Мехти Гусейн-заде, советский лейтенант, югославский партизан и разведчик

Qardaşlıq dininə inanan azərbaycanlı əfsanə

223
Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) 98 il əvvəl Bakının Novxanı kəndində doğulub.

BAKI, 22 dek — Sputnik. Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub, 1936-cı ildə oranı bitirib. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirib.

Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağrılıb, 1942-ci ildə Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib.

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən "Il Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirib.

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını partladıb. Şimali İtaliyanın Udinese şəhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarıb. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.

1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunub: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaradıblar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilmiş "Uzaq sahillərdə" bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.

Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaradıb.

2013-cü ildə Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Təxəllüsü Mixaylo” və “9-cu korpus” sənədli filmləri nümayiş olunub.

223