Концерт Кевина Костнера

Uğurlu satıcı olmadı, yaxşı aktyor rejissor oldu

54
(Yenilənib 10:44 18.01.2017)
Kevin Kostner ali məktəbə marketoloq olmaq üçün daxil olsa da, bu sənətin ardınca getməyib, aktyor oldu

BAKI, 18 yan — Sputnik. 1955-ci il yanvarın 18-də məşhur Amerika aktyoru, rejissor və prodüsser Kevin Kostner (Kevin Michael Costner) anadan olub.

1973-cü ildə Fulton Dövlət Universitetinin marketinq fakultəsinə daxil olan Kostner həmin ali məktəbin teatr dərnəyinə də üzv yazılır. Eyni zamanda o aktyorluq dərsləri də alır və universitetdən sonra özünü bu sahədə sınamaq qərarına gəlir. 

1981-ci ildə o "Vəhşi çimərlik" filmində çəkilir. Bu film o qədər də uğur qazanmır. 1987-ci ildə "Toxunulmazlar" və "Çıxış yoxdur" filmləri ilə Kostner populyarlıq qazanır. 

Sonrakı filmlərdə də əldə etdiyi uğurlardan sonra Kostner özünü rejissor kimi sınamaq qərarına gəlir. 1990-cı ildə oun çəkdiyi "Canavarlarla rəqs" filmi ekranlara çıxır. Bu filmdə Kostner həm də baş rolu oynayır. Film "Ən yaxşı film" və "Ən yaxşı rejissor" nominasiyalarında Oskar mükafatını qazanır. 

MDB məkanı tamaşaçılarına Kostneri "Cangüdən" filmindəki obrazı sevdirib. Bu filmdə Kostner məşhur müğənni Uitni Hyustonla tərəf müqabili olub.

Kevin Kostner bundan sonra bir sıra populyar filmlərdə çəkilib: “İdeal dünya”, "Kişilərin dünyası", "Poçtalyon" "Con F. Kennedi. Dallasda açılan atəş" və s.

Kostnerin müxtəlif nikahlardan 7 övladı var.

54
Teqlər:
aktyorluq dərsləri, filmdəki obrazı, rejissor, aktyor, Vəhşi çimərlik, Toxunulmazlar, Çıxış yoxdur, Canavarlarla rəqs, Con F. Kennedi. Dallasda açılan atəş, Poçtalyon, Kişilərin dünyası, İdeal dünya, Oskar mükafatı, Fulton Dövlət Universiteti, Kevin Michael Costner, Kevin Kostner, ABŞ, Fulton
Pianino, arxiv şəkli

Mahnıları dillər əzbəri olan bəstəkarımızın doğum günüdür

15
(Yenilənib 23:09 12.05.2021)
Bəstəkarın "Anamın laylası", "Alagöz", "Maralım, gəl", "Qurban adına", "Bənövşə", "Haralısan" və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.

BAKI, 12 may — Sputnik. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Səid Rüstəmovun adı musiqisevərlərə yaxşı tanışdır. Sputnik Azərbaycan xəbər verir ki, bu gün bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti Səid Rüstəmovun anadan olmasından 114 il ötür.

Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb. Ömründə bəstəkarın mahnılarından ən azı birini dinləmiş şəxs sanki bu nəğmənin sehrinə düşərək ondan qurtula bilmir.

Gözəl, axıcı melodiyaları ilə seçilən bu mahnılar onu dinləyən hər kəsin qəlbinə yol tapmağa, insan hisslərinə hakim kəsilməyə qadirdir. Bəstəkarın "Anamın laylası", "Alagöz", "Maralım, gəl", "Qurban adına", "Bənövşə", "Haralısan" və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.

Səid Rüstəmov 1907-ci il mayın 12-də indi tarixi yurdumuzda - İrəvanda anadan olub. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpıb. 1918-ci ildə İrəvanda baş verən erməni vəhşiliyi zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də, az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşır. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq, yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəylinin yanına aparır. Bu da Səidin taleyini həll edir. S.Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir.

Səid Rüstəmovu digər sənətkarlardan - sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.

Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaradıb.

Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpıb. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirib.

Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S.Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək-zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan "Oxu, gözəl", "Hardasan?", "Həkim qız", "Getmə-getmə", "Haralısan?", "Bənövşə", "İntizar", "Sürəyya", "Sumqayıt", "Yürüş marşı", "Cəbhəyə", "Qurban adına", "Sənindir" və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.

Bəstəkarın yaradıcılığında instrumental əsərlər də böyük yer tutur. Bu mənada yenə xalq çalğı alətləri orkestri üzərində dayanacağıq. Çünki S.Rüstəmov "Azərbaycan süitası"nı, "Sevinc" rəqsini və digər əsərlərini məhz bu orkestr üçün yazıb.

S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. O, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də geniş,

məqsədyönlü iş aparıb. Onun səsi-sorağı beynəlxalq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O, dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən ümumdünya və ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olub.

Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilib. O, 1938-ci ildə Əməkdar incəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat etsə də o, daima Azərbaycan musiqi sənəti tarixində yaşayır. Çünki bəstəkarın adı həm xalq çalğı alətləri orkestri, həm də əsərləri ilə qoşa çəkilir. Hələ neçə-neçə nəsillər böyük bəstəkarın yaradıcılıq irsindən dərs alıb, onun sənət çeşməsindən bəhrələnəcək

15
Azərbaycanın ümummilli lideri Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür

56
(Yenilənib 07:17 10.05.2021)
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub

BAKI, 10 may — Sputnik. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb, 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

56
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

0
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

0