Ümid burnu

Möcüzələr ölkəsinə dəniz yolunun kəşfi

116
Avropadan Hindistana aparan dəniz yolunun kəşfi gələcək işğalların başlanğıcını qoydu

BAKI, 3 fev — Sputnik. Orta əsrlərdə avropalılar arasında Hindistan haqqında çoxsaylı əfsanələr mövcud idi. Onlar Hindistanı saysız-hesabsız qiymətli əşyalar, qızıl, almaz, möcüzəli bitkilər yurdu hesab edirdilər. Ona görə də, hər bir inkişaf etməkdə olan Avropa dövləti Hindistana gedən dəniz yolunu axtarmağı, bu yolla gedib sözügedən var-dövləti ələ keçirməyi özünə borc bilirdi. 

Belə dövlətlərdən biri də Portuqaliya idi. 15-ci əsrdə Portuqaliya, qonşusu İspaniya kimi yüksəliş dövrünü yaşayırdı. Kral II Xuan da Hindistanın hesabına dövlətini gücləndirmək fikrində idi.

O, 1486-cı ildə dövrün cəsur dənizçilərindən olan Bartolomeu Diaşı yanına çağıraraq ona müvafiq tapşırığnı verdi. Bu tapşırığa əsasən Diaş Afrika qitəsinin ən uc nöqtəsinə qədər getməli, orada olan vəziyyəti öyrənməli və əgər mümkün olarsa, oradan da Hindistana gedən dəniz yolunu tapmalı idi. Diaşın ixtiyarına səfərini yaxşı təşkil etmək üçün 3 gəmi və peşəkar şəxsi heyət verilir. Gəmilər Bartolomeu Diaşın rəhbərliyi altında hərəkətə başladılar. Diaş Afrikanın cənub-qərb sahillərində lövbər saldı və bu sahillərə Portuqaliya krallığının bayrağını sancdı. Bayrağın sancılması kəşf olunan yeni ərazilərin Portuqaliya krallığının ərazisi olduğunu göstərirdi.

Hərəkətinə davam edən Diaş şiddətli şimal küləyi ilə qarşılaşdı. Külək heyəti istiqaməti cənuba tərəf dəyişməyə məcbur etdi. Bir müddətdən sonra Diaş Qrot Vis çayının mənsəbinə çatdı. Burada o artıq hərəkətin şimala tərəf istiqmətləndiyini anladı. Bununla da Diaş 70 il müddətində dənizçilər tərəfindən axtarılan Hindistana gedən dəniz yolunu kəşf etmiş oldu. Bartolomeu Dias bu ərazini Ümid burnu adlandırdı. Dias Hindistana səfərə hazırlaşarkən gözlənilmədən şəxsi heyət arasında tropik qızdırma xəstəliyi yayılmağa başladı. Dias belə vəziyyətdə davam etməyin mümkünsüz olduğuna qərar verdi və qeri qayıtmaq əmrini verdi. 16 ay sonra, 1488-ci ilin dekabr ayında Diaş Portuqaliyaya geri döndü.

Bartolomeu Diaşın səfəri Portuqaliya krallığı tərəfindən uğurlu hesab olundu. Hindistana getmiş ilk dənizçi səyyah olan Vasko da Qama Kabo-Verdeyə qədər Diaş ilə birlikdə getmişdi.

116