2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun ev muzeyi

İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş həmyerlimiz

225
(Yenilənib 10:04 22.01.2018)
Həzi Aslanovun 55-ci əlahiddə tank polku əfsanəvi feldmarşal Erix fon Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib

BAKI, 22 yanvar — Sputnik. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub.

İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub.

1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.

İkinci Dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecədən başlayaraq alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə o öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edərək, düşməni ağır tələfata uğradıb. 

1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. 

Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol getmiş, Stalinqrad-Salsk dəmir yolunu tutmuş, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etmişlər. 

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942–ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 

1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o, Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya bitirib, sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdıb. 

1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilib. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunlarının hücumu fonunda Aslanovun tankları Vilnüsə hərəkət edirlər və düşməni ağır itkiyə məruz qoyurlar. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qımızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyiblər. 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

O, 55-ci əlahiddə tank polku feldmarşal Erix fon Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi igidlik göstərib.

Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib.1945–ci il yanvarın 24-də Həzi Aslanov Latviyanın Liepaya rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər xiyabanındadır. 

Mükafatları

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 “Qırmızı bayraq” ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 “Qırmızı ulduz” ordeni və medallarla təltif olunub.

1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İvan Baqramyan buna maneçilik törədib. Bu ədalətsizlik ölümündən 47 il sonra, 1991-ci ildə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməklə aradan qalxıb.

225
Teqlər:
Sovet İttifaqı Qəhrəmanı, Leninqrad süvari məktəbi, Erix fon Manşteyn, İvan Baqramyan, Həzi Əhəd oğlu Aslanov, Donbas, Leninqrad, Stalinqrad, Xarkov, Lənkəran şəhəri, Ukrayna, Moskva, Bakı
Əlaqədar
Dünyaca məşhur olan adamın evi Lənkəranda qorunur
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli

20 Yanvar faciəsindən 31 il ötür

40
(Yenilənib 09:54 20.01.2021)
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

BAKI, 20 yanvar - Sputnik. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

40
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

53
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

53
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

0
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

0
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni