Əliağa Vahid

"Üzü dönsün görüm o ağuya dönmüş çörəyin"

126
Görkəmli qəzəlxan və şair Əliağa Vahidin anadan olmasından 122 il ötür

BAKI, 18 fev — Sputnik. Azərbaycanlı şair, qəzəlxan Əliağa Vahid (İsgəndərov Əliağa Məmmədqulu oğlu) 1895-ci il fevralın 18-də Bakıda anadan olub.

Əliağa Vahid ilk təhsilini mollaxanada alıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, satirik şerlərində ictimai nöqsanları ifşa edib.

Bolşevik işğalından sonra Vahid yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazıb, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", "Qəzəllər" kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. 

Füzuli ənənələrinin davamçısı olan Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. 

Vahid həmçinin Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 

Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

126
Teqlər:
Bakı, Azərbaycan, Məhəmməd Füzuli, Əliağa Vahid, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Əlişir Nəvai, Böyük Vətən müharibəsi, 'Məcməüş-şüəra' ədəbi məclisi
Əlaqədar
Səni zəmanə yetirməz dübarə, bir dənəsən
Xəzər dənizində neft platforması, arxiv şəkli

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 27 il ötür

2654
(Yenilənib 10:04 20.09.2021)
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

BAKI, 20 sentyabr — Sputnik. Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 27 ili tamam olur.

1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü" kimi qeyd olunur.

"Əsrin müqaviləsi"ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti ("Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil" (hazırda "Equinor"), "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta") iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

"Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb.

Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları bunlardır: BP (30,1%), "AzBTC" (25%), "Chevron" (8,9%), "Equinor" (əvvəlki "Statoil") (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), "Itochu" (3,4%), "Inpex" (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%).

Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, "Chevron", "Inpex", "Equinor" (əvvəlki "Statoil"), "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 30 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

2654
Teqlər:
'Əsrin müqaviləsi'
Əlaqədar
Cəbiş müəllim "Əsrin müqaviləsi"ndən danışır
"Əsrin müqaviləsi"ndən 17 il mənfəət götürmüşük
Politoloq Azərbaycanın müstəqillik tarixində “Əsrin müqaviləsi”nin rolundan danışır
“Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadirik” – Əsrin müqaviləsi bizə nə verdi
XİN “Əsrin müqaviləsi”nə münasibət bildirdi

Heykəli güllələnib satışa çıxarılan dahimiz: bu günümüz adıyla yaşayır

1811
(Yenilənib 10:02 18.09.2021)
Onun haqqında "Üzeyir ömrü", "Üzeyir Hacıbəyov", "Əbədi iftixarımız" filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.

BAKI, 18 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

Sputnik Azərbaycan xəbər verir ki, o, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın "konservatoriyası" - Şuşada keçib. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət "İslamiyyə", "Təbriz" mehmanxanalarında və kirayədə yaşayır. "Leyli və Məcnun" operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan "Leyli və Məcnun" ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Gənc bəstəkar bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla" muğam operalarını yazır.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları onu çox məşhurlaşdırır.

Üzeyir yaradıcılığının zirvəsi "Koroğlu" operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdın, Qara dəniz" mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur.

Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib, onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılıb. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"u yaratdı. 1909-cu ildə yaratdığı "Şeyx Sənan" adlı ikinci operası üslubuna görə sələfindən xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi.

1910–1915-ci illər arasında yazılmış növbəti dörd opera ənənəvi Azərbaycan muğamı əsasında qurulub ("Rüstəm və Zöhrab" (1910), "Şah Abbas və Xurşud Banu" (1911), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915)). Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılmış "Koroğlu" operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə "Stalin" mükafatı verildi. Ümumilikdə, o, 7 opera və 3 operetta yazıb: "Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913). Hacıbəyov "Koroğlu" operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış "Firuzə" operası var idi. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamladı.

Üzeyir Hacıbəyov "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi əsərlər yaradaraq "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi. Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur.

Azərbaycan musiqisinin sütunu sayılan Üzeyir bəy 1918-ci ildə Azərbaycan himnini bəstələdi. 1920–1991-ci illərdə Azərbaycanın SSRİ ittifaq respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi. Lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi. 1930-cu ilə aid Azərbaycan SSR-in himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir. Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSRİ-in tərkibindən çıxanadək səsləndirilirdi. 1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən "dövlət" statusunu aldı.

1920-ci illərin sonu və 30-cu illərin əvvəllərində o, xalq çalğı alətləri orkestri üçün ilk Azərbaycan kütləvi mahnılarını, kamera instrumental əsərlərini yaratdı ("Pambıq tarlalarında" süitası, "Çahargah" və "Şur" ladaları) və skripka, violonçel və fortepiano üçün kantatalar (o cümlədən "Füzulinin xatirəsinə "(1934)), orkestr (uverturalar) və xor əsərlərini bəstələyib.

1941–1945 müharibə illərində bir sıra vətənpərvərlik mahnılar ("Yaxşı yol", "Şəfqət bacısı" və s.), "Vətən və cəbhə" kantatası və "Döyüşçülər marşı" (1942) uvertürasını yazıb.

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.

Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsinizmi ki, sizin mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.

Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: "Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün".

Üzeyir bəy nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. "Ü", "Filankəs", "Behmankəs" və digər gizli imzalarla felyetonlar yazıb. Onun "Ordan-burdan" başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.

Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşır və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşir. Moskva şəhər Kreml xəstəxanasında müalicə almağa başlayır, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürülür. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, "Monolit" binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat edir. Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında "Sənsiz" romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.

Onun haqqında "Üzeyir ömrü", "Üzeyir Hacıbəyov", "Əbədi iftixarımız" filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.

Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.

1959-cu ildə Şuşada abidəsi və büstü qoyulub. Daha sonra, BBC jurnalisti Tomas de Vaalın sözlərinə əsasən, "gülləbaran edilmiş, ikiyanlı pencəkdə və qırılmış eynəkdə" olan büst sökülüb və 1992-ci ildə Şuşanı zəbt edən ermənilər onu metal kimi Gürcüstanda satışa qoymuşdular. 1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı təkcə şuşalıların evləri yox, tarixi abidələrimiz də erməni qəsbkarlarının qurbanına çevrilib. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər Bülbül və Natəvanın heykəli ilə yanaşı Üzeyir bəyin də heykəlini müxtəlif hissələrdən güllələyiblər. Həmin heykəllərin tunc materialına tamah salan düşmənlərimiz heykəllərdən gəlir əldə etmək məqsədilə əvvəlcə Yerevana, sonra da Gürcüstana aparıblar. Xoşbəxtlikdən Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görüblər. Bununla bağlı müvafiq qurumlara məlumat veriblər. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsi ilə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil olub.

2021-ci ilə qədər büst Azərbaycan İncəsənət Muzeyinin açıq havasında nümayiş olunurdu. 14 yanvar 2021-ci ildə büstü öz doğma torpağında - Şuşada yenidən quraşdırıldı.

1811
Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

0
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

0