermir, oğlunu bu sənətdən uzaqlaşdırmağa çalışır: "Hərbçi sənətini heç vaxt sevməmişəm. Hərbçilərin şəxsi həyatı olmur. Ömür boyu sərgərdan olurlar. Buna görə də, mən onu texniki fənlərə yönləndirdim".

Əbdülməcid (ortada) dostları ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid (ortada) dostları ilə

Hər zaman olduğu kimi bu dəfə də Əbdülməcid anasına qulaq asır və sənədlərini birinci qrupa verir. Ceyran xanımın sözlərinə görə, birinci qrupun fənləri ağır olsa da, Əbdülməcid universitetin fəal tələbələrindən olur: "O, məktəb illərində də müəllimlərinin sevimlisi olub. Dostlarına görə hər zaman özünü önə atardı. Əgər kimsə bir pəncərə şüşəsini sındırsaydı, Əbdülməcid özünü qabağa verib, "mən etdim" deyərdi".

"Bir gün gəlib mənə dedi ki, "10 manat ver, məktəbin şüşəsini sındırmışam". Düzü, bir qədər əsəbiləşdim, "sən məktəbə dərs oxumağa gedirsən, yoxsa şüşə sındırmağa" deyə soruşdum. Dedi uşaqlarla zarafatlaşırdım, qolum dəydi, sındı. Amma o, şəhid olandan sonra bildim ki, şüşəni o sındırmayıbmış, sadəcə yoldaşının səhvini boynuna götürübmüş. Belə uşaq idi. Dostları hər zaman mənə deyirdilər ki, "Ceyran xala, çalışın, onu əsgər getməyə qoymayın". Dostları onun xarakterini bilirdilər. Canını dostları üçün qurban verərdi" — deyir C. Axundova.

"Mən də şəhid olacağam…"

Əbdülməcid hər zaman işğal altında olan torpaqlarımız haqqında danışarmış. Ceyran xanım deyir ki, Əbdülməcid Mübariz İbrahimovun dəfn mərasiminə dəfələrlə baxır, ona qibtə edirmiş: "Deyirdi, "ay ana, bax bütün Azərbaycan onu dəfn edir. Mən də deyərdim ki, "nə olsun, o öldü, onunla ata-anası da öldü". Elə oğulu itirəndən sonra özün də ölü kimi olursan. Deyirdi ki, nə olsun, "onu dəfn etməyə prezident gəlib, necə gözəl ölümdür".

Əbdülməcid hərbi xidmətə gedənə qədər qəhrəmanlarımız, şəhidlərimiz haqqında videogörüntüləri böyük həvəslə izləyirmiş: "Bəzən mənə də deyirdi ki, "mən də şəhid olacağam". Buna görə də çox qorxurdum, acığıma da gəlirdi. İstəmirdim ki, o, hərbi xidmətə getsin. Dəfələrlə onu hərbi xidmətdən saxlamağı təklif etmişdim. Bu barədə çox düşünürdüm. Amma deyirdi ki, "mən əsgər gedəcəyəm, sənin pulun batacaq".

Əbdülməcid qardaşı Elçin ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid qardaşı Elçin ilə

"Qardaşım hər zaman deyirdi ki, "alın yazısı nədirsə, o da olacaq". Mən çalışırdım ki, pis olan hər şeyin qarşısını alım. 2015-ci ilin iyulun 20-də Əbdülməcid hərbi xidmətə yola düşdü. İyulun 19-u iş yoldaşlarımla birlikdə yığılıb, Qubaya getdik. Gecəni də orda qaldıq. Hava çox soyuq idi. Orda adyala bürünüb bir şəkil çəkdirdik. Elə həmin şəkli də telefonuma qoydu, dedi, "ana mən gələnə qədər bu şəkli telefonundan çıxarma" — ana danışır.

Qadın bu sözləri deyib telefonunu göstərir. Bir neçə dəqiqəlik sükutdan sonra yenidən söhbətə davam edir: "Əbdülməcid Gəncəyə düşmüşdü. Andiçməsinə də getmişdim. Sonra sentyabrın 10-da bir də yanına getdim. Bilirdim ki, bölünəcəklər. Bölünmə olanda Əbdülməcid Tərtərə, Marquşavana düşdü. Tərtər adını eşidəndə bədənimdən üşütmə keçdi, gözümdən yaş axdı. Bir Tərtərə, bir də Goranboya, Tapqaraqoyunluya düşməsini arzulamırdım".

O, hərbi xidmətdə olan zaman anasının yanına gəlməyə qoymurmuş: "Məni qoymurdu yanına gedim. Deyirdi, "lazım olsa, Elçin gəlsin". Sonra bir yaxın tapdıq, nə olurdusa, onunla Əbdülməcidə göndərərdik. Yerindən də şikayətlənmirdi. Tez-tez zəng etməzdi. Narahat olurdum, amma deyirdi ki, zəng edim nə danışım?".

Yanvarın 22-si Əbdülməcid məzuniyyətə gəlir. Ceyran xanım oğlunu görəndə gözlərinə inanmır. Əbdülməcid bu aylar ərzində həqiqətən dəyişib, sözün əsl mənasında böyüyübmüş. Boyu 1,90 sm olan gənci əsgərlik həyatı tamamilə dəyişibmiş. Evdəki geyimləri də ona olmurmuş: "O, mənim gözümdə həmişə uşaq idi. Düşüncələri uşaq kimi idi. Amma əsgərlikdən gələndə gördüm ki, Əbdülməcid əsl kişi olub".

Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

Ceyran xanım deyir ki, o, hər zaman Əbdülməciddən narahat olurmuş: "Mən böyük oğlum üçün əsməmişəm. Bunun üçün əsirdim. Dənizə gedəndə qorxurdum, batar, dostları ilə avtomobillə harasa gedəndə düşünürdüm qəza olar, başına nəsə gələr. Sonuncu dəfə gələndə də taksi ilə gəldiyi üçün narahat olmuşdum. Dedim, gələn dəfə avtobusla gəl, taksilər yaxşı sürmür. Cavab verdi ki, gələn dəfə xəbərsiz gələcəm. Qayıtdım ki, elə etmə xəbər et ki, hazırlıqlı olum. Dedi yox qəfil gələcəyəm".

Ana sonuncu dəfə oğlunun yanına mart ayının 13-də gedir. Oğluna bayram payı aparan ana ona dönə-dönə tapşırır ki, xidməti bitirməsinə 3 ay qalıb, özünü yaxşı aparsın, mübahisələrə qoşulmasın ki, hərbi xidməti başa çatan kimi ilk buraxılanlardan olsun: "Sonuncu dəfə yorğun görünürdü. Dedi ki, yatmayıb gecəni. Əmr verilib ki, ayıq-sayıq olsunlar. Yarpaq dolmasını çox sevirdi. Bişirib aparmışdım, amma bu dəfə yemək istəmirdi. Güclə yedirtdim".

"Əbdülməcid manqa komandiri idi. Həmin gün mən ona telefonunu da verdim. Amma heç istifadə edə bilmədi ki… Sonra öyrəndim ki, bayram günlərində telefonunu əlindən alıblar. Nə isə problem olmuşdu. Məcid tapşırmışdı ki, ona zəng etməyim. Amma ürəyim dözmürdü. Rəisimizin yaxını orda xidmətdə idi. Ondan xahiş etdim, dedim ki, Məciddən nigaranam. Danışıb dedi ki, zəng elə. Etdim. Məcid telefona gəlib elə qışqırdı ki… Dedi, "sənə deməmişəm bura zəng eləmə?" O, mənə demişdi ki, ora zəng etməyim. Qışqırıb telefonu üzümə bağladı. Və mən bunu bu günə qədər özümə bağışlaya bilmirəm" — gözüyaşlı ana deyir.

Aprelin 1-də qardaşı Elçinin ad günündə onu təbrik üçün zəng edən Əbdülməcid anası ilə də danışır. Deyir ki, vəziyyəti yaxşıdır, narahat olmasınlar. Ayın 2-si isə eşitdiyi xəbərdən Ceyran xanım üçün həyat dayanır. Yaxınları, qardaşı, atası Əbdülməcidi axtarmağa başlayır.

Əbdülməcid Axundov
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid Axundov

Ceyran xanım deyir ki, əslində hamı Əbdülməcidin həlak olduğunu bilirmiş. Amma heç kimin ürəyi gəlmirmiş ki, bu xəbəri ona desin: "Elçin Məcidin arxasınca gedəndə Məcidin əşyalarını – qol saatını, 41 manat pulunu və telefon nömrəsini ona vermişdilər. Elçin bunu da məndən gizlədibmiş. Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz". Elə də olur. Məcid qayıtmır".

"Ayın 8-i Qırmızı Xaç Komitəsi məsələyə qarışdı. Bütün gün televizor qarşısında oturub xəbərləri izləyirdim. Əvvəlcə belə xəbər dedilər: "Ərazidə sağ qalan yaralıların və meyitlərin çıxarılması üçün işlər gedir". Bu xəbər mənə ümid vermişdi, düşünürdüm ki, yaralılar arasındadır Məcid. Çünki mənə demişdilər ki, sağdır. Axşam isə "meyitlərin çıxarılması davam etdirilir" xəbəri verildi. Onda ümidim qırıldı. Anladım ki, deyəsən… O qədər nəzir ayırmışdım ki, Məcid sağ qayıtsın. Deyirdim qolu-qıçı olmasın, amma sağ gəlsin…" — qadın bildirir.

Ceyran xanım göz yaşlarını saxlaya bilmir. Amma özünü toparlayıb, söhbətinə davam edir. Deyir ki, Əbdülməcidin cənazəsini ayın 9-u səhər saatlarında gətiriblər: "Elçin qapıdan içəri girəndə rəngini gördüm, saralmışdı. Anladım ki, Əbdülməcid daha yoxdur. Qəfil gətirdilər cənazəsini. Heç xəbərim yox idi. Bir də gördüm qapı açıldı və cənazə içəri gətirildi. Dediyi kimi oldu, qəfil gəldi. Tabutu açdım, kimsə mane olmadı. Kəfəni açmaq istəyəndə əlimdən tutdular, dedilər açma Ceyran, sonuncu dəfə necə görmüsən, elə xatırla. Kəfənin ipini də açmışdım. Amma üzünü görə bilmədim. Kaş açaydım, kaş görəydim sonuncu dəfə, kaş sonuncu dəfə öpüb oxşaya biləydim balamı…"

Allah bütün şəhidlərimizə rəhmət, Ordumuza isə Qələbə qismət eləsin, şəhidlərin qanı yerdə qalmasın!!!

22
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ailə üzvü şəhid olmuş borcluların kreditlərinin bağlanmasına çağırış edilib
Daha bir hərbçimiz şəhid olub, Ermənistanın 20 hərbçisi məhv edilib
Azərin: "Qarabağsız yetişən gənclər bu gün şəhid olurlar"
Bir yerdə oxudular, birlikdə əsgərlik çəkdilər, bərabər şəhid oldular
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

99
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

99
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə