Teymurilərin Azərbaycanda ağalığına son qoymuş döyüş

Abunə olmaq
15-ci əsrin əvvəllərində Təbriz yaxınlığında baş vermiş döyüşdən sonra mərkəzi asiyalıların ayağı birdəfəlik Azərbaycandan kəsildi

BAKI, 21 aprel — Sputnik. 1408-ci il aprelin 21-də Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın ordusunu məğlub edib. Həmin döyüşdə Miranşah öldürülüb.

Bununla da Azərbaycan torpaqlarında Teymurilərin (Teymur özü 1405-də vəfat etmişdi) hökmranlığına son qoyulub. Bir qədər sonra Şirvanşahlar istisna olmaqla bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövlətinin tərkibinə daxil edildi.

Topal Teymurun ölümündən sonra onun qurduğu dövlət bir neçə yerə bölünmüşdü. Teymurun oğlu Miranşah və nəvəsi Əbubəkr  Xorasanda qoşun topladılar və Sultaniyyəni ələ keçirərək maneəsiz Təbrizə daxil oldular. Bundan sonra Cənubi Azərbaycan Teymurilərin arasında gedən qanlı toqquşmalar meydanına çevrildi. Təbriz əldən-ələ keçir və şəhərin sakinləri qətl və qarətlərə məruz qalırdı. Lakin təbrizlilər işğalçılara qarşı mübarizədə böyük hünər və mətinlik göstərərək onları şəhərdən çıxmağa məcbur edirdilər. Mənbələrdə Təbrizin müdafiəsinin təşkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, Şeyx Əxi Qəssab və Qazi İmadəddinin qeyrət və bacarığı xüsusi qeyd olunur. 

Şah İsmayıl Xətaiyə məxsus ələm - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şah İsmayılın döyüş bayrağı Azərbaycandakı bu evdə qorunur

Belə bir zamanda meydana yeni tayfalar, yeni qüvvələr daxil olurdular. Onların arasında Qaraqoyunlu və Ağqoyunlu tayfa ittifaqlarını xüsusi qeyd etmək lazımdır. 

Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Teymuri Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif buradan Sultaniyyəyə yürüş etdi. Əbubəkr şəhəri tərk etdi və Reyə qaçdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təşəbbüs etdi. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən Şənbi-Qazana gəldi. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın etdi. Miranşah öldürüldü, Əbubəkr isə qaçmağa müvəffəq oldu.

Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti var. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrıldı və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yarandı. 

Xəbər lenti
0