Nazim Hikmət

"Yaşamaq gözəldir, qardaşım"

477
(Yenilənib 11:14 18.01.2017)
1902-ci il yanvarın 15-də böyük türk şairi Nazim Hikmət (vəfat tarixi 3.6.1963) Salonikidə (indiki Yunanıstan ərazisi) anadan olub.

BAKI, 15 yan — Sputnik. 1902-ci il yanvarın 15-də böyük türk şairi Nazim Hikmət (vəfat tarixi 3.6.1963) Salonikidə (indiki Yunanıstan ərazisi) anadan olub.

Bəzi mənbələrdə doğum günü 20 yanvar göstərilir.

Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə 28 illik həbsə məhkum edilmiş, 1951-ci ildə ona SSRİ-yə mühacirət etməyə icazə verilmişdi. Türkiyə vətəndaşlığından məhrum edilən Nazim Hikmət ömrünün axırınadək SSRİ-də yaşadı. Məzarı Moskva şəhərindədir.

Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb, rejissor Əjdər İbrahimov "Mosfilm"də "Məhəbbətim mənim, kədərim mənim" filmini çəkib. Hazim Hikmətin ssenarisi əsasında "Azərbaycanfilm"də "Bir məhəllədən iki nəfər" (1957, Maksim Qorki kinostudiyası ilə birgə, rejissor Ə.İbrahimov), ədibin avtobioqrafik “Romantika” romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” (1966) filmləri çəkilib.

477
Teqlər:
siyasi baxışlar, rejissor, vətəndaşlıqdan məhrumetmə, Məhəbbət əfsanəsi, şair, kommunist, Məhəbbətim mənim, kədərim mənim, Yaşamaq gözəldir, qardaşım, Bir məhəllədən iki nəfər, Maksim Qorki kinostudiyası, "Azərbaycanfilm" kinostudiyası, SSRİ, Əjdər İbrahimov, Arif Məlikov, Nazim Hikmət, Moskva, Türkiyə
Azərbaycan bayrağı

Azərbaycan dövlət müstəqilliyinin 29-cu ilini bayram edir

182
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

BAKI, 18 oktyabr - Sputnik. Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

182
Əbdülməcid Axundov

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

23
(Yenilənib 18:47 15.10.2020)
Ceyran Axundova: "Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Bu gün torpaqlarımızda qanlı döyüşlər gedir. Hər gün kiçik qələbələr qazana-qazana Böyük Qələbəyə yaxınlaşırıq. Qələbə isə heç bir zaman asanlıqla əldə olunmur. 2016-cı ilin aprel ayında olduğu kimi.

Aprel döyüşlərində düşmənin hücumunun qarşısını alan hərbçilərimiz bir addım belə, geri çəkilmədilər. Əksinə, düşmənə ciddi zərbə endirib, işğal altında olan ərazilərimizin bir hissəsini azad etdilər. Ən əsası isə odur ki, bütün dünya, ilk növbədə işğalçı Ermənistan Azərbaycan əsgərinin gücünü, döyüş ruhunu gördü və dərs çıxardı. Amma nə yazıq ki, bu döyüşlərdə onlarla oğlumuz şəhid oldu, yaralandı. Onlardan biri də şəhid Əbdülməcid Axundov idi. Bu gün şəhid Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı, 27 yaşı olacaqdı…

Şəhidimizin doğum günündə onun barəsində saytımızda 3 il əvvəl çap olunmuş məqaləni yenidən dərc etmək qərarına gəldik. Beləliklə: "Şəhidin anası Ceyran Axundova ilə görüşüb, Əbdülməcidin 23 illik həyat hekayəsini yazmaq istədim. Ceyran xanım məni iş yerinə dəvət etdi. Ağrılı-acılı olsa da, Əbdülməcidi yad etdik.

"Hərbçilərin şəxsi həyatı olmur"

Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda dünyaya gəlib. Ailədə iki qardaşın kiçiyi olan Əbdülməcid, hələ uşaqlıqdan həmyaşıdlarından dürüstlüyü, cəsarəti ilə seçilərmiş. Dostları üçün canını qurban verməyə belə, hazır olan Əbdülməcidin bu xasiyyəti anasını da narahat edirmiş.

Ceyran xanım Axundova
© Sputnik / Irade JELIL
Ceyran xanım Axundova

Şəhidin anası Ceyran Axundova Əbdülməcid haqqında danışarkən göz yaşlarını saxlaya bilmir, amma özünü ələ almağa çalışırdı. Deyir ki, bundan sonra Əbdülməcidi yaşatmaq üçün yaşayacaq: "İki övladım var idi – Elçin və Əbdülməcid. Aralarında 1,5 il fərq vardı. Onların dünyaya gəlməsi 90-cı illərə təsadüf etmişdi. Özünüz də bilirsiniz ki, həmin illər necə çətin illər idi. Amma biz onlara elə baxırdıq ki, heç bir çətinlik görməsinlər".

"Həmin dövr bağçalarda işığın, istilik sisteminin olmadığı bir dövr idi. Özüm də işləyirdim. Məcbur olub, onları gecə-gündüz bağçasına qoymuşdum. Çox mehriban uşaq idilər. Əbdülməcid çox istiqanlı, yaraşıqlı və şirin uşaq olduğu üçün hamı onu sevirdi. Orta məktəbə də onu tez qoydum. O, 2000-ci ildə məktəbə başlamalı idi, biz isə 1999-cu ildə məktəbə qoyduq. Mən uşağın gələcəyini düşündüyüm üçün onu tez qoydum məktəbə. Düşünürdüm ki, birdən yaxşı oxumaz, birinci il ali məktəbə daxil ola bilməz. Belə edib, öz uşağımın taleyi ilə oynadım" — ana danışır.

Ceyran xanımın sözlərinə görə, Əbdülməcidin uşaqlıqdan arzusu hərbçi olmaq imiş, amma Ceyran xanım onun bu arzusunu həyata keçirməsinə icazə vermir, oğlunu bu sənətdən uzaqlaşdırmağa çalışır: "Hərbçi sənətini heç vaxt sevməmişəm. Hərbçilərin şəxsi həyatı olmur. Ömür boyu sərgərdan olurlar. Buna görə də, mən onu texniki fənlərə yönləndirdim".

Əbdülməcid (ortada) dostları ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid (ortada) dostları ilə

Hər zaman olduğu kimi bu dəfə də Əbdülməcid anasına qulaq asır və sənədlərini birinci qrupa verir. Ceyran xanımın sözlərinə görə, birinci qrupun fənləri ağır olsa da, Əbdülməcid universitetin fəal tələbələrindən olur: "O, məktəb illərində də müəllimlərinin sevimlisi olub. Dostlarına görə hər zaman özünü önə atardı. Əgər kimsə bir pəncərə şüşəsini sındırsaydı, Əbdülməcid özünü qabağa verib, "mən etdim" deyərdi".

"Bir gün gəlib mənə dedi ki, "10 manat ver, məktəbin şüşəsini sındırmışam". Düzü, bir qədər əsəbiləşdim, "sən məktəbə dərs oxumağa gedirsən, yoxsa şüşə sındırmağa" deyə soruşdum. Dedi uşaqlarla zarafatlaşırdım, qolum dəydi, sındı. Amma o, şəhid olandan sonra bildim ki, şüşəni o sındırmayıbmış, sadəcə yoldaşının səhvini boynuna götürübmüş. Belə uşaq idi. Dostları hər zaman mənə deyirdilər ki, "Ceyran xala, çalışın, onu əsgər getməyə qoymayın". Dostları onun xarakterini bilirdilər. Canını dostları üçün qurban verərdi" — deyir C. Axundova.

"Mən də şəhid olacağam…"

Əbdülməcid hər zaman işğal altında olan torpaqlarımız haqqında danışarmış. Ceyran xanım deyir ki, Əbdülməcid Mübariz İbrahimovun dəfn mərasiminə dəfələrlə baxır, ona qibtə edirmiş: "Deyirdi, "ay ana, bax bütün Azərbaycan onu dəfn edir. Mən də deyərdim ki, "nə olsun, o öldü, onunla ata-anası da öldü". Elə oğulu itirəndən sonra özün də ölü kimi olursan. Deyirdi ki, nə olsun, "onu dəfn etməyə prezident gəlib, necə gözəl ölümdür".

Əbdülməcid hərbi xidmətə gedənə qədər qəhrəmanlarımız, şəhidlərimiz haqqında videogörüntüləri böyük həvəslə izləyirmiş: "Bəzən mənə də deyirdi ki, "mən də şəhid olacağam". Buna görə də çox qorxurdum, acığıma da gəlirdi. İstəmirdim ki, o, hərbi xidmətə getsin. Dəfələrlə onu hərbi xidmətdən saxlamağı təklif etmişdim. Bu barədə çox düşünürdüm. Amma deyirdi ki, "mən əsgər gedəcəyəm, sənin pulun batacaq".

Əbdülməcid qardaşı Elçin ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid qardaşı Elçin ilə

"Qardaşım hər zaman deyirdi ki, "alın yazısı nədirsə, o da olacaq". Mən çalışırdım ki, pis olan hər şeyin qarşısını alım. 2015-ci ilin iyulun 20-də Əbdülməcid hərbi xidmətə yola düşdü. İyulun 19-u iş yoldaşlarımla birlikdə yığılıb, Qubaya getdik. Gecəni də orda qaldıq. Hava çox soyuq idi. Orda adyala bürünüb bir şəkil çəkdirdik. Elə həmin şəkli də telefonuma qoydu, dedi, "ana mən gələnə qədər bu şəkli telefonundan çıxarma" — ana danışır.

Qadın bu sözləri deyib telefonunu göstərir. Bir neçə dəqiqəlik sükutdan sonra yenidən söhbətə davam edir: "Əbdülməcid Gəncəyə düşmüşdü. Andiçməsinə də getmişdim. Sonra sentyabrın 10-da bir də yanına getdim. Bilirdim ki, bölünəcəklər. Bölünmə olanda Əbdülməcid Tərtərə, Marquşavana düşdü. Tərtər adını eşidəndə bədənimdən üşütmə keçdi, gözümdən yaş axdı. Bir Tərtərə, bir də Goranboya, Tapqaraqoyunluya düşməsini arzulamırdım".

O, hərbi xidmətdə olan zaman anasının yanına gəlməyə qoymurmuş: "Məni qoymurdu yanına gedim. Deyirdi, "lazım olsa, Elçin gəlsin". Sonra bir yaxın tapdıq, nə olurdusa, onunla Əbdülməcidə göndərərdik. Yerindən də şikayətlənmirdi. Tez-tez zəng etməzdi. Narahat olurdum, amma deyirdi ki, zəng edim nə danışım?".

Yanvarın 22-si Əbdülməcid məzuniyyətə gəlir. Ceyran xanım oğlunu görəndə gözlərinə inanmır. Əbdülməcid bu aylar ərzində həqiqətən dəyişib, sözün əsl mənasında böyüyübmüş. Boyu 1,90 sm olan gənci əsgərlik həyatı tamamilə dəyişibmiş. Evdəki geyimləri də ona olmurmuş: "O, mənim gözümdə həmişə uşaq idi. Düşüncələri uşaq kimi idi. Amma əsgərlikdən gələndə gördüm ki, Əbdülməcid əsl kişi olub".

Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

Ceyran xanım deyir ki, o, hər zaman Əbdülməciddən narahat olurmuş: "Mən böyük oğlum üçün əsməmişəm. Bunun üçün əsirdim. Dənizə gedəndə qorxurdum, batar, dostları ilə avtomobillə harasa gedəndə düşünürdüm qəza olar, başına nəsə gələr. Sonuncu dəfə gələndə də taksi ilə gəldiyi üçün narahat olmuşdum. Dedim, gələn dəfə avtobusla gəl, taksilər yaxşı sürmür. Cavab verdi ki, gələn dəfə xəbərsiz gələcəm. Qayıtdım ki, elə etmə xəbər et ki, hazırlıqlı olum. Dedi yox qəfil gələcəyəm".

Ana sonuncu dəfə oğlunun yanına mart ayının 13-də gedir. Oğluna bayram payı aparan ana ona dönə-dönə tapşırır ki, xidməti bitirməsinə 3 ay qalıb, özünü yaxşı aparsın, mübahisələrə qoşulmasın ki, hərbi xidməti başa çatan kimi ilk buraxılanlardan olsun: "Sonuncu dəfə yorğun görünürdü. Dedi ki, yatmayıb gecəni. Əmr verilib ki, ayıq-sayıq olsunlar. Yarpaq dolmasını çox sevirdi. Bişirib aparmışdım, amma bu dəfə yemək istəmirdi. Güclə yedirtdim".

"Əbdülməcid manqa komandiri idi. Həmin gün mən ona telefonunu da verdim. Amma heç istifadə edə bilmədi ki… Sonra öyrəndim ki, bayram günlərində telefonunu əlindən alıblar. Nə isə problem olmuşdu. Məcid tapşırmışdı ki, ona zəng etməyim. Amma ürəyim dözmürdü. Rəisimizin yaxını orda xidmətdə idi. Ondan xahiş etdim, dedim ki, Məciddən nigaranam. Danışıb dedi ki, zəng elə. Etdim. Məcid telefona gəlib elə qışqırdı ki… Dedi, "sənə deməmişəm bura zəng eləmə?" O, mənə demişdi ki, ora zəng etməyim. Qışqırıb telefonu üzümə bağladı. Və mən bunu bu günə qədər özümə bağışlaya bilmirəm" — gözüyaşlı ana deyir.

Aprelin 1-də qardaşı Elçinin ad günündə onu təbrik üçün zəng edən Əbdülməcid anası ilə də danışır. Deyir ki, vəziyyəti yaxşıdır, narahat olmasınlar. Ayın 2-si isə eşitdiyi xəbərdən Ceyran xanım üçün həyat dayanır. Yaxınları, qardaşı, atası Əbdülməcidi axtarmağa başlayır.

Əbdülməcid Axundov
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid Axundov

Ceyran xanım deyir ki, əslində hamı Əbdülməcidin həlak olduğunu bilirmiş. Amma heç kimin ürəyi gəlmirmiş ki, bu xəbəri ona desin: "Elçin Məcidin arxasınca gedəndə Məcidin əşyalarını – qol saatını, 41 manat pulunu və telefon nömrəsini ona vermişdilər. Elçin bunu da məndən gizlədibmiş. Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz". Elə də olur. Məcid qayıtmır".

"Ayın 8-i Qırmızı Xaç Komitəsi məsələyə qarışdı. Bütün gün televizor qarşısında oturub xəbərləri izləyirdim. Əvvəlcə belə xəbər dedilər: "Ərazidə sağ qalan yaralıların və meyitlərin çıxarılması üçün işlər gedir". Bu xəbər mənə ümid vermişdi, düşünürdüm ki, yaralılar arasındadır Məcid. Çünki mənə demişdilər ki, sağdır. Axşam isə "meyitlərin çıxarılması davam etdirilir" xəbəri verildi. Onda ümidim qırıldı. Anladım ki, deyəsən… O qədər nəzir ayırmışdım ki, Məcid sağ qayıtsın. Deyirdim qolu-qıçı olmasın, amma sağ gəlsin…" — qadın bildirir.

Ceyran xanım göz yaşlarını saxlaya bilmir. Amma özünü toparlayıb, söhbətinə davam edir. Deyir ki, Əbdülməcidin cənazəsini ayın 9-u səhər saatlarında gətiriblər: "Elçin qapıdan içəri girəndə rəngini gördüm, saralmışdı. Anladım ki, Əbdülməcid daha yoxdur. Qəfil gətirdilər cənazəsini. Heç xəbərim yox idi. Bir də gördüm qapı açıldı və cənazə içəri gətirildi. Dediyi kimi oldu, qəfil gəldi. Tabutu açdım, kimsə mane olmadı. Kəfəni açmaq istəyəndə əlimdən tutdular, dedilər açma Ceyran, sonuncu dəfə necə görmüsən, elə xatırla. Kəfənin ipini də açmışdım. Amma üzünü görə bilmədim. Kaş açaydım, kaş görəydim sonuncu dəfə, kaş sonuncu dəfə öpüb oxşaya biləydim balamı…"

Allah bütün şəhidlərimizə rəhmət, Ordumuza isə Qələbə qismət eləsin, şəhidlərin qanı yerdə qalmasın!!!

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ailə üzvü şəhid olmuş borcluların kreditlərinin bağlanmasına çağırış edilib
Daha bir hərbçimiz şəhid olub, Ermənistanın 20 hərbçisi məhv edilib
Azərin: "Qarabağsız yetişən gənclər bu gün şəhid olurlar"
Bir yerdə oxudular, birlikdə əsgərlik çəkdilər, bərabər şəhid oldular
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC