BAKI, 4 may — Sputnik. 1929-cu il mayın 4-də ingilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. "Roma tətilləri" (şahzadə Anna) "Hərb və sülh" (Nataşa Rostova), "Şarada" (Regina Lampert), "Tiffani ilə səhər yeməyi" (Holli Qolaytli), "Milyonu necə oğurlamalı" (Nikol Bonne) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Hepbern Brüsseldə anadan olub. 1948-ci ildə isə Londona köçüb. Öncə Avropa filmlərində çəkilib. Yaxşı oyunu ilə Hollivudun diqqətini cəlb edib.
Odri Hepbern 1954-cü ildə "Roma tətilləri" filmindəki şahzadə Anna roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" mükafatını alır və daha 4 dəfə bu mükafatın nominantı olur.
Hepbern dövrünün ən çox qazanan kinoaktrisalarından olub və Qreqori Pek, Reks Harrison, Keri Qrant, Henri Fonda, Qeri Kuper, Uilyam Holden, Fred Aster, Piter O’Tul və Albert Finni kimi məşhurlarla tərəf müqabili olub.
Odri Hepbern Amerika kinosunun möhtəşəm aktrisaları sırasında üçüncü yerdədir.
BAKI, 9 mart - Sputnik. Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Üçüncü çərşənbə digərlərindən bəzi xüsusiyyətlərinə görə seçilir. Məhz bu çərşənbə günü evlərdə təmizlik işlərinə başlanılır. Xanımlar evlərdəki yorğan-döşəyi havaya atır və onların təzə gələn bahar nəfəsi ilə yenilənməsini, çıxan günəşin təsiri ilə daha da təmizlənməsini istəyirlər. Həmçinin, evlərdə hər tərəf təmizlənir, xalça-palazlar çırpılır, qab-qacaqlar, şüşələr, pəncərələr silinir.
Ümumiyyətlə, insanlar küləyin onlara xoş təəssüratlar gətirəcəyinə inanırlar.
Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.
Sonuncu – Torpaq çərşənbəsi martın 16-da olacaq.
BAKI, 8 mart - Sputnik. Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.
1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
8 Mart Azərbaycanda qeyri-iş günüdür.