Azərbaycan bayrağı

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir

124
(Yenilənib 08:01 18.10.2018)
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanın Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası isə 4 gün müzakirə apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdilər. 

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi.

124