Mirzə Ələkbər Sabir

Dedikləri hər dövrümüz üçün aktual olan mütəfəkkir

155
(Yenilənib 10:11 30.05.2017)
Mirzə Ələkbər Sabirin insanlara və cəmiyyətə baxışı bu gün də aktuallığını qoruyur. Sanki Sabir hələ də ölməyib və bizim müasirimizdir.

BAKI, 30 may — Sputnik. Böyük satirik şair, maarifçi və mütəfəkkir Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Mirzə Ələkbər Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub.

Atası Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi deyə, oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu, 12 yaşı olanda isə Sabir sonra Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, yaradıcılıq həvəsini artırırdı.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünməyə başlayır: 1903-cü ildə "Şərqi-Rus" qəzetində, bir qədər sonra isə "Həyat" qəzetində şerləri çap olunur, 1906-cı ildə şair "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən birinə çevrilir. Elə həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır və hər iki sənətkar xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vurur. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar Sabirin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır, sonra Balaxanı məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə yanaşı şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur.

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir ağ ciyər xəstəliyindən vəfat edir və dünyaya göz açdığı Şamaxıda, "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə həyat yoldaşı və dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi nəticəsində "Hophopnamə" adı ilə şerləri çap olunur, 2i il sonra isə xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri işıq üzü görür.

155
Teqlər:
"Molla Nəsrəddin" jurnalı, Balaxanı neft mədənləri, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Şamaxı, İran, Azərbaycan, Bakı
Əlaqədar
Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!
Ailə, arxiv şəkli

Qırmızı ev ürək - səmimi olun, onu çoxmu sevirsiniz?

17
(Yenilənib 14:55 15.05.2020)
Gəlin özümüzlə səmimi olaq və razılaşaq ki, dünyanın müxtəlif yerlərində bu qədər yaşlı insanın koronavirus böhranının qurbanına çevrilməsi qaçılmaz deyildi.

BAKI, 15 may — Sputnik. Bu gün Beynəlxalq Ailə Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, 1993-cü ildə BMT-nin Baş Assmbleyasının 237 nömrəli qətnaməsi ilə bu gün Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Burada məqsəd ailələrin davamlılığını təmin etmək üçün cütlükləri maarifləndirmək, ailələrə təsir edən sosial, iqtisadi və demoqrafik proseslər haqqında bilikləri artırmaqdır.

Bu günün mənasını özündə ehtiva edən qırmızı rəngli ev və ürəyi özündə birləşdirən simvolik işarədir. Ürək və evin sadə təsvirindən ibarət olan simvolik loqo ailələrin cəmiyyətin əsas dayağı olduğunu göstərir.

BMT-nin Əhali Fondu Beynəlxalq Ailə Günündə pandemiya zamanı yaşlıların müdafiəsini diqqətdə saxlamağa çağırır.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj 15 may – Beynəlxalq Ailə Günü münasibətilə pandemiya dövründə yaşlıların hüquqlarının və rifahının qorunması mövzusuna həsr edilmiş müraciətlə çıxış edib. BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj bununla bağlı müraciət edib. Sputnik Azərbaycan BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinə istinadən həmin müraciəti təqdim edir:

Pandemiya şəraitində yaşlı insanların hüquqları və rifahı qorunmalıdır

"Avropanın hər yerində, İspaniyadan Serbiyayadək yaşlı insanlar üçün qayğı evləri COVID-19 infeksiyasının tüğyan etdiyi qaynar nöqtələrə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Avropada koronavirus xəstəliyindən ölüm hallarının yarısı məhz uzunmüddətli qayğı müəssisələrinin sakinlərinin payına düşür.

Virusun bütün dünyada həyatları necə məhv etdiyini nəql edən ürəkdağlayan statistik göstəricilər arasında bu, olduqca mühüm bir rəqəmdir. Bu rəqəm gözlərimiz önündə baş verən, təsəvvürə sığmayacaq və eyni zamanda ictimaiyyətin diqqətini hələ lazımi səviyyədə cəlb edə bilməmiş bir faciəyə işıq salır.

Yaşlı insanlar pandemiyanın özü ilə gətirdiyi fəsadlara daha çox məruz qalır. Onların koronavirusun səbəb ola biləcəyi ağır gedişatlı xəstəliyə tutulma riski daha yüksəkdir və bu xəstəlikdən ölüm hallarının təqribən 95%-i 60 və yuxarı yaşlı insanlar arasında qeydə alınır. Koronavirus pandemiyasının özü ilə dünyanın yaşlı əhalisinin böyük hissəsinin yaşadığı Avropaya gətirdiyi məşum fəsadların səbəblərindən biri də məhz bununla bağlıdır. Mövcud şəraitdə yaşlı insanlar yalnız sağlamlıq riskləri ilə üzləşmirlər: virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən sosial təcrid tədbirləri də onların həyat və güzəranına qeyri-mütənasib təsir göstərir; belə ki, onlar etibar etdikləri və asılı olduqları bir sıra dəstək və qayğı xidmətlərindən də məhrum duruma düşürlər.

Qocalar evində yaşayan yaşlı insanlar həssas təbəqəyə aid olan əhali qrupuna daxildir. Son vaxtlar biz pandemiya üzündən həddən artıq yüklənmiş sosial xidmət təminatçıları tərəfindən göstərilə bilən minimal qayğının əhatəsində və çox vaxt ətrafında sevdikləri belə olmadan dünyasını dəyişən insanların ürəkağrıdan hekayələrini eşitməkdəyik. Eyni zamanda, bu ağır günlərdə bir çox yaşlı insanlar laqeydlik, yoxsulluq və sosial kənarlaşma şəraitində yaşamağa məcburdur və yəqin ki, bundan daha da məyusedicisi əksər hallarda onlara qarşı lazımsız bir yükə çevrilmələri ilə bağlı mənfi və həqiqətdən uzaq olan stereotip münasibətin təzahürü olardı.

Hazırda Avropa ölkələrinin əhalisi sürətlə qocaldığından – artıq hər dörd nəfərdən birinin yaşı 60 və daha çoxdur – oradakı cəmiyyətlər yaşlanan insanların sağlam olması və öz icmaları daxilində fəal həyat tərzi keçirə bilmələri istiqamətində səylər göstərir. Ümid edirəm ki, bu böhran və onun gətirdiyi fəsadlar cəmiyyətlərin yaşlı insanlara qarşı mövqeyində və davranışlarında olan mənfi ünsürlərin aradan qaldırılmasında dönüş nöqtəsi olacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu olaraq biz hökumətlər və vətəndaş cəmiyyətindəki tərəfdaşlarımızla pandemiya zamanı yaşlı insanlara dəstək olmaq üçün çalışırıq və bu, həm yaşlıların hüquqlarının qorunmasını, həm də onların yaşadıqları cəmiyyətlərə inklüzivliyinin təmin olunmasını ehtiva edir.

Hökumətlərin ata biləcəyi 4 addım:

Hazırda bir çox ölkələr pandemiya böhranını imkana çevirməyin yollarını arayır. Hökumətlərin buna nail olmaq üçün ata biləcəyi 4 başlıca addıma diqqəti yönəltmək istərdim:

1. COVID-19-la mübarizədə yaşlı insanların müdafiəsi ilə bağlı tədbirləri prioritetləşdirmək. Buraya cəmiyyətə yaşlı insanların bərabər hüquq və imkanlara malik olmasını ehtiva edən mesajların ötürülməsini və bu yöndə öhdəliklərin sadəcə sözlərdən ibarət olmamasını bildirən qətiyyətli və cəsarətli mövqenin nümayiş etdirilməsini aid etmək olar. Xidmətlərin davamlılığının təmin edilməsi, qayğı göstərənlərə dəstək, təcrid vəziyyətində olan insanlara çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə böhranın təsirlərinin azaldılması istiqamətində atıla biləcək addımlardan sadəcə bir neçəsi ola bilər.

2. Yaşlı insanların səsini dinləmək. Böhranla mübarizə apararkən və gələcək üçün siyasi çərçivələr hazırlayarkən, biz həm də yaşlı insanların söylədiklərinə qulaq verməliyik. Hər hansı qərəzli yanaşmadan yayınmaq və həqiqi ehtiyaclara cavab verən həll yolları ərsəyə gətirmək üçün icma nümayəndələri ilə ünsiyyət olduqca mühüm əhəmiyyət kəsb edir.

3. İctimai fikirdə və təcrübədə yaşa görə ayrı-seçkilik fenomeni ilə mübarizə. Hazırkı böhran dövründə daha da bariz şəkildə özünü göstərən yaşa görə ayrıseçkilik və yaşlanma ilə bağlı arzuolunmaz stereotiplər cəmiyyətdə heç bir vəchlə qəbul edilməməlidir. İctimai rəydə nəsillərarası bağlılığa və yaşlı insanların verdiyi dəyərli töhfələrə söykənən ümumi dəst-xəttin təşviqi sosial norma və münasibətlərin dəyişdirilməsi üçün əsas ola bilər.

4. Qanunverici və hüquqi çərçivələrə yaşlanma prizmasından yenidən baxış. Artıq hökumətlər üçün böhrandan sonrakı dövrə baxmağın və yaşlanan əhalinin hüquqlarını və rifahını təmin edərkən sürətli demoqrafik dəyişikliklərin nəticələri ilə ayaqlaşa bilmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial rifah kimi sahələrdə zəruri olan təkmilləşdirmələri nəzərdən keçirməyin zamanı yetişib.

Son söz yerinə

Gəlin özümüzlə səmimi olaq və razılaşaq ki, dünyanın müxtəlif yerlərində bu qədər yaşlı insanın koronavirus böhranının qurbanına çevrilməsi qaçılmaz deyildi. Bu, yaşadığımız cəmiyyətlərin, təmsil etdiyimiz təsisatların və mədəniyyətlərin yaşlı nəsillərin rifahı məsələsinə eyni dəyəri verməməsinin təzahürü idi. Biz öz səhvlərimizdən nəticə çıxarmalı və yaşlı insanların da hüquqlarının tanındığı və dəstəkləndiyi bütün yaşlar üçün cəmiyyəti qurmalıyıq. Bu gün sürətlə yaşlanan Avropa əhalisinin dörddə birinin sahib olduğu bütün bilikləri, təcrübəsi və indən belə verə biləcəyi töhfələrlə birlikdə kənarda qalmasına yol vermək olmaz. Yaşlıların bütün digər insanlarla bərabər hüquq və seçimlərə malik olmasını təmin etmək sadəcə mənəvi öhdəlik deyil, bütün nəsillərin rifahı baxımından əhəmiyyət kəsb edən mühüm çağırışdır.

17
Azərbaycanın ümummilli lideri Heydər Əliyev

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür

26
(Yenilənib 00:29 10.05.2020)
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub

BAKI, 10 may — Sputnik. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb, 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

26
Çaykənd kəndində uşaqlar, arxiv şəkli

Milli Uşaq Strategiyası hazırlanıb

0
(Yenilənib 19:48 01.06.2020)
"Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq” - Bahar Muradova.

BAKI, 1 iyun — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Azərbaycan 2020” İnkişaf Konsepsiyasının 7.4 bəndinin reallaşdırılması istiqamətində Milli Uşaq Strategiyası hazırlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə AQUPDK-nın sədri Bahar Muradova deyib.

O bildirib ki, sənəd artıq son mərhələdədir: “Çox güman ki, yaxın müddətdə bu sənəd imzalanacaq. Bu sənədlə Azərbaycan dövlətinin və uşaqların əldə etdiyi nailiyyətlərdən daha geniş perspektivlərə doğru vəzifələri müəyyən edilir. Strategiya çərçivəsində fəaliyyət proqramları üzərində işləyirik".

"Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq”, - deyə B.Muradova bildirib.

0