Sidqi Ruhulla

İlk rolu Telli obrazı olan dahi kişi sənətkar

55
(Yenilənib 10:15 28.03.2017)
Sidqi Ruhullanın Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. O həmçinin Təbrizdə milli teatrın yaradıcısıdır.

BAKI, 28 mart — Sputnik. 1886-cı il martın 28-də Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 — 5.5.1959) Bakının Buzovna kəndində doğulub.

Sidqi Ruhulla 1906-cı ildə birinci dəfə Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.

Sidqi Ruhullanın Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. O həmçinin Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub.

1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” və s. filmlərdə çəkilib.

55
Azərbaycan bayrağı

Milli Qəhrəmanımızın anım günüdür

9
(Yenilənib 12:29 22.04.2021)
Bağırov Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında da A.Bağırovun böyük rolu olub.

BAKI, 22 aprel — Sputnik. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovun doğum günüdür. 22 aprel 1946-cı ildə Ağdamda dünyaya göz açan A.Bağırov eyni zamanda da Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi kimi də tarixə adını yazdırıb.

O, həm də I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqla yaddaşlarda qalıb. Belə ki, A.Bağırov 1992-ci ildə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.

Bağırov həmçinin Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib, Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında da A.Bağırovun böyük rolu olub.

Xatırladaq ki, A.Bağırov 12 iyun 1992-ci ildə minaya düşərək dünyasını dəyişib.

9
Teqlər:
Azərbaycan, Qarabağ, Ağdam, anım günü, Milli Qəhrəman
Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il

Səhnəmizin "Cənnət"inin doğum günüdür

33
(Yenilənib 11:38 20.04.2021)
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

BAKI, 20 aprel — Sputnik. Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

33
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Nizami Gəncəvi ilə Yunus Əmrənin ruhlarını birləşdirdilər

0
(Yenilənib 23:34 22.04.2021)
Qardaş ölkələr arasında mədəni körpülərin davam etdirilməsi üçün hər iki ölkənin tanınmış şairinin ortaq əsərləri əsasında ssenari yazılaraq, fərqli kompozisiya təqdim edilib.

Şahpəri Abbadova, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə "Nizami İli" elan edilib. Qardaş Türkiyədə isə bu il böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700-cü ildönümü qeyd edilir. Qardaş ölkələr arasında mədəni körpülərin davam etdirilməsi üçün hər iki ölkənin tanınmış şairinin ortaq əsərləri əsasında ssenari yazılaraq, fərqli kompozisiya təqdim edilib. Bu kompozisiya əsasında Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Nizami hikmətlərindən və Yunus Əmrədən olan seçmələri səsləndiriblər. Türkiyədə tanınan rəssam, kurator Günay Zebic (Mehdizadə) və Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşanın məşqi Beynəlxalq Muğam Mərkəzinin səhnəsində nümayiş olunub. İki hissədən ibarət tamaşanın birincisi Yunus Əmrəyə, ikincisi Nizamiyə həsr olunub.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən layihənin rəhbəri, tamaşanın ssenari müəllifi Günay Zebic Yunus Əmrə İnstitutu ilə birgə hər iki dahinin əlamətdar ildönümlərinə töhfə olaraq belə bir layihəni hazırlamaq qərarına gəldiyini bildirib:

"İstər döyüş meydanında, istər iqtisadi sahədə, istərsə də mədəniyyət aləmində qardaş ölkə Türkiyə ilə Azərbaycan öz həmrəyliyini, möhkəm şəkildə bağlı olduqlarını dünyaya bir daha sübut etdi. Biz də mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və mədəniyyət körpüsünün daha sağlam tellərlə bağlanması üçün hər iki ölkənin dəyərli sənətkarlarını bir araya gətirdik. Fərqli kompozisiya şəklində onu nümayiş etdirməyə çalışdıq. Düşündük ki, bunu tamaşa şəklində hazırlayıb, təqdim etsək, daha çox kütləyə çatmış olar. Bunu şagirdlərlə etməkdə məqsəd isə məhz onların təqdimatında məktəblilərə, şagirdlərə və gənclərə hər iki ölkənin dahi şairini tanıtmaq, əsərləri ilə tanış etmək onların mədəni irsimizdəki rolunu göstərməkdən ibarətdir. Çünki yetişən gənclik bizim dövlətimizin gələcək qurucularıdır. İlkin təməl bu işdə əsas rol oynayır. Bunun üçün maarifləndirməyə məhz onlardan başlamağı uyğun bildik".

© Photo : Courtesy of Lala Azeri
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Zebicin sözlərinə görə, tamaşalarda hər iki dahinin yaradıcılığına toxunulub: "Nizami Gəncəvinin "Xəmsə"si, Yunus Əmrənin "Divan"ı və şeirlərindən istifadə etdik. Tamaşanın aktyor heyəti İncəsənət Gimnaziyasının şagirdləridir. Bu qrupla artıq beş ildir ki, çalışıram. Kollektivlə Türkiyə və Azərbaycanın qardaşlığına həsr olunan layihələr həyata keçirmişik. Bunlardan 2017-ci ildə Bursa şəhərində "Qardaş məktəb", "Azərbaycan Cümhuriyyətinin 100 illiyi və Qafqaz İslam ordusunun Bakıya gəlişi", 2019 Türkiyənin Kayseri şəhərində "Nəsimi 650" teatrı ilə Beynəlxalq XIV teatr festivalında iştirak etmişik. Bundan başqa 2020-ci ildə Qobu 3 parkında Xarı Bülbül İncəsənət mərkəzində COVID-19 "Biz Birlikdə Güclüyük" tablomun açılışı və "Xarı Bülbül" kiçik tamaşasını uğurla nümayiş etdirdik. Bir rəssam kimi mənə tablolarda gördüyüm kompozisiyaları səhnələşdirmək, onları ssenari şəklində yazmaq və səhnə geyimlərini yaratmaq böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Nizami Gəncəvisi və Türkiyənin Yunus Əmrə kimi böyük şairlərinin şeir və poemalarını canlandırmaq mənə qürür hissi verir. İndi iş prosesimizin demək olar ki, yarısından çoxunu bitirmişik. May ayının əvvəllərində tamaşaçılara bu layihəni televiziya vasitəsi ilə təqdim edəcəyik".

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç qeyd edib ki, Türkiyənin böyük şairi Yunus Əmrənin nüfuz, təsir sahəsi o qədər geniş və dərindir ki, onu Anadoluya sığdırmaq mümkün deyil: "Böyük ruhların fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Niyə Yunus Əmrə səkkiz yüz ildən sonra da xatırlanır və dildən dilə ötürülür? Yunus Əmrəni böyük bir sənətkar edən və onu universal bir dilə gətirən əsas səbəb, dünyanı eyni anda anlamaq və şərh etmək bacarığı idi. Böyük ruhların ən fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Onun Türkiyədə çox sevilməsi, ayrıca hər dövrün özündə əks etdirməsi və davamlı istinad edilməsi sənətkarın dərinliyinin, böyüklüyünün göstəricidir. Hacı Bektaşi Vəli, Mövlana, Yunus Əmrə kimi türk dərvişləri, Asiya içindən gələrək Anadoluda tarixin ən əzəmətli təşkilatın quruluşunu imzaladılar, Türkiyə də qurulan belə bir universal dövlətdir".

© Photo : Courtesy of Lala Azeri
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Səlçuk Karakılıç Yunus Əmrənin Anadolunun həqiqi memarlarından biri olduğunu, böyük sənətkarların dar mühitin deyil, daha geniş bir dünyanı izah etməyə çalışanlardan olduğunu bildirib: "Yunus Əmrə Türkiyədə olduğu kimi, Azərbaycanda da diqqətlə oxunur, haqqında araşdırmalar edilir. Bu il Yunus Əmrənin vəfatının 700-cü il dönümüdür, böyük şairimizi Azərbaycanda daha geniş kütlələrə izah etmək məqsədilə bir tamaşa ərsəyə gətirdik. "Yetmiş iki millətə bir gözlə baxmaq" Ümumdünya bəşəri dəyərlər prinsipi üzərində qurulmuş fəlsəfəsi ilə bütün bəşəriyyətlə danışan Yunus Əmrənin və Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin xatirəsini anmağın uyğun olduğuna qərar verdik. Günay Zebiçin hazırladığı mövzunu əhatə edən tamaşanın bu günlərdə gənc nəsil üçün daha faydalı olacağını düşünürəm. Şübhəsiz ki, həm Yunus Əmrə, həm də Nizami Gəncəvi Türk dünyasının ortaq dəyərləridir. Bizim vəzifəmiz Yunus Əmrə və Nizami Gəncəvi kimi dövrünün böyük sənətkarlarını dəqiq təsvir etmək və onları yaşatmaqdır".

Qeyd edək ki, sözügedən layihənin nəinki Azərbaycanda, eyni zamanda Türkiyədə və Xorvatiyada festivallarda iştirakı da gözlənilir.

0