Roma Kolizeyi

Dünyanın məhv olduğu gün

61
(Yenilənib 08:55 04.09.2018)
Qərbi Roma imperiyası rəsmi olaraq 4 sentyabr 476-cı ildə, germanların başçısı Odoakr tərəfindən sonuncu imperator olan Romul Avqustun devrilməsi ilə süqut etmiş olur

BAKI, 4 sentyabr — Sputnik. Qərbi Roma İmperiyası (lat. Imperium Romanum Occidentale) — 285-ci ildə Diokletianın reformasından sonra Roma imperiyasının qərb hissəsinin adı. Qərbi imperiyanın mövcudluğu III — V əsrləri əhatə edir. İmperiya qərb və şərq hissələrə bölündükdən və Roma paytaxt funksiyasını itirdikdən sonra, əvvəlcə Mediolan (müasir Milan) sonradan 402-ci ildən Ravenna, V əsrdən etibarən təzədən Roma Qərbi Roma imperiyasının paytaxtına çevrilir.

III əsrdə Diokletian Roma imperiyasını iki hissəyə (hər biri özlüyündə ikiyə parçalanmaqla) bölməklə, necə deyərlər tetrarxiya sistemini yaratmış olur. Ömrü çox çəkməyən tetraarxiya Böyük Konstantinin hakimiyyəti altında imperiya birləşdirildikdən sonra ləğv edilir. Amma Böyük Konstantinin vəfatından sonra imperiya üç oğlu arasında təzədən bölünür. 350-ci ildə iki qardaşın — II Konstantin və Konstantın ölümü imperiyanın təzədən II Konstansın hakimiyyəti altında birləşməsinə səbəb olur.

İmperiyanın yenidən parçalanması imperator İovianın ölümündən sonraya — 364-cü ilə təsadüf edir. Seçilmiş imperator I Valentinian Qərbi imperiyanın, qardaşı II Valent isə Şərqi imperiyanın hakiminə çevrilir. Bölünmüş hakimiyyət üsuluna baxmayaraq rəsmən bütöv sayılan imperiya 394-cü ilədək mövcudluğunu qoruyub saxlaya bilir.

394-cü ildə I Feodosi imperiyanın qərb hissəsini qəsb edərək qısa müddətə birləşmiş imperiyanın sonuncu imperatoruna çevrilmiş olur. 395-ci ildə I Feodosinin ölümündən sonra oğlanları Honnori qərbi, Arkadi isə şərqi imperiyanın imperatoruna çevrilirlər. 60 il ərzində imperiyanın qərbi Feodosinin övladları tərəfindən məhz Ravennadan idarə edilib.

Honnoridən sonra hakimiyyətə III Valentinian (423-455) gəlir. V əsrdən başlayaraq Roma tarixinin qara günlərini yaşamış olur. Hunların, german və vandal tayfalarının aramsız hücumları altında ərazisinin böyük bir hissəsini itirən, darmadağın edilmiş Roma tənəzzül etməyə başlayır. Qərbi Roma imperiyası rəsmi olaraq 4 sentyabr 476-cı ildə, germanların başçısı Odoakr tərəfindən sonuncu Qərbi Roma imperatoru olan Romul Avqustun devrilməsi ilə süqut etmiş olur.

61