ABŞ

Super derjavanın doğuluşu

54
240 il əvvəl bu gün Amerika Birləşmiş Ştatları istiqlaliyyətini elan edib

BAKI, 4 iyul — Sputnik. Amerika Birləşmiş Ştatları (ABŞ — USA (United States of America)) Şimali Amerikada yerləşən, sərhədlərini şimalda Kanada, cənubda Meksika ilə bölüşən federativ respublikadır.

Şimali Amerikada İngiltərənin hökmranlığına son qoymuş istiqlaliyyət müharibəsi (1775-1783) gedişində, 4 iyul 1776-cı ildə ABŞ-da İstiqlaliyyət Bəyannaməsi qəbul edilib. Yorktaun yaxınlığında vuruşmadan (1781) sonra ingilis İcmalar Palatası müharibənin davam etməsi əleyhinə səs verdi və hökuməti sülh bağlamağa vəkil etdi.

1781-ci ildə Xarici İşlər, Maliyyə və Hərb Departamentləri yarandı. Həmin ildə Maliyyə Departamenti başçısı Robert Morris pul buraxılışı üçün Şimali Amerika Bankıya Konqres lisenziyasını verdi. 1787-ci ildə qəbul edilmiş yeni konstitusiya ABŞ-ı federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ilk prezidenti Corc Vaşinqton seçildi.

Hazırda ABŞ dünya iqtisadiyyatında olduqca mühüm rol oynayır. Xarici kapital qoyuluşuna görə ABŞ bütün dünya ölkələrini ötüb keçib. Onun dünya səhnəsinə fəal daxil olması 20-ci əsrin əvvəllərinə aid edilir. Ölkənin iqtisadiyyatının sürətlə inkişaf etməsinə aşağıdakı amillər təsir edib.

ABŞ əhalisi əsasən buraya yüz illər boyunca davam edən və hal-hazırda da baş verən immiqrasiya nəticəsində formalaşıb. ABŞ əhalisinin çoxusu Avropadan köçüb gələnlərin törəmələridir. Avropada Napoleon müharibələri başa çatdıqdan sonra Birləşmiş Ştatlara bir milyondan artıq immiqrant gəlmişdi. XIX əsr ərzində Avropadan ABŞ-a ümumilikdə 34 milyon immiqrant köçüb gəlmişdi.

Hazırda ABŞ-dın330 milyona yaxın əhalisi var. Amerikalıların ən çox yaşadığı ştatlar Kaliforniya (37,69 milyon nəfər), Texas (25,15 milyon nəfər), Nyu-York (19,38 milyon nəfər), Florida (18,8 milyon nəfər) və İllinoys (12,83 milyon nəfər) ştatlarıdır. Ən az əhali isə Vayominq ştatında (563, 63 min nəfər) yaşayır.

Son 10 ildə əhalisi ən çox sürətlə artan ştat Nevada ştatı olub. Bu ştatda əhali 35 faiz artıb. ABŞ-da son 10 ildə əhalisi azalan yeganə ştat isə Miçiqan ştatıdır. Bu ştatda əhali 0,6 faiz azalıb. ABŞ-da əhalinin artımında ölkə əhalisinin təbii artımı 60 faiz, immiqrantların xüsusi çəkisi 40 faiz təşkil edir. Son 10 ildə ABŞ-da hər bir ailəli qadına orta hesabla 2 uşaq düşüb.

ABŞ-da əsas danışıq dili ingilis dilidir. Amerika qanunlarına görə hər hansı dilin federal səviyyədə rəsmi dil olması göstərilməyib, buna baxmayaraq bəzi qanunlar (məsələn, ABŞ vətəndaşlığını almaq üçün) ingilis dili bilməyi tələb edir. 2007-ci il statistikasına görə yaşı 5-dən yuxarı olan ABŞ əhalisinin 80%-i, yəni 226 milyon nəfər evdə yalnız ingilis dilində danışır. Amerika əhalisinin 12%-nin istifadə etdiyi ispan dili ölkədə ikinci ən geniş yayılmış və ən çox öyrənilən dildir. Bəzi amerikalılar ingilis dilinin rəsmi dil kimi elan olunmasını tələb edirlər. Ştatlar arasında yalnız Havay adalarında ingilis dili və havay dili rəsmi dil elan olunub[6]. ABŞ-ın asılı ərazisi olan Puerto-Rikoda rəsmi dil ispan dilidir.

ABŞ konstitusiyasının birinci əlavəsi dinin dövlətdən ayrı olduğunu ehtiva edir. Bu əlavə dövlətin təməlini qoyan insanlar tərəfindən dövlət dininin müəyyən olunmasına qadağa kimi başa düşülürdü. Amerika hökuməti ölkədə rəsmən dini statistikanı aparmır. Lakin The world factbook-un 2007-ci il məlumatına əsasən, ABŞ əhalisinin 51,3%- protestant, 23,9% —katolik, 12,1%-hər hansisa konfessiyaya məxsus, 1,7%-mormonlar, 1,6%-digər xristian konfessiyasına, 1,7%-yahudi, 0,7%-buddist, 0,6%-müsəlman, 2,5%-başqa və ya göstərilməyib, 4%-ateistdir.

54
Teqlər:
İstiqlal Bəyannaməsi, Vaşinqiton, Amerika, United States of America, USA, ABŞ, Amerika Birləşmiş Ştatları
Əlaqədar
ABŞ Türkiyə ilə bağlı radikal addım atacaq
ABŞ-da növbəti silahlı basqın
Rusiyaya qarşı sanksiyalar barədə ABŞ və Avropanın mövqeləri ayrıdır
Ağ Ev: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır
ABŞ-ın vitse-prezidenti İlham Əliyev və Serj Sarkisyana zəng edib
ABŞ-dan neftin qiyməti ilə bağlı ağılalmaz proqnoz
Azərbaycan bayrağı

Azərbaycan dövlət müstəqilliyinin 29-cu ilini bayram edir

185
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

BAKI, 18 oktyabr - Sputnik. Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

185
Əbdülməcid Axundov

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

24
(Yenilənib 18:47 15.10.2020)
Ceyran Axundova: "Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Bu gün torpaqlarımızda qanlı döyüşlər gedir. Hər gün kiçik qələbələr qazana-qazana Böyük Qələbəyə yaxınlaşırıq. Qələbə isə heç bir zaman asanlıqla əldə olunmur. 2016-cı ilin aprel ayında olduğu kimi.

Aprel döyüşlərində düşmənin hücumunun qarşısını alan hərbçilərimiz bir addım belə, geri çəkilmədilər. Əksinə, düşmənə ciddi zərbə endirib, işğal altında olan ərazilərimizin bir hissəsini azad etdilər. Ən əsası isə odur ki, bütün dünya, ilk növbədə işğalçı Ermənistan Azərbaycan əsgərinin gücünü, döyüş ruhunu gördü və dərs çıxardı. Amma nə yazıq ki, bu döyüşlərdə onlarla oğlumuz şəhid oldu, yaralandı. Onlardan biri də şəhid Əbdülməcid Axundov idi. Bu gün şəhid Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı, 27 yaşı olacaqdı…

Şəhidimizin doğum günündə onun barəsində saytımızda 3 il əvvəl çap olunmuş məqaləni yenidən dərc etmək qərarına gəldik. Beləliklə: "Şəhidin anası Ceyran Axundova ilə görüşüb, Əbdülməcidin 23 illik həyat hekayəsini yazmaq istədim. Ceyran xanım məni iş yerinə dəvət etdi. Ağrılı-acılı olsa da, Əbdülməcidi yad etdik.

"Hərbçilərin şəxsi həyatı olmur"

Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda dünyaya gəlib. Ailədə iki qardaşın kiçiyi olan Əbdülməcid, hələ uşaqlıqdan həmyaşıdlarından dürüstlüyü, cəsarəti ilə seçilərmiş. Dostları üçün canını qurban verməyə belə, hazır olan Əbdülməcidin bu xasiyyəti anasını da narahat edirmiş.

Ceyran xanım Axundova
© Sputnik / Irade JELIL
Ceyran xanım Axundova

Şəhidin anası Ceyran Axundova Əbdülməcid haqqında danışarkən göz yaşlarını saxlaya bilmir, amma özünü ələ almağa çalışırdı. Deyir ki, bundan sonra Əbdülməcidi yaşatmaq üçün yaşayacaq: "İki övladım var idi – Elçin və Əbdülməcid. Aralarında 1,5 il fərq vardı. Onların dünyaya gəlməsi 90-cı illərə təsadüf etmişdi. Özünüz də bilirsiniz ki, həmin illər necə çətin illər idi. Amma biz onlara elə baxırdıq ki, heç bir çətinlik görməsinlər".

"Həmin dövr bağçalarda işığın, istilik sisteminin olmadığı bir dövr idi. Özüm də işləyirdim. Məcbur olub, onları gecə-gündüz bağçasına qoymuşdum. Çox mehriban uşaq idilər. Əbdülməcid çox istiqanlı, yaraşıqlı və şirin uşaq olduğu üçün hamı onu sevirdi. Orta məktəbə də onu tez qoydum. O, 2000-ci ildə məktəbə başlamalı idi, biz isə 1999-cu ildə məktəbə qoyduq. Mən uşağın gələcəyini düşündüyüm üçün onu tez qoydum məktəbə. Düşünürdüm ki, birdən yaxşı oxumaz, birinci il ali məktəbə daxil ola bilməz. Belə edib, öz uşağımın taleyi ilə oynadım" — ana danışır.

Ceyran xanımın sözlərinə görə, Əbdülməcidin uşaqlıqdan arzusu hərbçi olmaq imiş, amma Ceyran xanım onun bu arzusunu həyata keçirməsinə icazə vermir, oğlunu bu sənətdən uzaqlaşdırmağa çalışır: "Hərbçi sənətini heç vaxt sevməmişəm. Hərbçilərin şəxsi həyatı olmur. Ömür boyu sərgərdan olurlar. Buna görə də, mən onu texniki fənlərə yönləndirdim".

Əbdülməcid (ortada) dostları ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid (ortada) dostları ilə

Hər zaman olduğu kimi bu dəfə də Əbdülməcid anasına qulaq asır və sənədlərini birinci qrupa verir. Ceyran xanımın sözlərinə görə, birinci qrupun fənləri ağır olsa da, Əbdülməcid universitetin fəal tələbələrindən olur: "O, məktəb illərində də müəllimlərinin sevimlisi olub. Dostlarına görə hər zaman özünü önə atardı. Əgər kimsə bir pəncərə şüşəsini sındırsaydı, Əbdülməcid özünü qabağa verib, "mən etdim" deyərdi".

"Bir gün gəlib mənə dedi ki, "10 manat ver, məktəbin şüşəsini sındırmışam". Düzü, bir qədər əsəbiləşdim, "sən məktəbə dərs oxumağa gedirsən, yoxsa şüşə sındırmağa" deyə soruşdum. Dedi uşaqlarla zarafatlaşırdım, qolum dəydi, sındı. Amma o, şəhid olandan sonra bildim ki, şüşəni o sındırmayıbmış, sadəcə yoldaşının səhvini boynuna götürübmüş. Belə uşaq idi. Dostları hər zaman mənə deyirdilər ki, "Ceyran xala, çalışın, onu əsgər getməyə qoymayın". Dostları onun xarakterini bilirdilər. Canını dostları üçün qurban verərdi" — deyir C. Axundova.

"Mən də şəhid olacağam…"

Əbdülməcid hər zaman işğal altında olan torpaqlarımız haqqında danışarmış. Ceyran xanım deyir ki, Əbdülməcid Mübariz İbrahimovun dəfn mərasiminə dəfələrlə baxır, ona qibtə edirmiş: "Deyirdi, "ay ana, bax bütün Azərbaycan onu dəfn edir. Mən də deyərdim ki, "nə olsun, o öldü, onunla ata-anası da öldü". Elə oğulu itirəndən sonra özün də ölü kimi olursan. Deyirdi ki, nə olsun, "onu dəfn etməyə prezident gəlib, necə gözəl ölümdür".

Əbdülməcid hərbi xidmətə gedənə qədər qəhrəmanlarımız, şəhidlərimiz haqqında videogörüntüləri böyük həvəslə izləyirmiş: "Bəzən mənə də deyirdi ki, "mən də şəhid olacağam". Buna görə də çox qorxurdum, acığıma da gəlirdi. İstəmirdim ki, o, hərbi xidmətə getsin. Dəfələrlə onu hərbi xidmətdən saxlamağı təklif etmişdim. Bu barədə çox düşünürdüm. Amma deyirdi ki, "mən əsgər gedəcəyəm, sənin pulun batacaq".

Əbdülməcid qardaşı Elçin ilə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid qardaşı Elçin ilə

"Qardaşım hər zaman deyirdi ki, "alın yazısı nədirsə, o da olacaq". Mən çalışırdım ki, pis olan hər şeyin qarşısını alım. 2015-ci ilin iyulun 20-də Əbdülməcid hərbi xidmətə yola düşdü. İyulun 19-u iş yoldaşlarımla birlikdə yığılıb, Qubaya getdik. Gecəni də orda qaldıq. Hava çox soyuq idi. Orda adyala bürünüb bir şəkil çəkdirdik. Elə həmin şəkli də telefonuma qoydu, dedi, "ana mən gələnə qədər bu şəkli telefonundan çıxarma" — ana danışır.

Qadın bu sözləri deyib telefonunu göstərir. Bir neçə dəqiqəlik sükutdan sonra yenidən söhbətə davam edir: "Əbdülməcid Gəncəyə düşmüşdü. Andiçməsinə də getmişdim. Sonra sentyabrın 10-da bir də yanına getdim. Bilirdim ki, bölünəcəklər. Bölünmə olanda Əbdülməcid Tərtərə, Marquşavana düşdü. Tərtər adını eşidəndə bədənimdən üşütmə keçdi, gözümdən yaş axdı. Bir Tərtərə, bir də Goranboya, Tapqaraqoyunluya düşməsini arzulamırdım".

O, hərbi xidmətdə olan zaman anasının yanına gəlməyə qoymurmuş: "Məni qoymurdu yanına gedim. Deyirdi, "lazım olsa, Elçin gəlsin". Sonra bir yaxın tapdıq, nə olurdusa, onunla Əbdülməcidə göndərərdik. Yerindən də şikayətlənmirdi. Tez-tez zəng etməzdi. Narahat olurdum, amma deyirdi ki, zəng edim nə danışım?".

Yanvarın 22-si Əbdülməcid məzuniyyətə gəlir. Ceyran xanım oğlunu görəndə gözlərinə inanmır. Əbdülməcid bu aylar ərzində həqiqətən dəyişib, sözün əsl mənasında böyüyübmüş. Boyu 1,90 sm olan gənci əsgərlik həyatı tamamilə dəyişibmiş. Evdəki geyimləri də ona olmurmuş: "O, mənim gözümdə həmişə uşaq idi. Düşüncələri uşaq kimi idi. Amma əsgərlikdən gələndə gördüm ki, Əbdülməcid əsl kişi olub".

Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Şəhid Əbdülməcid Axundova həsr edilmiş guşə

Son dəfə dedi ki, "qəfil gələcəyəm", qəfil gətirdilər…

Ceyran xanım deyir ki, o, hər zaman Əbdülməciddən narahat olurmuş: "Mən böyük oğlum üçün əsməmişəm. Bunun üçün əsirdim. Dənizə gedəndə qorxurdum, batar, dostları ilə avtomobillə harasa gedəndə düşünürdüm qəza olar, başına nəsə gələr. Sonuncu dəfə gələndə də taksi ilə gəldiyi üçün narahat olmuşdum. Dedim, gələn dəfə avtobusla gəl, taksilər yaxşı sürmür. Cavab verdi ki, gələn dəfə xəbərsiz gələcəm. Qayıtdım ki, elə etmə xəbər et ki, hazırlıqlı olum. Dedi yox qəfil gələcəyəm".

Ana sonuncu dəfə oğlunun yanına mart ayının 13-də gedir. Oğluna bayram payı aparan ana ona dönə-dönə tapşırır ki, xidməti bitirməsinə 3 ay qalıb, özünü yaxşı aparsın, mübahisələrə qoşulmasın ki, hərbi xidməti başa çatan kimi ilk buraxılanlardan olsun: "Sonuncu dəfə yorğun görünürdü. Dedi ki, yatmayıb gecəni. Əmr verilib ki, ayıq-sayıq olsunlar. Yarpaq dolmasını çox sevirdi. Bişirib aparmışdım, amma bu dəfə yemək istəmirdi. Güclə yedirtdim".

"Əbdülməcid manqa komandiri idi. Həmin gün mən ona telefonunu da verdim. Amma heç istifadə edə bilmədi ki… Sonra öyrəndim ki, bayram günlərində telefonunu əlindən alıblar. Nə isə problem olmuşdu. Məcid tapşırmışdı ki, ona zəng etməyim. Amma ürəyim dözmürdü. Rəisimizin yaxını orda xidmətdə idi. Ondan xahiş etdim, dedim ki, Məciddən nigaranam. Danışıb dedi ki, zəng elə. Etdim. Məcid telefona gəlib elə qışqırdı ki… Dedi, "sənə deməmişəm bura zəng eləmə?" O, mənə demişdi ki, ora zəng etməyim. Qışqırıb telefonu üzümə bağladı. Və mən bunu bu günə qədər özümə bağışlaya bilmirəm" — gözüyaşlı ana deyir.

Aprelin 1-də qardaşı Elçinin ad günündə onu təbrik üçün zəng edən Əbdülməcid anası ilə də danışır. Deyir ki, vəziyyəti yaxşıdır, narahat olmasınlar. Ayın 2-si isə eşitdiyi xəbərdən Ceyran xanım üçün həyat dayanır. Yaxınları, qardaşı, atası Əbdülməcidi axtarmağa başlayır.

Əbdülməcid Axundov
© Foto Ceyran xanım Axundova tərəfindən təqdim edilib
Əbdülməcid Axundov

Ceyran xanım deyir ki, əslində hamı Əbdülməcidin həlak olduğunu bilirmiş. Amma heç kimin ürəyi gəlmirmiş ki, bu xəbəri ona desin: "Elçin Məcidin arxasınca gedəndə Məcidin əşyalarını – qol saatını, 41 manat pulunu və telefon nömrəsini ona vermişdilər. Elçin bunu da məndən gizlədibmiş. Məcid döyüşə gedəndə əşyalarını verib deyibmiş ki, "mən gedirəm, ola bilsin ki, sağ qayıtmadım, qardaşım dalımca gələcək, əşyalarımı ona verərsiniz". Elə də olur. Məcid qayıtmır".

"Ayın 8-i Qırmızı Xaç Komitəsi məsələyə qarışdı. Bütün gün televizor qarşısında oturub xəbərləri izləyirdim. Əvvəlcə belə xəbər dedilər: "Ərazidə sağ qalan yaralıların və meyitlərin çıxarılması üçün işlər gedir". Bu xəbər mənə ümid vermişdi, düşünürdüm ki, yaralılar arasındadır Məcid. Çünki mənə demişdilər ki, sağdır. Axşam isə "meyitlərin çıxarılması davam etdirilir" xəbəri verildi. Onda ümidim qırıldı. Anladım ki, deyəsən… O qədər nəzir ayırmışdım ki, Məcid sağ qayıtsın. Deyirdim qolu-qıçı olmasın, amma sağ gəlsin…" — qadın bildirir.

Ceyran xanım göz yaşlarını saxlaya bilmir. Amma özünü toparlayıb, söhbətinə davam edir. Deyir ki, Əbdülməcidin cənazəsini ayın 9-u səhər saatlarında gətiriblər: "Elçin qapıdan içəri girəndə rəngini gördüm, saralmışdı. Anladım ki, Əbdülməcid daha yoxdur. Qəfil gətirdilər cənazəsini. Heç xəbərim yox idi. Bir də gördüm qapı açıldı və cənazə içəri gətirildi. Dediyi kimi oldu, qəfil gəldi. Tabutu açdım, kimsə mane olmadı. Kəfəni açmaq istəyəndə əlimdən tutdular, dedilər açma Ceyran, sonuncu dəfə necə görmüsən, elə xatırla. Kəfənin ipini də açmışdım. Amma üzünü görə bilmədim. Kaş açaydım, kaş görəydim sonuncu dəfə, kaş sonuncu dəfə öpüb oxşaya biləydim balamı…"

Allah bütün şəhidlərimizə rəhmət, Ordumuza isə Qələbə qismət eləsin, şəhidlərin qanı yerdə qalmasın!!!

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ailə üzvü şəhid olmuş borcluların kreditlərinin bağlanmasına çağırış edilib
Daha bir hərbçimiz şəhid olub, Ermənistanın 20 hərbçisi məhv edilib
Azərin: "Qarabağsız yetişən gənclər bu gün şəhid olurlar"
Bir yerdə oxudular, birlikdə əsgərlik çəkdilər, bərabər şəhid oldular
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

0
(Yenilənib 19:15 25.10.2020)
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.
Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.
0