Buenos-Ayres şəhəri, Plaza-de-Mayo meydanı

Cənubi Amerikanın Parisi

10
(Yenilənib 10:15 02.02.2017)
Cənubi Amerikanın ən gözəl şəhərlərindən olan Buenos-Ayresin əsası iki dəfə qoyulub

BAKI, 2 fev — Sputnik. 1536-cı il fevralın 2-də Cənubi Amerikada Parana çayının mənbəyində, Atlantik okeanın sahilindən 150 km məsafədə qızıl axtaran ispan konkistadorları sonradan Argentinanın paytaxtı olacaq Buenos-Ayresin əsasını qoyublar. 

Məntəqənin əvvəlcə uzun bir adı olub: "Syudad-de-Nuestra-Sen-ora-de-Buenos-Ayres". Deyilənlərə görə, çayın sahilinə çıxan dənizçilərdən biri "Bu yerdə nə yaxşı hava var!" deyə qışqırıb. "Bueno aire" "yaxşı hava" deməkdir. Şəhərin adı da buradan əmələ gəlib. 

1541-ci ildə hinduların təzyiqi altında ispanlar bu məntəqəni tərk edərək şimala qaçıblar. 

1580-ci ildə isə hindulara qalib gələn La-Plata ərazisinin qubernatoru Xuan de Qaray ikinci dəfə burada şəhərin əsasını qoyub və ona "Vilya Santa Mariya de los Buenos-Ayres" adını verib. Bu dəfə şəhərin adına "Müqəddəs Məryəmin hifz etdiyi" sözləri əlavə edilib. Hazırda bu addan yalnız "Buenos-Ayres" qalıb. 

Həmin vaxtdan şəhər əsasən qaçaqmalçılıqın sayəsində artmağa başlayıb və tədricən "Cənubi Amerikanın Parisi"nə çevrilib. Hazırda Argentina paytaxtında 3 milyonadək insan yaşayır. 

10